“Kursantlar dövlətimizin adına layiq olmalıdır” - General

“Kursantlar dövlətimizin adına layiq olmalıdır” - General
  30 İyun 2015    Oxunub:5466
İyunun 30-da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2015-ci il buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, mərasimdə Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələri - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin məzunları, Müdafiə Nazirliyinin rəhbərliyi, ictimaiyyətin nümayəndələri, məzunların yaxınları iştirak ediblər.

Mərasimdə çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov əlamətdar gün münasibətilə kursantları və onların valideynlərini Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.

N.Osmanov bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin təhsil sistemi gündən-günə təkmilləşir, inkişaf edir: "Azərbaycan Ali Hərbi məktəblərində təhsil sisteminin təkmilləşdirilməsi üçün aparılan islahatlar mühüm nəticələrini verməkdədir. Bu hərbi məktəblərin tədris, maddi bazası müasir tələblərə cavab verir. Burada Silahlı Qüvvələrə hazırlıqlı, vətənpərvər kadrların hazırlanması üçün hər cür şərait yaradılıb. Biz bundan sonra da bütün imkanlardan istifadə edərək Ali Hərbi məktəblərdə təhsil sisteminin təkmilləşdirilməsi işini davam etdirəcəyik. Hərbi təhsil sisteminin daim inkişaf etdirilməsi ordumuzun yüksək ixtisaslı zabit kadrlarla təmin olunmasının qarantıdır. Burada xidmət edən hər bir zabit, gizir, çalışan müəllimlər, təhsil alan kursantlar dövlətimizin adına layiq olmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər".

Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı nəticəsində ordunun daha da inkişaf etdiyini deyən N.Osmanov vurğulayıb ki, 2014-2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini 473, Ali Hərbi Dənizçilik Məktəbini 18, Ali Hərbi Təyyarəçilik Məktəbini 131 nəfər bitirib.

N.Osmanov kursantları diplom və ilk hərbi leytenant rütbəsi almaları münasibətilə təbrik edib, onlara Azərbaycanın gələcəyi, ordunun, dövlətin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində uğurlar arzulayıb.

Sonra N.Osmanov xüsusi təyinatlı hərbi məktəblərdə tədris və intizamda birinci yerləri tutan və təhsil müəssisələrini fərqlənmə ilə bitirən məzunlara diplomlar təqdim edib.
Ali hərbi məktəbləri fərqlənmə ilə bitirən məzunların Azərbaycan Prezidenti İlham Əliyev və müdafiə naziri tərəfindən qiymətli hədiyyələrlə təltif olunduqları elan edilib və onlara hədiyyələr təqdim olunub.

Məktəbləri fərqlənmə ilə bitirən məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu olub.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Qalereya




Teqlər:





Xəbər lenti