“Dövlət qızı olan ailələrə pul verə bilər” - Millət vəkili

“Dövlət qızı olan ailələrə pul verə bilər” - Millət vəkili
  27 Fevral 2015    Oxunub:6312
“Dövlətin doğulan qız uşaqlarına görə pul ayırması çox ciddi məsələdir. Bu haqda düşünmək lazımdır. Kənardan asan görünsə də, bunun üçün xeyli vəsait tələb olunur”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, hesablamaq lazımdır ki, ildə doğulan qız uşaqlarının neçəsi ikinci və daha sonra doğulan uşaqlardır:

“Bu təxminən 30-40 min nəfər edəcək. Bunu da 10 min manata vuranda xeyli məbləğ edir. Ona görə də bu məsələ düşünülməlidir. Dövlət həmişə əhalisinin sosial müdafiəsinin qayğısına qalıb. Bu proseslər də gender siyasətinin həyata keçirilməsində öz sözünü deyir. Bu addım cəmiyyətin və dövlətin qız uşaqlarına qadınlara qayğısının, diqqətinin və hörmətinin ifadəsi kimi də əhəmiyyətli olar. Hər halda müəyyən müzakirələrdən sonra bu təklif qəbul olunacaq. Ola bilər ki, 10 min manat olmasın, başqa məbləğ olsun. Hesab edirəm ki, bu diqqət mərkəzində qalacaq bir məsələdir”-deyə deputat qeyd edib.

M.Quliyev sözügedən məsələni bir il bundan öncə Milli Məclisdə qaldırdığını deyib.

“Mən bu məsələni qaldıranda mətbuat və hökumət buna ciddi reaksiya vermədi. Amma görünür, indi zərurət yaranıb ki, bu məsələ qaldırılıb”.

Millət vəkili bildirib ki, demoqrafik proseslərdə oğlan və qız nisbətinin tənzimlənməsi üçün həm inzibati, həm də iqtisadi təkmilləşdirmə üsullarından istifadə olunur:

“İnzibati üsulu ondan ibarətdir ki, qanunvericilik səviyyəsində uşağın cinsinə görə ulturasəs müayinəsi qadağan olunur. Yalnız xəstəlik halları istisna ola bilər. Uşağın cinsinə görə selektiv abort aparılması qadağan olunur. Bu, iqtisadi tənzimləmə üsulu isə qız uşaqlarının doğulmasını stimullaşdırma tədbirləridir. Hər ikinci qız uşağından başlayaraq hər doğulan qız uşağı üçün dövlət müəyyən məbləği onun adına depozit yatırır. Müəyyən yaşdan sonra ailə ondan istifadə edir. Belə ki, qız uşaqlarının böyüməsi, inkişafı, təhsili və sağlamlığı ilə bağlı xərcləri dövlət öncədən öz üzərinə götürür. Məhz buna görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə bir təkliflə çıxış edib. Bu təklifi o zaman reallaşdırmağa ehtiyac yaranır ki, demoqrafik problemlərdə oğlan və qız nisbəti təxminən 100-ə 110-dan yuxarı nisbəti olsun. Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi normativə görə də dünyada təbii yolla hər 100 doğulan qız uşağına 105 oğlan uşağı düşür. Bu normaldır, amma bu rəqəmi keçəndən sonra müəyyən şübhələr yarana bilər ki, selektiv abortlardan və süni surətdə hamiləliyin pozulmasından söhbət gedir”.

Komitə sədrinin müavini qeyd edib ki, 5 il bundan qabaq ölkəmizdə də demoqrafik problem var idi:

“Son iki ilin statistikası göstərir ki, bu proseslər artıq normallaşmaya doğru gedir. Səhiyyə Nazirliyinin apardığı inzibati və maarifləndirmə tədbirlərinə görə, artıq normallaşmaya doğru gedir. Hər doğulan 100 qız uşağına 107-108-dən çox oğlan düşürsə, iqtisadi stimullaşdırma tədbirlərinə ehtiyac var”.

Qeyd edək ki, ötən gün İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov mətbuata açıqlamasında deyib ki, ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacaq. Həmin hesaba 10 min manat vəsait köçürüləcək. Mərkəz sədri bildirib ki, 2015-2020-ci illər üçün nəzərdə tutulmuş "Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nda qız uşaqlarının sayının artırılması məsələsi öz əksini tapıb. Bu təklif Dövlət Proqramına daxil edilib. Həmin vəsait qız uşaqlarının hesabına hissə-hissə köçürüləcək. Bu vəsaiti məktəb xərcləri üçün istifadə etmək mümkün olacaq. Təklif hazırda müəyyən yaş həddində olan ikinci qız uşaqlarına da şamil olunacaq. Sözügedən Dövlət Proqramı layihəsi yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti