“Avropadan Azərbaycana oğurluq maşınlar gətirilir” - VİDEO

“Avropadan Azərbaycana oğurluq maşınlar gətirilir” - VİDEO
  21 Sentyabr 2014    Oxunub:3983
Avropa İttifaqına üzv ölkələrin öz aralarında sərhədləri açması insanların sərbəst hərəkətinə imkan yaratmaqla bərabər oğruların da əl-qolunu açıb.

Virtualaz.org saytı xəbər verir ki, “Rossia Today” (RT) telekanalı Avropa ölkələrindən oğurlanan avtomobillərin Azərbaycan da daxil olmaqla bəzi keçmiş sovet respublikalarına daşınmasından bəhs edən reportaj yayıb.

“Mənim traktorumu və 13 danamı oğurladılar, xırda oğurluqların isə sayını artıq itirmişəm. Oğrular mütəşəkkil şəkildə hərəkət edirlər və əllərinə nə keçdi oğurlayırlar. Onlar bilirlər ki, nə üçün gəliblər” - deyə Almaniyanln Polşa ilə sərhədinə yaxın bölgədə ferması olan Folker Naşke deyir.

O danışır ki, cinayətkarlar əmlakını oğurladıqdan sonra Almaniyanı tərk edirlər.

“Əsas problem odur ki, dövlət sərhədləri cinayətkarların qarşısını kəsmir. Biz polislər isə ancaq öz ölkəmizin sərhədləri daxilində hərəkət edə bilərik” - deyə alman polis komissarı Yens Ştariqk bildirir.

Polis komissarı deyir ki, ən mürəkkəb vəziyyət avtomobil oğurluğu ilə bağlıdır. Hər gün alman polisi oğurluq avtomobillərlə Polşa getmək istəyənlərlə mübarizə aparmalı olur.

Oğrular GPS avadanlıqları ilə təchiz olunmuş bahalı avtomobilləri də oğurlamaqdan çəkinmirlər. Bunun üçün onlar GPS siqnallarını pozan xüsusi qurğudan istifadə edirlər. Avtomobil oğurluğu iri beynəlxalq biznesdir. Bu işlə məşğul olanlar nə üçün risk etdiklərini yaxşı bilirlər.

“Biz mütəşəkkil qruplaşma halında fəaliyyət göstərən peşəkarlarla və oğurlanan avtomobillərin geniş bazarı ilə üzləşmişik. Oğurlanmış bahalı avtomobillər Rusiya, Azərbaycan, Qazaxıstan, hətta Çində satılır. Bu problem bütün Avropa üçün xarakterikdir” - deyə polis komissarı Yens Ştariqk bildirir.

O, əlavə edir ki, Avropa polisi üçün oğurlanmış avtomobillərin satıldığı ölkələrin sərhədlərini keçmək mümkün deyil.




Teqlər:





Xəbər lenti