“Soyqırım” məsələsi artıq hamını bezdirib - Səməd Seyidov

“Soyqırım” məsələsi artıq hamını bezdirib - Səməd Seyidov
  26 Aprel 2015    Oxunub:2686
"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası Azərbaycan nümayəndə heyəti üçün uğurlu oldu".
AzVision.az xəbər verir ki, bu fikri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yaz sessiyasının yekunları ilə bağlı Azərtac-a müsahibəsində söyləyib.

Səməd Seyidov deyib ki, AŞ PA-nın aprel sessiyasına Azərbaycan nümayəndə heyəti ciddi hazırlıqla gəlmişdi: "Bunun bir neçə səbəbi var idi. Birincisi və ən əsası ermənilərin bu sessiyada qondarma “soyqırımı”nın “100 illiyi” ilə bağlı atacaqları addımları nəzərə alaraq nümayəndə heyətimiz ermənilər tərəfindən uydurulmuş və onların dünya ictimaiyyətinə sırımaq istədiyi bu yalanın ifşa olunması istiqamətində düşünülmüş və planlaşdırılmış siyasəti ortaya qoymaq fikrində idi.

Sessiyanın elə ilk günündən nümayəndə heyətimizin üzvləri Azərbaycan həqiqətləri, Qarabağ münaqişəsi, işğal altındakı ərazilərimizdə yaranmış vəziyyət, qaçqın və məcburi köçkün problemi ilə bağlı məsələləri AŞ PA-nın deputatlarına açıq şəkildə çatdırmağa çox ciddi şəkildə səy göstərdilər. Sessiyanın əvvəlindən başlayaraq nümayəndə heyətimiz konkret faktları avropalı deputatların diqqətinə çatdırdılar. Məsələn, könüllü olaraq Azərbaycan tərəfinə keçmiş erməni əsgərinin “Biz müharibə etmək istəmirik. Bizi zorla Azərbaycan ərazilərinə göndərirlər ki, burada məhv olaq” kimi fikirləri açıq şəkildə AŞ PA üzvlərinə çatdırıldı".

Bundan başqa, S.Seyidovun sözlərinə görə, qondarma Dağlıq Qarabağ rejiminin girov saxladığı iki azərbaycanlının acınacaqlı vəziyyətdə olması barədə dolğun məlumatlar verilib: "Bildirildi ki, AŞ PA mütləq Qarabağ münaqişəsini, ümumiyyətlə Avropa Şurasının üzvü olan ölkələrdə mövcud münaqişələrin hamısını ciddi müzakirə etməli və daim gündəmə gətirməlidir. Çünki bu gün Avropa Şurasının daxilində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Gürcüstanda, Moldovada və Ukraynada da münaqişələr baş alıb gedir və Avropa qitəsi üçün böyük təhlükə yaradır. Bunların arasında daha çox diqqəti cəlb edən isə Qarabağ münaqişəsidir.

Sessiyanın ikinci günü monitorinq komitəsinin yığıncağında məhz Azərbaycan tərəfinin təklifi, səyləri və gördüyü işlər əsasında Avropa Şurasına üzv ölkələr daxilində münaqişələrin araşdırılması adlı alt komitə yaradıldı. Təbii ki, ermənilər bu məsələyə mənfi münasibət bəsləyirdilər. Onlar alt komitənin yaradılmasına mane olmağa çalışırdılar. Onlar guya bu komitənin ATƏT-in Minsk qrupunun fəaliyyətinə maneə yaradacağı kimi bəhanələr gətirirdilər. Amma komitə üzvləri alt komitənin yaradılmasına yekdilliklə səs verdilər. Yalnız komitənin iki erməni və bir ermənipərəst üzvü belə komitənin yaradılmasının əleyhinə çıxdı.

Bu, bir daha göstərir ki, həqiqətləri gizlətmək mümkün deyil. Ermənilərin qondarma “soyqırımı” ilə bağlı tədbirlər hazırladıqları bir vaxtda alt komitənin bərpa olunması və avropalı deputatların buna səs verməsi bir daha onu göstərir ki, erməni təbliğatı burada acizdir. Artıq elə vaxt çatıb ki, ermənilərin yalanlar və böhtanlar üzərində qurduqları planlar daha reallaşmır. Azərbaycan həqiqətləri, xüsusilə xalqımızın ən ağrılı problemi olan Qarabağ münaqişəsinin həlli ilə bağlı doğru məlumatların yayılması üçün artıq münbit şərait yaradılır".

S.Seyidovun sözlərinə görə, bu sessiyada çox vacib və yaddaqalan məsələlərdən biri də ondan ibarət oldu ki, Ermənistan nümayəndə heyəti üzvlərinin AŞ PA-da hansısa vəzifəyə gəlmələri istiqamətində göstərdikləri cəhdlər puça çıxdı: "Amma Azərbaycan nümayəndə heyətinin iki üzvünün yüksək vəzifələrə seçilməsinin şahidi olduq. Sahibə Qafarovanın qadınlara qarşı zorakılıqla mübarizə üzrə qurumun baş məruzəçisi, eyni zamanda, “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici vəzifəsinə, Sevinc Fətəliyevanın isə uşaq məsələləri üzrə baş məruzəçi vəzifəsinə seçilmələri çox mühüm hadisədir. Bundan başqa, S.Fətəliyevaya uşaqlarla bağlı məsələdə Avropa Şurası ilə BMT arasında bütün əlaqələrə dair işin etibar edilməsi olduqca təqdirəlayiqdir. Bu, o deməkdir ki, Avropa Şurasının humanitar məsələlər üzrə fəaliyyətini nümayəndə heyətimizin üzvləri əlaqələndirəcəklər və ölkəmizlə bağlı həqiqətləri bütün dünyaya çatdıracaqlar. Bu, özlüyündə Azərbaycanda qadınlara olan münasibətin, onların cəmiyyətdəki rolu ilə bağlı dövlət siyasətinin bariz nümunəsidir. Azərbaycanda qadınlara və uşaqlara münasibətin müsbət qarşılanmasının və dəstəklənməsinin nəticəsidir ki, hər iki qadın nümayəndəmiz səs çoxluğu ilə həmin vəzifələrə seçildilər.

Sessiyada Ermənistanın qondarma “soyqırımı” ilə bağlı hansısa addımlar atacağını, ölkəmizə qarşı təxribata əl atacağını gözləyirdik. Ancaq onların “soyqırımı” məsələsi artıq hamını bezdirib. Avropa Şurasının bəzi rəsmiləri və bəzi avropalı deputatlar bu “soyqırımı”nı üzdə qəbul etsələr də, əslində məsələnin müzakirəsində erməniləri dəstəkləmirdilər. Bu, onu göstərir ki, dünya artıq kimin kim olduğunu, kimin haqlı olduğunu başa düşür. Burada da Azərbaycanın, dövlətimizin başçısının apardığı siyasətin böyük rolu var.

Bu nöqteyi-nəzərdən aprel sessiyası Azərbaycan nümayəndə heyəti üçün çox uğurlu sessiya kimi dəyərləndirilməlidir. Azərbaycan nümayəndə heyətinin AŞ PA-da bu istiqamətdə fəaliyyəti bundan sonra da davam etdiriləcək".

AzVision.az


Teqlər:  





Xəbər lenti