Prezident İran nümayəndələrini qəbul etdi

Prezident İran nümayəndələrini qəbul etdi
  24 Fevral 2013    Oxunub:1335
Prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik Şurasının katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də İran İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı ölkələrimiz və xalqlarımız arasında mövcud olan tarixi, mədəni, dini əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Əlaqələrimizin bütün istiqamətləri əhatə etdiyini qeyd edən Prezident İlham Əliyev təhlükəsizlik sahəsində də əməkdaşlığımızın inkişafının xüsusi əhəmiyyət daşıdığını dedi və bu sahədə vaxtaşırı məsləhətləşmələr aparmağın zəruriliyini vurğulayıb.

Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlətimizin başçısı İİR Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi baxımından mühüm addım olacağına əminliyini bildirib.

Ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edən cənab Səid Cəlili Azərbaycanın onun üçün həmişə dost ölkə olduğunu deyib. Xalqlarımız arasında tarixi dostluq əlaqələrinin mövcud olduğunu vurğulayan Səid Cəlili münasibətlərimizin inkişafında hər iki ölkənin rəsmilərinin həmişə yüksək siyasi iradə nümayiş etdirdiklərini qeyd edib.İranlı qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bildirib.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən təhlükəsizlik sahəsində daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti