Yanan binadakı naməlum 16-cı meyit: `Binanı o yandırıb`

Yanan binadakı naməlum 16-cı meyit: `Binanı o yandırıb`
  20 İyul 2016    Oxunub:13399
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Uğur Bəşirov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

Yanğında vəfat edən 3 yaşlı Fərəhin anası Günay Məhərrəmova həmin gün yaşananları danışıb: “Qonşunun qışqırıq səslərini eşitdim. Uşağı götürüb qaçdım, bir mərtəbə düşdüm, bloku tüstü basmışdı, qaranlıq idi. Daha düşə bilmədiyim üçün yuxarı qalxdım, əl atdım bir qapıya, təsadüfən öz evimiz idi. Qucağımda uşaq, pəncərənin qabağında dayanıb aşağıdakı xilasedicilərə əl elədim ki, kömək eləsinlər. Onlar da əl elədilər, bildim ki, məni görürlər. Mən huşumu itirdim, ayılanda ağzımda oksigen maskası vardı. Uşağı soruşdum, dedilər ki, “narahat olma, yaxşıdı”. Balonda oksigen qurtarmışdı deyə, yenə huşumu itirdim. Sonra ayıltdılar. Məni evdən çıxarmağın yolunu bilmirdilər. Orta yaşlı kişi məni çiynində çıxartdı. Məni aparanda yerdə insanların cansız bədənləri vardı, onları adlayıb keçirdik. Sonradan bildim ki, Fərəh ölüb”.

Günay Məhərrəmova onlara dəymiş ziyanı Binəqədi Rayon İcra Hakimiyyətindən tələb edib: “Çünki sakinlərin müraciətindən sonra binanın o materialla üzlənməsi dayandırılmışdı. İcra Hakimiyyəti niyə yenidən icazə verdi? Eyni zamanda, bu yanğında təqsiri olan hər kəsdən tələb edirəm”.

Hadisə zamanı xəsarət alan FHN əməkdaşı Kamil Dünyamalıyev də zərərçəkmiş qismində ifadə verib. O bildirib ki, özündəki oksigen maskasını İbrahim adlı 1 yaşlı uşağa verib, nəticədə özü xəsarət alıb.

Prosesin gedişində təqsirləndirilən şəxslərdən Qəzənfər Novruzovun səhhəti pisləşib və məhkəməyə Təcili Tibbi Yardım çağırılıb. Məhkəmədə fasilə elan olunub.

Zərərçəkən Aynurə Cəfərova yanğın vaxtı 2 yaş yarımlıq uşağı ilə balkonda gözlədiyini deyib: “Tüstü evə dolmuşdu, heç yer görünmürdü. Telefonun işığı ilə uşağı tapdım. Uşaq tüstüdən boğulurdu. Otaqlardan birinə alov dolanda, balkona qaçdıq. Hərdən əlimizi çıxarırdıq ki, sağıq, kömək eləyin. Saat 4-dən sonra evdən çıxdıq”.

Digər zərərçəkən Surxay Sadıqov bildirib ki, yanğın zamanı binada olan oğlunun sağ olmasına baxmayaraq rəsmilər onu ölü biliblər: “Evdən çıxa bilməyib. Tüstü olub, alov dolandan sonra qaçıb, blokda yıxılıb. Bir nəfər pilləkənlərdən çıxarıb gətirib. Meyitlərin yanına qoyublar, elə biliblər ölüb. Həkimlər baxıb görüblər ki, sağdı. 6 saylı xəstəxanaya aparıblar”.

Zərərçəkən Sevinc Abdullayeva yanğın vaxtı evdə yeni doğulan körpəsi ilə qaldığını, yanğın söndürüləndən sonra çıxarıldıqlarını deyib.

Prosesdə ifadə verən zərərçəkənlərdən biri Zəmanət Daşdəmirov naməlum 16-cı meyit haqda məlumat verib: “Yanğın vaxtı yerdə bir cəsəd gördüm. Onun başı yarılmışdı, qan axırdı, ölmə ehtimalı çox idi. Amma mən onu tanımadım. Digər ölən 15 nəfərin hamısını tanıyırdım. Onlardan biri deyildi, onun qolunda döymə vardı. Həmin adam binadan özünü atan Yaşar deyildi, çünki mən onu yerdə görəndən 20 dəqiqə sonra Yaşar özünü atdı. Ehtimal var ki, adı məlum olmayan 16-cı ölü təxribatçı olub, binanı o yandırıb”.

Məhkəmə prosesi iyulun 21-də davam etdiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti