“Sevil Massivi” başqa şirkətə transfer edilməlidir - Vüqar Bayramov

“Sevil Massivi” başqa şirkətə transfer edilməlidir - Vüqar Bayramov
  25 İyul 2014    Oxunub:1661
“Sevil Massivi vətəndaşlarla bağladığı müqavilə əsasında fəaliyyətini davam etdirib, onlara xidmət göstərməlidir.“Sevil Massivi”nin öhdəlikləri həmin massivi alacaq və ya gələcəkdə sahib olacaq şirkətə və ya şəxsə transfer edilməlidir.”

Bunu AzVision.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov “Sevil Massivi” nin sonrakı taleyinin necə olacağına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, adıçəkilən ərazinin fəaliyyətinin davam etdirilməsinə, vətəndaşlarla bağlanılmış müqavilələr çərçivəsində mənzillərin və ya torpaqların verilməsinə ehtiyac var: “ Sevil Massivi”nin məhz uzun reklamlardan, eyni zamanda müəyyən alqı-satqı həyata keçirildikdən sonra rəhbərliyinin həbs olunması arzuolunan deyil. Bu, yalnız “Sevil Massivi”nə deyil, eyni zamanda ölkədə keçiriləcək digər bu tipli layihələrə marağın və inamın azalmasına gətirib çıxaracaq. Təbii ki, heç bir halda vətəndaşların hüququnun pozulmasına imkan vermək olmaz. Hətta “Sevil Massivi”nin rəhbərliyi vergidən yayınıbsa, eyni zamanda, qanunla nəzərdə tutulmayan fəaliyyətlər həyata keçiribsə, bu, onun indiyədək bağladığı müqavilələrə təsir göstərməməlidir. “Sevil Massivi”nin vətəndaşlara vəd verdiyi istiqamətdə işinin davam etdirilməsinə ehtiyac var. Bütün hallarda məsuliyyətin vətəndaşlar qarşısında öhdəliyin yerinə yetirilməsinə ehtiyac var. Yerinə yetirilmədiyi halda, vətəndaşların hüquqlarının pozulması və vətəndaşların gələcəkdə bu cür layihələrə marağının kəskin azalmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, “Sevil Massivi” nin təsisçisi Aynur Zeynalovun həmin kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Nihadə Eyyubova
AzVision.az



Teqlər:  





Xəbər lenti