“SOCAR-a 1,9 milyard ayrılmayıb” - Açıqlama

“SOCAR-a 1,9 milyard ayrılmayıb” - Açıqlama
  25 Noyabr 2014    Oxunub:1556
Bəzi kütləvi informasiya vasitələrinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı şəhərində inşa etdirdiyi yeni inzibati binasının tikintisi layihəsinin 1,9 mlrd. ABŞ dolları (1,5 mlrd. manat) dəyərində olması ilə bağlı yaydığı xəbərlər həqiqətə uyğun deyil.
AzVision.az xəbər verir ki, bunu "Report"a açıqlamasında SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

Onun sözlərinə görə, layihənin icrası ilə bağlı aparıcı xarici şirkətlərlə imzalanmış müqavilələr hər kəs üçün açıqdır: "Tikinti ilə bağlı SOCAR rəhbərliyi dəfələrlə açıqlama verib. Səsləndirilən rəqəmlər reallıqla müqayisədə 6-7 dəfə şişirdilib. İnşaat işində tanınmış şirkətlər iştirak edir və bütün nüansları onlar vasitəsilə də dəqiqləşdirə bilərlər".

N.Quliyev əlavə edib ki, bu cür xəbərlərin yayılması ilk dəfə deyil: "Bu, müəyyən qüvvələrin ölkədə baş verən bütün müsbət proseslərə, aparılan quruculuq işlərinə və inkişafa qarayaxma vərdişlərindən irəli gəlir".

Qeyd edək ki, 2010-cu ilin oktyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə Bakının Heydər Əliyev prospektində SOCAR-ın yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib. Şirkətin müasir ofis binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildə başlanılıb. Nəticədə Cənubi Koreyanın “Heerim Architects & Planners Co. Ltd.” şirkəti tərəfindən təqdim olunan “külək-alov” konsepsiyası daha cəlbedici hesab edilib. Layihələndirmə işlərinin həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılıb və 2007-ci ilin sentyabrında SOCAR və “Heerim Architects & Planners Co. Ltd.” şirkəti arasında müvafiq müqavilə imzalanıb.

Tikinti üzrə xidmətlərin göstərilməsi üçün 2010-cu ilin martında elan edilən açıq müsabiqədə isə 8 nüfuzlu tikinti şirkəti arasından "TEKFEN İnşaat və Təchizat" (Türkiyə) seçilib və həmin şirkətlə SOCAR arasında müqavilə imzalanıb. Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini “Heerim Architects & Planners” şirkəti həyata keçirir. Layihə ilkin olaraq 235,4 mln. dollar məbləğində dəyərləndirilir.

Xatırladaq ki, 200 metr hündürlüyündə olacaq ofis binasının 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcək. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək. Binanın yeraltı mərtəbəsində 1 045, yerüstü mərtəbəsində isə 240 avtomobili qəbul edə biləcək dayanacaqlar olacaq. Binanın ikinci mərtəbəsi fitnes mərkəzi, 3-6-cı və 18-37-ci mərtəbələri şirkətin struktur bölmələrinin ofisləri üçün nəzərdə tutulub. Binanın fasadının ümumi sahəsi 27 min kv. metr, zirzəminin sahəsi təxminən 52 min kv. metr, ofis hissəsinin sahəsi isə 40,5 min kv. metrdir. Layihənin sahəsi 100 min kvadrat metrdən artıqdır. Bina Rixter şkalasına görə 9 ballıq zəlzələyə davamlı olacaq.


Teqlər:





Xəbər lenti