“Azərbaycana qarşı ədalətsizlik edirlər” - Əli Həsənov

“Azərbaycana qarşı ədalətsizlik edirlər” - Əli Həsənov
  24 Noyabr 2014    Oxunub:2227
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Möhsün Pakayini onun müraciətinə əsasən qəbul edib.
Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə iki dost və müsəlman ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında humanitar sahədəki əməkdaşlığın xalqlarımızın mənafeyi çərçivəsində daha da inkişaf etdirilməsi məqsədi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah naziri cənab Əli Rəbiinin dəvəti əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyətinin 2014-cü ilin 23-27 noyabr tarixlərində İran İslam Respublikasına həyata keçiriləcək rəsmi səfəri ilə bağlı müzakirələr aparılıb.

Əli Həsənov görüşdə Azərbaycan ilə İran arasında münasibətlərin inkişafından danışıb.

Baş nazirin müavini bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün xalqımızın ən ağrılı və yeganə problemidir. O, dünya dövlətlərinin işğalçı Ermənistana heç bir təzyiq göstərməməsinin Azərbaycana qarşı ədalətsizlik olduğunu qeyd edib.

Böyük dövlətçilik tarixinə malik qonşu ölkənin daim Azərbaycanın yanında olduğu, ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlığın müvafiq dövlət və hökumət qurumları arasında əlaqələrin genişlənməsinə də şərait yaratdığı vurğulanan görüşdə bildirilib ki, İran hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın dözülməz vəziyyətlə üz-üzə qaldığı vaxtdan Azərbaycana humanitar yardım göndərən ilk dövlətlərdəndir ki, bunları da xalqımız heç vaxt unutmayacaq.

Baş nazirin müavini Əli Həsənov bu gün həmçinin İran İslam Respublikasına nəzərdə tutulmuş səfəri, Azərbaycan-İran münasibətləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İran İslam Respublikasının dövlət televiziya kanalına da müsahibə verib.


Teqlər:  





Xəbər lenti