“Küçədən keçən də fikir bildirir...” - TQDK sədrindən etiraz

“Küçədən keçən də fikir bildirir...” - TQDK sədrindən etiraz
  31 İyul 2015    Oxunub:3963
Tələbə Qəbulu üzrə Komissiyanın (TQDK) sədri Məleykə Abbaszadə bu il qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərinin sayının çoxluğunun sualların asan olması ilə əlaqələndirildiyi barədə səslənən fikirlərə münasibət biıdirib.
AzVision.az xəbər verir ki, TQDK sədri bildirib ki, sınaq imtahanlarının sualları, 1 və 2 saylı “Abituriyent” jurnallarında təqdim edilən model testlər ictimaiyyətə təqdim edilib:

“Dekabr ayından etibarən bu materiallar var. Biz bu materialı ictimaiyyətə təqdim edəndə 2014-cü ildəki imtahanların da sualları məlum idi. O zaman heç bir araşdırma aparılmadı. İndi imtahanlardan sonra uşaqların nəticələrini araşdırmadan sualların asan və çətin olması ilə bağlı fikir söyləmək düz deyil”.

M.Abbaszadə qeyd edib ki, imtahanlar bitdikdən sonra - sentyabrın 15-dən başlayaraq qəbul imtahanlarının nəticələri, orada istifadə edilən suallar elmi-metodik seminarlarda müzakirə edilir:

“İmtahanda istifadə olunan bütün suallar, o suallara neçə faiz abituriyent cavab verib, neçə faiz imtina edib, hansı tipik səhvlər olub - bütün bunlar müzakirə olunur. Bundan sonra ümumi variantın bütün proqramı nə dərəcədə əhatə etməsi məsələsinə baxılır. Bu məsələlərin hamısı elmi-metodik suallardır və küçədən keçən bir insan bununla əlaqədar hansısa fikir söylədikdə, bunu ictimai fikir kimi yaymaq düzgün deyil. Bu, ən azı səthi yanaşmadır”.

***

“Müsabiqəyə buraxılma şərti elan olunub. Bu, keçid balı deyil. Keçid balı müsabiqə zamanı ixtisaslar üzrə formalaşır. Bunun aşağı düşməyi, ya da yuxarı qalxmağı təkcə abituriyentlərin nəticələrindən yox, eyni zamanda onların istəyindən asılıdır”.

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Komissiya sədri bildirib ki, keçid balının aşağı düşməsi və ya yuxarı qalxması kimdənsə asılı deyil: “Hər şey müsabiqə vəziyyətindən asılıdır. “Keçid balı” ifadəsini işlədənlərdən xahiş edirəm ki, bunu düzgün istifadə etsinlər. Müsabiqəyə buraxılmaq şərti elan olunub və bu şərt dəyişməyəcək. Məsələn, keçən il bir ixtisasda plan yerləri az, müsabiqə vəziyyəti yüksək idi və ora müsabiqə zamanı yüksək keçid balı formalaşmışdı. Bu il həmin o ixtisasa plan yerləri tutaq ki, 4 dəfə artıbsa, iddiaçıların sayı isə eyni qalıbsa, təbii ki, orada müsabiqə vəziyyəti azalacaq”.

M. Abbaszadə qeyd edib ki, müsabiqədə öz balı ilə iştirak edən hər bir şəxsin istədiyi ixtisasları seçməyə imkanı var: “Müsabiqəyə buraxılan hər bir qrupda müvafiq olaraq təxminən 10 min, 11 min, 9 min şəxs var. Onlar 15 ixtisas seçə bilərlər. İxtisasların da sayını bilirsiniz. Bir qrupda 60, digər bir qrupda 30 ixtisas var. Təsəvvür edin ki, nə qədər variasiyalar ola bilər. Məsələn, IV qrupda bizdə illər boyu ən sevimli ixtisas “Müalicə işi” olub. Ola bilər ki, bu il IV qrupda ən sevimli ixtisas “Baytarlıq” olsun. Nəzəri cəhətdən bu ola bilər. Birdən hamı baytar olmaq istəyə bilər və hamı birinci baytarlığı yazar. Bu zaman baytarlıq ixtisasında çox yüksək müsabiqə vəziyyəti yaranacaq. Bunu nə mən, nə də başqaları bilə bilər. Bunu heç kim bilmir. Uşaqlara nə təsir edəcək?! Valideynlərin təsiri və ya başqa amillər olacaq”.


Teqlər:  





Xəbər lenti