“Minsk qrupu Kəlbəcərli girovların işinə baxmalıdır” – TƏKLİF

“Minsk qrupu Kəlbəcərli girovların işinə baxmalıdır” – TƏKLİF
  22 Avqust 2014    Oxunub:1901
“Beynalxalq təşkilatlara bizim etdiyimiz müraciətlər, təzyiqlər, dövlətin apardığı iş sonda onların tabe olmasına gətirib çıxaracaq və girovlarımız qaytaracaqlar”

Bu gün baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ermənistanda olan Kəlbəcərli girovların dəyişdirilməsi məsələsindən danışıb. O, bildirib ki, Azərbaycan Ermənistana bununla bağlı təklif etsə də, qarşı tərəf bunu qəbul etməyib:

"Bizdə beş nəfərdən ibarət bir erməni ailəsi var, bu yaxınlarda dünyasını dəyişən erməni diversantının meyiti var. Biz təklif etmişik ki, o erməni ailəsi və o meyiti ordakı meyit və girovlarla dəyişmək istəyirik. Dünən Qızıl Xaç Komitəsi bizə izah edirdi ki, ermənilər ancaq meyiti dəyişə bilərlər, girovu dəyişmək istəmirlər. Biz də dedik ki, bu kompleks şəkildə olmalıdır, başqa təklif qəbul etməyəcəyik".

AzVision.az məsələ ilə bağlı millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadədən münasibət öyrənib.

Deputat bildirib ki, ermənilər həmişə olduğu kimi yenə də müharibənin qayda qanunlarını pozmaqda davam edirlər: “Əvvəla mülki vətəndaşların girov götürülməsi yol verilməzdir. Belə hal olduqda dərhal öz ölkəsinə qaytarılmalıdır. Buun üçün Qızıl Xaç Komitəsi vasitəçilik etməlidir, hətta ATƏT-in Minsk qrupunun həmməruzəçiləri də bu məsələyə qarışmalıdırlar”.

Çingiz Qənizadənin sözlərinə görə, bu məsələ ictimai rezonans doğurmalıdır:

“Təbii, ermənilərdən biz bunu gözləməliyik. Əli Həsənovun qaldırdığı məsələ böyük ictimai rezonans doğurmalıdır. Beynalxalq təşkilatlara müraciət etməliyik, təkcə dövlət yox, həm də Qeyri Hökumət Təşkilatları da bu işdə aktiv olmalıdır. Biz də onlardan tələblər etməliyik ki, qaydalara əməl etsinlər. Bununla bağlı dövlət qurumlarına ictimai təzyiq olmalıdır. Bu baxımdan mən hesab edirəm ki, mətbuatda bunun müzakirəsi olduqca vacibdir. Yəqin ki, beynalxalq təşkilatlara bizim etdiyimiz müraciətlər, təzyiqlər, dövlətin apardığı iş sonda onların tabe olmasına gətirib çıxaracaq və girovlarımız qaytaracaqlar”,-deyə millət vəkili əlavə edib.

Şəhanə Rəhimova
AzVision.az



Teqlər:





Xəbər lenti