“Gedin, deputatlara deyin ki...” - Məşhur bəstəkar qəzəbləndi

“Gedin, deputatlara deyin ki...” - Məşhur bəstəkar qəzəbləndi
  03 İyul 2015    Oxunub:5341
“Azərbaycan mahnılarının oğurlanmasında günah Müəllif Hüquqları Agentliyindədir. Mahnılara görə nə qədər müraciət etmişəm, heç bir cavab ala bilməmişəm”.
Bunu AzVision.az-a tanınmış bəstəkar Faiq Sücəddinov millət vəkili Etibar Hüseynovun “Tarla qızları” mahnısının oğurlanması ilə bağlı iddiasına münasibət bildirərkən deyib.

Bəstəkarın fikrincə, Qafqaz xalqları, o cümlədən gürcülər, ermənilər Azərbaycan mahnılarını oğurlayır, amma buna qarşı heç bir addım atılmır.

“Əslində bu işlə Müəllif Hüquqları Agentliyi məşğul olmalıdır. Amma nə qədər mahnıya görə Agentliyə müraciət olunsa da heç bir cavab verilməyib. Dəfələrlə müraciət etmişəm, baxan yoxdur.

Məsələn, Türkiyədə “Kral TV”də Fikrət Əmirovun “Reyhan” mahnısını oxumuşdular. Mahnını anonim imza ilə təqdim etmişdilər. Belə şey ola bilər? Mənim “Neylərsəm” mahnımı 2 ay oxudular. Yenə də anonim yazmışdılar. Həmin müğənnini axtardım tapdım. Ankarada yaşayan tehranlı idi. Məndən üzr istədi. Amma Müəllif Hüquqları Agentliyindən heç bir səs-səmir çıxmadı. Onlar məhkəməyə verməlidirlər. Heç bir iş görmürlər deyə, mahnılarımızı oğurlayırlar. Soso Pvliaşvili kimdi axı, mahnı oğurlasın?”

Mahnıların oğurlanmasında Müəllif Hüquqları Agentliyini günahlandıran bəstəkar bunun səbəbini belə izah edib: “Mahnını oxuyanlar aşağıda Azərbaycan xalq mahnısı, ya da bəstəkar mahnısı olduğunu göstərməlidir. Müəllif Hüquqları Agentliyi heç bir iş görmür deyə
onlar da oğurlayırlar. Bunu televiziyada dəfələrlə demişəm.

Hörmətli deputatlarımıza da deyin Müəllif Hüquqları var. Onlar mahnılarımızı anonim oxuyanlara dava açmalı, məhkəməyə verməlidir. Fikrət Əmirovun “Reyhan” mahnısını həmişə anonim yazırlar. Nə üçün? Xaçaturyan “Spartak baleti”də Azərbaycanın “Vağzalı”nı yazmışdı. Ermənilər bir yox, beş yox, saysız hesabsız mahnılarımızı oğurlayıblar.

Qeyd edək ki, Milli Məclisin deputatı Etibar Hüseynov bir vaxtların məşhur “Tarla qızları” mahnısının oğurlandığını, Soso Pavliaşvilinin isə həmin mahnını hitə çevirdiyini iddia edib.

Millət vəkili bildirib ki, “Jor Meloyanın Soso Pavliaşviliyə sırıdığı "Tost " mahnısı artıq nəçə ildir ki, Rusiyada bir hitə çevrilib. Ona görə "sırıdığı" yazdım ki, bu, Zeynəb Xanlarovanın (səhv etmirəmsə həm də İlhamə Quliyevanın) 70-80 cı illərdə ifa etdiyi "Tarla qızları" (mus. Oqtay Kazımov) mahnısının plagiatıdır. Sadəcə yeni aranjimanda təqdim olunub. Ancaq çox təəssüf ki, artıq bu cür oğurluqlara bir növ adətkarıq və qarşısını ala bilmirik.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti