“Ermənipərəstlərin təxribatı gözlənilən idi” – Azay Quliyev

“Ermənipərəstlərin təxribatı gözlənilən idi” – Azay Quliyev
  24 Noyabr 2014    Oxunub:1745
“Batumidə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda Azərbaycana qarşı ermənilər və onların təsirində olan təşkilatlar tərəfindən təxribatın törədiləcəyi gözlənilən idi”. Bunu facebook hesabında deputat, QHT Şurasının sədri Azay Quliyev yazıb.

Onun sözlərinə görə, hələ noyabrın 5-də Avronest Parlament Assambleyasının Brüsseldə keçirilən komitə iclasında erməni nümayəndə heyəti və onun havadarları Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qarabağda yaradılımış qondarma QHT-lərin Batumi forumunda iştirak etməsini rəsmiləşdirməyə cəhd etmişdilər. Hətta Gürcüstandan olan məruzəçi Mirzaaşvilinin hesabatına əvvəlcədən bununla bağlı xüsusi bir tezisin salınmasına da nail olmuşdular. Lakin buna qəti etiraz bildirdikdən və belə bir qanunsuz qərarın qəbul ediləcəyi təqdirdə Azərbaycanın bu forumda iştirakını dayandıracağını bəyan etdikdən sonra bu məsələnin müzakirəsi dayandırıldı.

Brüsseldə bu təxribatın qarşısı alınsa da, görünür, ermənilər özlərinin çirkin niyyətini başqa formada və Çexiyanın “People in Need” təşkilatı vasitəsilə həyata keçirməyə çalışdılar. Belə ki, bu təşkilat düşünülmüş şəkildə Şərq tərəfdaşlığına daxil olan ölkələrdən insan hüquqlarının pozulması adı altında yalnız Azərbaycanı hədəfə aldı.

Təsəvvür edin ki, nə forumda, nə də təşkil olunmuş aksiyada keçmiş prezident Saakaşvili və onun komanda üzvlərini açıq şəkildə siyasi təqibə məruz qoyan və 100-dən çox yüksək vəzifə tutmuş opponentlərini həbs etdirən Gürcüstan hakimiyyəti əleyhinə heç nə deyilmir. Hələ mən özünün siyasi rəqibləri ilə daha qəddar rəftar edən və Gürcüstandan fərqli olaraq onları həbsə deyil, “o dünyaya” göndərən, yəni güllə-baran edən Sarkisyan rejiminin “toxunulmazlıq” statusundan danışmıram. Belorusiyanı da bir kənara qoyuram. “People in Need” və onun “hüquq müdafiəçiləri”ni nədənsə bu ölkələrdə baş verən hüquq pozuntuları deyil, yalnız Azərbaycan narahat edirmiş. Baxmayaraq ki, tədbirin Batumidə keçirilməsindən, orada daha çox gürcü mətbuatının və rəsmilərinin iştirakından istifadə etməklə bu “qəhrəmanlar” Gürcüstanda baş verənlərə kifayət qədər diqqəti yönəldə bilərdilər. Bütün bunlar bir daha onu göstərir ki, Batumidə təşkil olunan bu şoular insan hüquqlarını müdafiə etmək istəyindən qaynaqlanmır.

Azərbaycanın xüsusi olaraq hədəf seçilməsinin və ölkəmizə qarşı aparılan çirkin kampaniyanın və Ermənistanın arxasında durduğu bu kimi oyunların mahiyyəti isə düşünürəm ki, hamıya bəlldir. Bu haqda yazmağa lüzum görmürəm. Sonda istərdim ki, ölkəmiz əleyhinə yönəldilən bu kimi ssenarilərdə yer almayan və Azərbaycanın maraqlarını hər şeydən üstün tutaraq daima prinsipiallıq nümayiş etdirən Milli Platformanın üzvlərinə təşəkkürümü bildirəm”.


Teqlər:





Xəbər lenti