“Con Kerrinin köməkçiləri ermənilərə xidmət edir”

“Con Kerrinin köməkçiləri ermənilərə xidmət edir”
  24 Yanvar 2015    Oxunub:2790
“ABŞ Dövlət katibi Con Kerrinin köməkçilərinin hamısı erməni lobbisinə xidmət edən adamlardır”.

AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov ötən əsrin 90-cı illərində ABŞ-ın hazırkı dövlət katibi Con Kerrinin də daxil olduğu bir qrup senatorun SSRİ rəhbərliyinə “Dağlıq Qarabağın ermənilərə verilməsi” məzmunlu müraciətinə münasibət bildirərkən deyib.

ABŞ senatorlarının imzaladığı müraciətdən danışan S. Novruzov qeyd edib ki, Amerikanın hazırda o qədər problemləri var ki, gedib onlarla məşğul olsalar daha məqsədə uyğun olar:

“Amerika böyük dövlətdir. Con Kerri də dövlət katibidir. ABŞ nə İraqda, nə Əfqanıstanda, nə Ukraynada, nə də ki İŞİD-lə bağlı olan problemləri həll edə bilmir. Gündə minlərlə insan öldürülür, onların bütün qanı ABŞ-ın üzərindədir. ABŞ gedib o problemlərin həlli ilə məşğul olsun. Elə bilirlər ki, Con Kerri həmin müraciəti oxuyub və bu hadisədən xəbəri var? Con Kerri həmin müraciəti oxumadan imzalayıb. Onun köməkçiləri erməni lobbisi tərəfindən maliyyələşdirilir. Onlar da belə bir müraciətlər hazırlayıb, yayırlar”.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti