“Azərbaycanda ölüm hökmü bərpa edilməlidir”

“Azərbaycanda ölüm hökmü bərpa edilməlidir”
  02 Oktyabr 2014    Oxunub:4013
Ötən gün Goranboy rayonuda 7 nəfər kütləvi şəkildə qətlə yetirilib. Bu hadisə hər kəsi sarsıtdı. Belə ki, ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edən kürəkən qaynatası evində öz həyat yoldaşı ilə bərabər onun ailə üzvlərini və qohumlarını da qətlə yetirib.

Təbii ki, bu kimi hadisələr gündəlik həyatımızda tez-tez rast gəlinəndir. Bu gün də Dərnəgül qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada Hicran Səfərov adlı şəxs qonşusu olan ata və oğulu ov tüfəngi ilə qətlə yetirib. Ümumiyyətlə son zamanlar silahla törədilən hadisələrə tez-tez rast gəlinir. Bu hadisələr isə insanların bir çoxunda qanunsuz silahların olmasından xəbər verir.

Qanunsuz silahların yığılması üçün hansı tədbirlər görülməlidir?

“Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, krimnalist Şəmsəddin Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, son günlər baş verən hadisələr insanların bəzilərində vəhşiləşmə prosesinin getdiyini göstərir. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin əksəriyyətində insanların silah gəzdirməsi və əldə etməsi normal bir haldır:

“Amma Azərbaycanda bu məsələdə insanların şüurunda bir balaca inqilab etməyə zərurət var. Çünki silahla davranma qaydası çox çətindi. Öz hərəkətlərini bilməyən insanlara silah vermək olmaz. Bu hadisələrlə bağlı hər zaman KİV-də maarifləndirmə işləri aparılır. Amma bu cür hallar hələ də var. Burada sosial problemlər əsas faktordu. Ailədə və qohumlar arasında bir-birini başa düşməmək belə hadisələrin çoxalmasına gətirib çıxarır”.

Ekspert qedy edib ki, xüsusilə ağır cinayətlərə görə, ölüm hökmü bərpa olunmalıdır:

“Biz sağlam cəmiyyət qurmaq istəyiriksə, ölüm hökmü də olmalıdır. Qəsdən adam öldürməyə 13 il cəza verilir. Cəmiyyətin sağlamlığı insanların intellektindən və qanuna uyğun davranışındadı. Bu normal davranışı həyata keçirə bilməyən “insanlarla” biz nə üçün yüngül davranmalıyıq. Dövlətin öz vətəndaşının xüsusilə ağır cinayətinə adekvat reaksiyası ağır olmalıdır. Onların çoxu ölüm cəzasına məhkum olunmalıdır. Amma hazırda belə cinayətkarlara ömürlük həbs cəzası verilir. Belə “insanlara” qarşı normal davranmaq olmaz. Onlara qarşı qanunlar daha da sərt olmalıdır. Cəmiyyətdə bununla bağlı kütləvi şəkildə maarifləndirmə işləri aparmaq lazımdır. Sağlam cəmiyyət olan yerlərdə belə vərdişlərə yer qalmır”.

DİN rəsmisi: “Silahın olmasının özü cinayətin baş verməsinə səbəb olan bir alətdir”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycan Daxili İşlər Nazirliyi əməkdaşlarının cinayətkarlıqla mübarizədə ən böyük önəm verdiyi istiqamətlərdən biri də əhalidə olan qanunsuz silah-sursatın yığılmasıdır:

“Başa düşüləndir ki, insanlarda olan qanunsuz silah-sursat hansısa cinayət hadisəsində istifadə oluna bilər. Silahın olmasının özü cinayətin baş verməsinə səbəb olan bir alətdir. Ona görə də Daxili İşlər Nazirliyinin əməkdaşları öz xidməti fəaliyyətlərində insanlarda olan qanunsuz silah-sursatların yığılması işinə böyük önəm verir və yükəsk nəticələr əldə olunur. Bu iş hazırda da davam etdirilir. Bununla əlaqədar olaraq əhali arasında proflaktik söhbətlər aparılır və onlara izah olunur ki, kiminsə bu cür silahları varsa, könüllü surətdə aidiyyatı üzrə təqdim etsinlər. Belə vəziyyətdə onlar məsuliyyətdən azad olunurlar. Həmçinin bu istiqamətdə polis əməkdaşları tərəfindən insanlarda olan silahların yığılması məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirirlir”.

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti