“KİV haqqında” qanun dəyişdi

“KİV haqqında” qanun dəyişdi
  29 Aprel 2016    Oxunub:2235
Azərbaycanda yetkinlik yaşına çatmayan şübhəli və zərərçəkən şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların razılıq olmadan yayılması qadağan olunub.
AzVision.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi barədə Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov məlumat verib.

Qeyd olunub ki, qanunun 11-ci maddəsinə (İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar) əlavə olunan bəndə görə, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yayılmasına yol verilməyəcək.

Maddənin 4-cü bəndi isə dəyişdirilərək belə verilir: “yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir”.

Bəndin hazırda qüvvədə olan variantı isə belədir: “Cinayət törətməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol verilmir”.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsə qoyularaq qəbul olunub.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:





Xəbər lenti