“Əli və Nino”ya görə İçərişəhərə giriş bağlanır

“Əli və Nino”ya görə İçərişəhərə giriş bağlanır
  31 Mart 2015    Oxunub:2271
Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan “Əli və Nino” filminin çəkilişləri aprel ayında İçərişəhərdə davam etdiriləcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzVision.az-a verilən məlumata görə, filmin çəkilişləri ilə əlaqədar aprelin 1-dən 14-ə qədər İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Aprelin 4-dən İçərişəhərin Qoşa Qala Qapısı girişindən nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, Neftçilər prospekti tərəfindən olan girişdən isə giriş-çıxış yalnız İçərişəhərin sakinləri və elektron kart sahibi olan digər rezidentlər üçün açıq olacaq.

Çəkilişlər əsasən İçərişəhərin Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılacaq. Çəkilişlərlə əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatlığın minimuma endirilməsi məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti