“Sevil Massivi”dən pullarını istəyənlər həbs edildi - 5 sutka

“Sevil Massivi”dən pullarını istəyənlər həbs edildi - 5 sutka
  27 Yanvar 2015    Oxunub:2734
Rəhbərliyinə cinayət işi açılan "Sevil Massivi" Mənzil Tikinti Kooperativinin ləğv olunmasından sonra pullarını tələb edən 6 payçı həbs edilib.
Bu barədə AzVision.az-a həbs olunan şəxslərin yaxınları məlumat veriblər.
Bildirilib ki, payçılar ötən gün Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalandakı Nümayəndəliyində olublar:

“Fəxrəddin adlı icra nümayəndəsi 5-6 polislə payçıların yanına gəlib. O, vətəndaşları nümayəndəliyin otaqlarını kirlətməklə suçlayıb. Sonra o polislərə deyib ki, kabinetdəkilər onu döyüblər. İcra nümayəndəsi polislərə qolunun sındırıldığını, başının yarıldığını deyib. O, polislərdən tələb edib ki, vətəndaşları həbs etsinlər. Polislər isə payçıları izahat almaq üçün polis idarəsinə aparıblar. İzahat alındıqdan sonra vətəndaşları məhkəməyə göndəriblər. 6 nəfər olan payçıların hər birinə məhkəmə 6 sutka iş kəsib. İndi onlar Abşeron Rayon Polis Şöbəsinin təcridxanasında saxlanılırlar. Həmin şəxslər “Sevil Massivi”ində torpaq alan şəxslərdir. Onlar “Sevil Massivi” ləğv olunduqdan sonra batan pullarını tələb edən şəxslərdir. Aylardır ki, həmin şəxslərin pulları qaytarılmır”.

Qeyd edək ki, bir müddət öncə, "Sevil Massivi" MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluqdan bildirilib ki, "Sevil Massivi" MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Aparılmış istintaq zamanı kooperativin təsisçisi Aynur Zeynalovun həmin kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edilənlərlə yanaşı, Abşeron rayonu Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyevin bələdiyyə ərazisində yerləşən torpaq sahələrini A.Zeynalov və E.İsmayılovun bilavasitə şərait yaratmaları ilə müxtəlif şəxslərə sataraq ümumilikdə sonunculardan 170 min manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən ona Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İstintaqla həmçinin müəyyən edilib ki, "Sevil Massivi" MTK-nın məsul şəxsləri Abşeron rayonu Hökməli bələdiyyəsinin sədri M.Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan "At yalı" və "Sonalı sahəsi" adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib.

Bundan başqa, "Sevil Massivi" MTK tərəfindən qeyd olunan ərazinin təyinatına uyğun olmadan orada 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub, həmçinin müvafiq dövlət qurumları ilə razılaşdırılmadan, o cümlədən qanunsuz olaraq aparılan tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi xəbərdarlıqlarına məhəl qoymayaraq, binaların 14-nün özülü qazılmaqla, onlardan 4-də ilkin tikinti işləri həyata keçirilib. Bununla belə, təyinatına görə örüş torpaqları olan həmin sahələrdə qanunsuz tikiləcək çoxmənzilli yaşayış binalarından vətəndaşlara mənzillər satılıb.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti