“Prezident buna yol verməyəcək”

12:26     14.02.2013     2138

Bu açıqlamanı AzVision.az-a millət vəkili Azay Quliyev Prezident İlham Əliyevin məmur və onların övladlarının özbaşınalıqları haqda söylədiyi iradlara münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev çox haqlı olaraq, bu gün ictimaiyyəti narahat edən, vətəndaşların narazılığına səbəb olan məsələləri dilə gətirdi, bununla bağlı çox ciddi xəbərdarlıq etdi: “İlk növbədə Prezident mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin, məmurların, vəzifəli şəxslərin özünü necə aparması, xalqa necə xidmət etməsi, vətəndaşla necə davranılması ilə bağlı olan problemləri açıq şəkildə dilə gətirdi. Bunun səbəbi o idi ki, bu istiqamətdə son zamanlar həqiqətən də arzuolunmaz və xoşagəlməz hadisələr baş verirdi. Prezident dünən bir sıra neqativ halların baş verməsi ilə bağlı irad tutdu. Məmurların, vəzifəli şəxslərin övladlarının özünü aparması, bəzən açıq şəkildə ictimaiyyətdə hörmətsizlik etməsi, nəqliyyat vasitələrini necə gəldi idarə etməsi və bundan vətəndaşların narazı olmasını da dövlət başçısı qeyd etdi. Prezident bunları sadalamaqla birincisi göstərdi ki, ölkədə baş verən hər şeydən xəbəri var. İkincisi, artıq Prezident bu neqativ hallara bundan sonra dözmək fikrində deyil. Üçüncüsü, vəzifəli şəxslər, ümumiyyətlə insanlara xidmət etməli şəxslər ciddi şəkildə dövlət başçısının bu tapşırıqlarına əməl etməlidirlər”.
Azay Quliyev bildirib ki, Prezident İlham Əliyev öz timsalında sübut etdi, göstərdi ki, dövlət məmuru, vəzifəli şəxs necə olmalıdır, hansı formada vətəndaşla davranmalıdır, xüsusilə öz davranışında nələrə diqqət etməlidir. “Məsələn, irad bildirdi ki, bəzi vəzifəli şəxslər təmtəraqlı şəkildə ad günləri, digər mərasimlər keçirirlər. Prezident özünü misal gətirdi: “Mən özüm belə ad günümü Ağcabədidə qaçqın və məcburi köçkünlərlə keçirdim”. Dövlət başçısı bununla onu dedi ki, ən doğma, ən əziz günümü mən öz vətəndaşlarımla paylaşdım. Onların şəraiti, qayğıları ilə maraqlandım. Və göstərdim ki, dövlət başçısı olaraq, bu gün 50 illiyim olmasına baxmayaraq, mən sizi düşünüb gəlmişəm, sizin yanınızdayam. Bu, həm də o deməkdir ki, Prezident həqiqətən də hər bir vətədaşının yanındadır. O, Azərbaycan vətəndaşını məmur özbaşınalığından qorumağa tam şəkildə israrlıdır və bunu edəcəkdir. Heç kəs düşünməsin ki, onun törətdiyi hər hansı bir qanunsuz hərəkət cəzasız qalacaq”- deyə millət vəkili vurğulayıb.
Azay Quliyev bunu çox önəmli hesab edir ki, Prezident çox açıq mətnlə bütün bu neqativ halları törədən şəxslərə son xəbərdarlığını etdi. Onun sözlərinə görə, bu çağırış o deməkdi ki, hər bir məmur, hər bir şəxs özünün təvazökarlığı, dövlətə bağlılığı ilə nümunə olmalıdır. “Təsadüfi deyil ki, dövlət başçısı vurğuladı ki, “sizi o vəzifəyə özüm təyin etmişəm və istədiyim vaxt da çıxaracam. Mən sizi ona görə təyin etmişəm ki, siz xalqa, millətə, dövlətə, vətəndaşlara xidmət edəsiniz”. Bu bəyanatı verməklə Prezident insanların, vətəndaşların ona olan inamını bir daha möhkəmləndirdi. Bu gün hər bir vətəndaş yaxşı bilir ki, onun üzləşdiyi problemlər, çətinliklər haqqında dövlət başçısının məlumatı var və dövlət başçısı heç bir halda vətəndaşının hüquqlarınn pozulmasına yol verməyəcək. Bunu mən müsbət qiymətləndirirəm” - deyə Azay Quliyev bildirib.
Millət vəkili hesab edir ki, bu, artıq hər bir vəzifəli şəxs üçün ibrət dərsi olacaq. Azay Quliyev ümid edir ki, bu istiqamətdə məmurlar öz işlərində ciddi dəyişikliklər edəcəklər: “İnanıram, elə bir hal yaranmayacaq ki, artıq ictimai şəkildə həmin məmurlar cəzalandırılmasının şahidi olaq. Əminəm ki, Prezident bu cür adamlara son xəbərdarlığını etdi. Bundan sonra yəqin ki, onlar bu cür halları təkrarlamazlar. Prezidentin bu çıxışı ictimaiyyət tərəfindən də yüksək şəkildə dəyərləndirildi və dəstəkləndi”.

Digər videolar