“Bu il mühüm hadisələrlə yadda qalacaq” - Mikayıl Cabbarov

“Bu il mühüm hadisələrlə yadda qalacaq” - Mikayıl Cabbarov
  29 May 2015    Oxunub:1283
Təhsil naziri Mikayıl Cabbarov “Son zəng”lə bağlı məktəbliləri təbrik edib.
Təbrikdə deyilir.

Əziz məzunlar! Bu gün Siz məktəbi bitirməklə, həyatınızın növbəti mərhələsinə qədəm qoyursunuz.

Hər bir ölkənin xoşbəxt gələcəyi onun vətəndaşlarının intellektual potensialına və bacarığına bağlı olması ilə bərabər, müasir çağırışlar şəraitində onlardan fərdi məsuliyyət və təəssübkeşlik tələb edir. Bu baxımdan siz tükənməz gənclik enerjinizlə fəal vətəndaş nümunəsinə çevrilməlisiniz.

Bu gün qarşımızda duran mühüm vəzifələrdən ən önəmlisi vətəndaşlıq mövqeyindən çıxış edərək, müstəqil dövlətçiliyimizin daha da qüdrətlənməsi naminə yorulmadan çalışmaqdır. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, müstəqilliyimiz bizim ən böyük dəyərimiz, ən böyük sərvətimizdir.

Sizin məzun olmağınızla əlamətdar olan bu il bütün Azərbaycan üçün mühüm hadisələrlə yadda qalacaq. Cəmi iki həftədən sonra ölkəmizdə I Avropa Oyunlarına start veriləcək. Bu möhtəşəm tədbirdə hər birimizdən yüksək vətəndaşlıq mövqeyi tələb olunur.
Siz seçəcəyiniz həyat yolunda dəyişən dünyanın tələblərinə uyğun olaraq yetişməli, seçimlərinizdə düşünülmüş qərarlara üstünlük verməlisiniz. Müstəqil həyatınızda uğur qazanmaq üçün daim öyrənməli, istedad və bacarığınızı yeni biliklərlə cilalamalı və təşəbbüskar düşüncə daşıyıcısı olmalısınız.

İndi sizin qarşınızda duran əsas məsələlərdən biri gələcək həyatınızın bağlı olacağı peşəni müəyyənləşdirməkdir. Peşə seçimi insanların həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. İstəyə və məhəbbətə əsaslanan seçim insana uğur qazandırır, öz sənətinin əsl peşəkarına çevirir.
Əziz məzunlar! Sizi “Son zəng” münasibətilə bir daha ürəkdən təbrik edir, gələcək həyatınızda uğurlar arzulayıram!



Teqlər:





Xəbər lenti