“Biz istəmirik yenə müharibə başlasın” - Prezident

“Biz istəmirik yenə müharibə başlasın” - Prezident
  30 Avqust 2014    Oxunub:5503
“Bizim müharibəmiz haqq-ədalət müharibəsidir. Biz istəyirik ki, məsələ ədalətlə həll olunsun - beynəlxalq hüququn norma və prinsiplərinə uyğun və ədalətli”.
AzVision.az xəbər verir ki, bu fikirləri prezidenti İlham Əliyev Füzuli rayonuna səfəri zamamnı ictimaiyyət nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.

Ölkə başçısı qeyd edib ki, bu ayın əvvəlində təmas xəttində baş vermiş hadisələr bir daha Azərbaycan Ordusunun qüdrətini, gücünü, qarşı tərəfin isə gücsüzlüyünü, acizliyini əyani şəkildə göstərib.

“Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır. Ona görə biz hələ çalışırıq ki, bu məsələ sülh yolu ilə həll olunsun. Ancaq öz ardıcıl siyasətimizi aparırıq, Ermənistanı bütün layihələrdən təcrid etmişik, orada çox böyük böhran yaşanır, həm iqtisadi, həm siyasi, həm hərbi böhran və eyni zamanda, getdikcə əhalinin sayı azalır. Bizdə artır, orada azalır və tarixin gedişatı ona gətirib çıxaracaq ki, bir neçə ildən sonra bu fərq, bu uçurum o həddə çatacaq ki, bu, özü-özlüyündə danışıqlar prosesində müsbət rol oynayacaq. Biz isə ordumuzu gücləndirməklə, iqtisadi gücümüzü artırmaqla, regionları inkişaf etdirməklə və beynəlxalq arenadakı mövqelərimizi möhkəmləndirməklə güclənirik. Hər gün biz güclənirik, hər gün Ermənistan zəifləyir. Ermənistan özü artıq etiraf edir ki, xarici yardım olmadan yaşaya bilməz, iqtisadi inkişafa nail ola bilməz və hətta öz təhlükəsizliyini qoruya bilməz. Artıq yüksək vəzifəli erməni dövlət məmurları bunu etiraf edirlər. Bu, əslində erməni dövlətinin iflası deməkdir. Çünki hər bir xalq üçün ən böyük nemət müstəqillikdir. Biz bu müstəqillik illərindən səmərəli şəkildə istifadə edərək, bu gün tam şəkildə müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq. Ancaq Ermənistanın işğalçı siyasəti imkan vermədi ki, erməni xalqı da əsl müstəqilliyə qovuşsun. İndi asılı vəziyyətdə, aciz durumda xarici yardım, ianə olmadan yaşaya bilmir. Torpaqlarımızı hələ ki, işğal altında saxlayır. Ancaq özləri də bilirlər ki, bu, müvəqqəti bir vəziyyətdir”.

Ölkə başçısı çıxışında daha sonra bildirib ki, Sovet İttifaqı dağılandan sonra isə Azərbaycana qarşı daha da böyük ədalətsizliklər göstərilib və nəticə etibarilə torpaqlarımız işğal altına düşüb.

“O vaxt bizim o qədər də böyük bizim hərbi gücümüz yox idi. Yenə də Ulu Öndərin şəxsi keyfiyyətləri, cəsarəti, xalqın ona olan inamı nəticəsində biz bu torpaqları düşməndən azad etdik. Biz istəmirik ki, yenə müharibə başlasın. Kim istəyir ki? Amma eyni zamanda, biz heç vaxt bu vəziyyətlə də barışa bilmərik. Çünki Ermənistan istəyir ki, heç nə dəyişməsin, necə var elə də qalsın. Amma bu mümkün deyil. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər də bunu istəyir. Onlar da həmişə bizə deyirlər ki, amandır, müharibə etməyin, problemi danışıqlar yolu ilə həll edin. Biz də deyirik, yaxşı danışıqlar yolu ilə, bəs nə qədər?

Amma biz bu gün güclənirik, möhkəmlənirik, ruh yüksəkliyi var, Azərbaycan əsgəri peşəkardır, Azərbaycan xalqı mərddir. Siz burada düşmənlə üz-üzə yaşayırsınız, amma orada - Tovuz, Qazax istiqamətində erməni kəndləri boşalır. Əlbəttə, təmas xəttində erməni kəndləri yoxdur. Nə burada, nə Ağdamda, nə başqa yerdə. Çünki bunlar hamısı Azərbaycan torpağıdır. Amma Tovuz, Qazax istiqamətində erməni kəndləri var, insanlar oradan qaçır, qorxurlar. Onların prezidenti bu yaxınlarda özü etiraf etmişdir ki, ölkədən kütləvi köçün səbəblərindən biri Dağlıq Qarabağ münaqişəsidir. Valideynlər qorxurlar, uşaqları orduya vermək istəmirlər. Yəni, bu kriminal rejimi qorumaq üçün niyə onların vətəndaşları həlak olmalıdır. Ona görə, erməni xalqı özü başa düşməlidir ki, bu kriminal rejim orada nə qədər hakimiyyətdədir, Ermənistanın inkişafı mümkün deyil. Erməni xalqı bu kriminal Qarabağ klanından yaxasını qurtarmalıdır. İndi onlara Qarabağ klanı deyirlər. Əslində Qarabağ bizim dədə-baba torpağımızdır, amma Ermənistanda onlara Qarabağ tayfası deyirlər. Əminəm ki, erməni xalqı müdriklik göstərməlidir. Çünki onlar da başqa millətlər kimi müstəqil, azad olmaq istəyirlər, kriminal rejim hakimiyyəti altında yaşamaq istəmirlər”.

Prezident vurğulayıb ki, bizim müharibəmiz haqq-ədalət müharibəsidir. Biz istəyirik ki, məsələ ədalətlə həll olunsun - beynəlxalq hüququn norma və prinsiplərinə uyğun və ədalətli.

“Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Çünki bu, bizim tarixi torpağımızdır və hüquqi cəhətdən bizim torpağımızdır. Heç bir ölkə qondarma "Dağlıq Qarabağ Respublikası"nı respublika kimi tanımır və tanımayacaqdır. Bu, gözəl əsas yaradır. Bu əsas bizə imkan verir ki, istənilən vaxtda öz ərazi bütövlüyümüzü bərpa edək. Bunu etmək üçün müxtəlif amillər var - iqtisadi, hərbi, siyasi və beynəlxalq. Biz öz addımlarımızı elə atmalıyıq ki, nəticə 100 faiz olsun, 200 faiz olsun və belə də olacaqdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti