ABŞ-da yüksək vəzifə tutan azərbaycanlı: `Bura Trampın dediyi Amerika deyil` (MÜSAHİBƏ)

ABŞ-da yüksək vəzifə tutan azərbaycanlı: `Bura Trampın dediyi Amerika deyil` (MÜSAHİBƏ)
  10 İyun 2016    Oxunub:25054
`Azərbaycanın təhsil sistemi kökündən dəyişməlidir`

AzVision.az-ın müsahibi ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktoru Adil Bağırovdur. O, Amerika tarixində indiyədək yüksək vəzifə tutan 5 türkdilli vətəndaşdan biridir.

Qeyd: 1978-ci il aprelin 23-də Bakı şəhərində anadan olan A.Bağırov 1999-cu ildə Cənubi Kaliforniya Universitetinin məzunudur O, beynəlxalq münasibətlər və biznesin təşkili ixtisası üzrə təhsil alıb. 2002-ci il noyabr ayında “Beynəlxalq münasibətlərin və dünya siyasətinin qloballaşmasında internet faktoru” mövzusuna dair dissertasiya müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsi alıb. 2011-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda “Rusiya-Amerika münasibətlərində və dünya siyasətində neftqazfaktoru” mövzusunda dissertasiya müdafiə etmiş və siyasi elmlər doktoru alimlik dərəcəsi alıb.

A.Bağırov 2001-2006-cı illərdə konqresmen Kurt Veldonun xüsusi müşaviri və ABŞ-ın Nümayəndələr Palatasının Azərbaycan İcmasının Konqresində məsləhətçi olub. 2004-cu ildən Ümumdünya Enerji Strategiyasının Beynəlxalq İşlər üzrə vitse-prezidentidir. O, 2009-cu ildən ABŞ-da qeyri-hökumət təşkilatı olan Qarabağ Fondunun İdarə Heyətinin sədri və həmtəsisçisidir.

2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilətəltif olunub. Rusiya Təbiət Elmləri Akademiyasının üzvü, Moskva Beynəlxalq Neft Klubunun prezidentidir. O, Toğrul Adil oğlu Bağırovun oğludur.


Qeyd edək ki, Adil Bağırov bir neçə ay öncə Ohayo ştatının Deyton şəhər Təhsil Şurasının rəhbəri seçilib. O, hələ 2013-cü ildə Amerikanın ən önəmli dövlət vəzifələrindən hesab olunan Təhsil Şurasının yeddi üzvündən biri seçilmişdi. Bununla da, Birləşmiş Ştatlarda rəsmi vəzifəyə seçilən ilk Amerika azərbaycanlısı adını qazanıb.

-Bir neçə gün öncə Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirildi. Siz də həmin qurultayda iştirak edirdiniz. Öncə qurultayla bağlı təəssüratlarınızı öyrənək.

-Bu çox vacib tədbirdir. Hər beş ildən bir dünya azərbaycanlılarının sədrləri bir məkana toplaşır, müzakirələr aparırlar. Biz cənab Prezidentlə də görüşdük. Prezident görüş zamanı diaspor rəhbərləri üçün çox vacib və düzgün məqamlardan söhbət açdı. Ölkə başçısı təklif etdi ki, Azərbaycan diaspor nümayəndələri media ilə daha sıx əməkdaşlıq etməli, müsahibələr verib, kitablar nəşr etdirməlidirlər. Məncə, bunlar çox önəmli məqamlardır.



Bizim təşkilatımız Amerika Azərbaycanlıları Şəbəkəsi bu istiqamətdə uğurlu fəaliyyətlər həyata keçirir. Son səkkiz ildə biz Amerikada 300-dən çox məqalə nəşr etdirmişik. Biz bu istiqamətdə liderik. Bütün səfirlik və konsulluqlardan daha çox məqalələr çap edirmişik. Digər təşkilatlarla öz təcübəmizi bölüşməyə, onlara dəstək verməyə hazırıq. Ölkəmiz üçün hamımız işləməliyik. Uğur qazanmaq üçün çalışmalıyıq. Bu baxımdan qurultay diaspor təşkilatları üçün uğurlu oldu. Hansı işləri görməli olduğumuz haqda bütün detallar açıqlandı.

-Sizin işiniz ölkəmizi ABŞ-da təbliğ etməkdir. Hazırda Amerikada Azərbaycana qarşı münasibət necədir?

-Son zamanlar iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Prezident İlham Əliyevin Vaşinqtona səfəri, həmkarı Barak Obama və vitse-prezident Co Baydenlə görüşündən sonra münasibətlər daha da yaxşılaşdı. Hətta bunu Amerikanın Bakıdakı səfiri də etiraf etdi.

- ABŞ yeni prezident seçkiləri ərəfəsindədir. Fikrinizcə, ABŞ-ın yeni prezidenti Azərbaycanla bağlı hansı siyasi xətti tutacaq? Rəhbəri olduğunuz təşkilat yeni prezidentlə gələcəkdə münasibətlərin qurulması üçün hazırda hansı konsepsiyalar üzərində işləyir?

-Bizim təşkilat 2000-ci ildən ABŞ prezidentliyinə iddialı namizədlər üçün yardım, dəstək kampaniyaları həyata keçirir. Erməni lobbisi bizdən daha tez bu fəaliyyətə start verib. Bundan öncə biz Corc Buşun namizədliyinə dəstək olmuşduq. Hər dörd ildən bir prezidentliyə namizlərin bütün fəaliyyətini müşahidə edirik, hansına dəstək verəcəyimizi müəyyən edirik.

Hillari Klintonun və Donald Trampın Azərbaycan və Ermənistan barədə pozit və ya neqativ düşüncəli olması barədə heç nə bilmirik Bu daha çox Amerikda yaşayan azərbaycanlıların Respublikaçı və Demokrat olmasından aslı olan bir məsələdir. Əgər onlar demokratdırlarsa, bu zaman xanım Klintona səs versinlər. Respublikaçılar isə cənab Trampa səs verəcəklər.



-Aprel ayında cəbhə xəttində 4 günlük müharibə baş verdi. Azərbaycan tərəfi yüksək strateji yüksəklikləri işğalından azad etdi. Ermənistan isə işğal etdiyi Azərbaycan torpaqlarından əl çəkmək fikirində olmadığını bəyan edir. Amerikadan baxanda Qarabağ münaqişəsinin dinc yolla həlli real görünürmü?

-Mən Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatlarını oxuyanda gülürəm. Prezident İlham Əliyev bu barədə gözəl danışdı. Ermənistan 22 ildən artıqdır ki, Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlayır. Bununla bağlı BMT-nin 4 qətnamasi var. Bu istiqamətdə heç bir uğurlu fəaliyyət həyata keçirilməyib. Bu hadisələrə gülmək olmaz. Çünki biz güldüyümüz vaxtda onlar işğalçılıq siyasətlərini davam etdirirlər.

Düşünürəm ki, biz bu istiqamətdə daha ciddi işlər görməliyik. Azərbaycan ordusu, iqtisadiyyatı və milli ruh daha güclü olmalıdır. Məncə, dördgünlük müharibədən sonra Azərbaycanda ruh yüksəkliyi yarandı. Bütün dünya gördü ki, Azərbaycan nələrə qadirdir, ordumuz işğal altında olan torpaqları heç kəsə güzəştə getməyəcək və düşmən işğalından azad edəcək.



-Prezident İlham Əliyev qurultayda çıxışı zamanı bildirdi ki, xaricdə yaşayan azərbaycanlı biznesmenlər ölkəmizə sərmayə qoymalı, investisiyalar yatırmalıdırlar. Sizcə, xaricdə yaşayan azərbaycanlı iş adamları ölkəmizə sərmayə qoymaqdan niyə çəkilirlər?

-Bu çox vacib məsələdir. Amerikdakı fəaliyyətimizin əsas istiqamətlərindən biri də budur ki, Azərbaycan Qərbdə mövcud olan bütün iqtisadi təşkilatlara üz qəbul olunsun. Nəticədə Azərbaycanın iqtisadiyyatı və maliyyə sisteminin reytinqi daha yüksək olacaq. Azərbaycanda investisiya qoyuluşu üçün lazımi şərait yaradılmalıdır.

Məsələn, Bakıda çoxlu beş ulduzlu otellər mövcuddur. Amma dörd, üç ulduzlu otellər demək olar ki, yox dərəcəsindədir. Bütün biznesmenlər milyarder deyillər ki, həmin o beş ulduzlu otellərin xidmətlərindən faydalansınlar. Bir çox biznesmenlər adi adamlardan fərqlənmirlər.

Bakı biznes qurmaq üçün əlverişli şəhəridir. Amma eyni zamanda çox bahalı və hər kəsin cibinə uyğun olmayan şəhərdir. Ona görə də əksər turistlər bura gəlmək istəmirlər. Onlar Bakıdakı qiymətlərlə tanış olduqdan sonra ya Tiflisə, ya da Türkiyənin şəhərlərinə gedirlər. Eyni hallar biznesdə də müşahidə olunur. İnsanlar gömrükdə, hava limanlarında müəyyən əngəllərlə üzləşirlər. Viza almaqda müəyyən problemlər mövcud idi.

-Siyasi gündəmin əsas müzakirə mövzularından biri də Almaniya Bundestqanın qondarma “erməni soyqrımı”nı tanımasıdır. Buna münasibətiniz necədir?

-Bu, erməni lobbisinin uğurlu fəaliyyətinin nəticəsidir. Çünki onlar daha aktivdirlər, daha çox işləyirlər. Almaniyada türkfobiya və islamafobiya meyilləri daha güclüdür. Onlar türklərə, müsəlmanlara nifrət edirlər. Bu, birinci dəfə baş vermir. Bundan öncə bir çox Avropa ölkləsində uydurma “soyqırım”la bağlı sənədlər qəbul olunub. Yəqin ki, proses bundan sonra da davam edəcək.

Hesab edirəm ki, bu kimi halların qarşısını almaq üçün türk dünyası, Azərbaycan-Türkiyə qardaşlığı bundan da güclü olmalıdır. Kompleks strategiya müəyyənləşdirilməli və buna uyğun addımlar atılmalıdır.



Avropada türk dünyasına qarşı böyük antipatiya mövcuddur. Bizə qarşı planlaşdırılan hücumların qarşısını almaq üçün əks hücum keçib, güclü təbliğat aparmağın zamanı çatıb.

Biz niyə burada oturub Almaniya Bundestqanın işindən danışmalıyıq? Bizim Milli Məclisimiz niyə bua cavab vermir, yaxud Türkiyə parlamenti bu istiqamətdə ciddi addım atmır? Xocalı soyqırımını biz dünyaya niyə çatdırma bilmirik? Bunun üçün strategiya hazırlamaq zəruridir.

-Strategiya dedikdə nəyi nəzərdə tutursunuz?

-Hər şey təhsildən başlayır. Gərək Türkiyədə də, Azərbaycanda da təhsilin səviyyəsi yüksəldilsin. Bizim insanımız öz tarixini mükəmməl bilməlidir. Fikirimcə, millətimiz Qarabağ həqiqətlərini, türklər isə 1915-ci il hadislərini aşağı səviyyədə bilirlər. Bunu yaxşı səviyyədə bilmək mütləqdir. Gerçək tarixi bilmədən heç nə edə bilmərik.

İkincisi məsələ peşəkar lobbi lazımdır. Nə Azərbaycanın, nə də Türkiyənin peşəkar lobbisi var. Peşkar lobbi o deməkdir ki, soydaşlarımız xaricdə yaxşı vəzifələrdə çalışsınlar, onların sözləri eşidilsin. Təəssüf ki, bizdə bunlar yoxdur, yada çox azdır.

Etiraf edim ki, bizim təkilatımız da peşəkar lobbi deyil. Biz hamımız könüllü biznesmenlərik. Vətənpərvər olduğumuz üçün vaxtımızı könüllü olaraq Azərbaycan üçün sərf edirik. Sərmayəni öz cibimizdən qoyuruq.

Üçüncü məsələ, əks hücuma keçməliyik. Niyə başqa ölkələrin parlametlərinin fəaliyyətindən bəhs edirik? Bizim Milli Məclis, Türkiyə parlamenti aktiv fəaliyyətlə məşğul olmalıdır.

- Yeni işinizdən danışaq. Ohayo ştatının Deyton şəhər Təhsil Şurasının rəhbəri kimi fəaliyyətiniz nədən ibarətdir? Birləşmiş Ştatlarda yüksək vəzifəyə tutan azərbaycanlı kimi hansl planlarınız var?

- Bu, bizim üçün böyük nailiyyətdir. Amerika tarixində yüksək vəzifəyə seçilən 5 türkdilli vətəndaşdan biriyəm. Bu, çox gözəl hissdir.
Mən ştatda olan bütün məktəblərə nəzarət edirəm. Bizim büdcəmiz yarım milyard dollardır. 14 min təhsil alan şagirdimiz, 2000-dən çox işçimiz var.

Hər gün problemləri həll etməklə məşğul oluruq. Amerika təhsil sisteminin qəribəlikləri var. Belə bir sistem nə Avropada, nə də digər ölkələrdə mövcuddur. Orada əsil demokratik sistem var. İnsanlar başa düşürlər ki, təhsil hər şeydən vacibdir. Bu baxımdan təhsilə daha çox demokratik prizmadan yanaşırlar. Nəinki bürokratik! Amerikada insanlar vəzifəyə təyin etmirlər, vətəndaşlar özləri seçirlər.

-Necə oldu ki, amerikalılar sizə etimad göstərdilər?

- Mən miqrant, türk, müsəlman olduğuma görə böyük çətinliklərə üzləşirdim. Çünki orada doğulmamışdım, Amerikada heç bir qohumum yoxdur. Mən bu vəzifəyə seçilmək üçün bir neçə nəfərlə rəqabət aparmalı oldum. Rəqiblərim Amerikada anadan olublar, orada böyüyüb, məktəbə gediblər. Hətta birinin atasının adına orada çox tanınmış bir küçə salınıb. Mən problemi daha çox bildiyim üçün millətin inamını qazandım. Təkcə Dayton şəhərinin 142 min əhalisi var. Onların cəmi 3 faizi türkdür. Türklərin verdiyi səslərlə bu vəzifəyə seçilmək mümkün deyildi.

Amerika çox demokratik ölkədir. Təklif edirəm ki, Trampa qulaq asmayın, çünki onun dediyi əsl Amerika deyil. Əsl Amerika mənim kimi miqrantları vəzifəyə seçən Amerikadır. Fikirimcə, bu nə Fransada, nə İsveçrədə, nə də Yaponiyada mümkündür.



-Amerika və Azərbaycanın təhsil sistemlərini necə müqayisə edərdiniz? Tələbələrin təhsil səviyyələri arasında hansı fərqlər var? Bizdə nələr çatışmır?

-Azərbaycanla müqayisədə ABŞ-da tələbələrin bilik səviyyəsi daha üstündür. Dünyada təhsil sistemlərinin reytinqləri var. Amerika bu siyahıda 11-ci, Rusiya isə 12-ci yerdədir. Birinci yerdə həmişə ya Finlandiya, ya da İsveç qərarlaşır. Azərbaycanın təhsil sistemi təxminən 40-cı yerdə olur. Bizim təhsil sistemi sovetlərin vaxtında çox möhkəm qurulmuşdu.

-Təhsilimizi inkişaf etdirmək üçün hansı işlər görülməlidir?

-Əlimdə şans olsaydı, bizdə təhsil sistemini kökündən dəyişərdim. Azərbaycanın təhsil sisteminə dərin reformlar lazımdır. Təhsil naziri Mikayıl Cabbarov çox gəncdir, xaricdə təhsil alıb. O, bu sahədə olan problemləri yaxşı bilir. Fikirimcə o, düzgün addımlar atır, mühüm yeniliklər tətbiq edir.

-Qeyd etdiyiniz kimi rəsmi vəzifə ilə yanaşı Amerikada biznes fəaliyyəti ilə də məşğul olursunuz. Uğurlu biznesmen olmaq üçün xaricə getmək şərtdirmi?

-Xaricə getmək şərt deyil. Azərbaycanda da uğurlu biznes fəaliyyəti ilə məşğul olan insanlar var. Mən Amerikada biznes proqramı üzrə təhsil almışam. İlk dövrlərdə bir neçə özəl şirkətdə çalışmağa başladım. Sonra özüm üçün biznes qurmağa qərar verdim.

-Azərbaycanda biznes qurmağı planlaşdırırsınızmı?

- Azərbaycanda biznesimin olmasını çox istəyərdim. Amerika böyük ölkədir və burada biznes üçün imkanlar genişdir. Hələlik Amerikadan başqa yerə köçməyi düşünmürəm. Gedəsi olsam, Kanada və Meksikanı seçərəm. Azərbaycana gəlməyim bir az çətindir. Məsafə çox uzaqdır.

-Amerikada yaşayan ermənilərlə əlaqələriniz varmı?

-Yaşadığım bölgədə ermənilər məni yaxşı tanıyırlar. Hətta deyə bilərəm ki, məni orada olan bütün azərbaycanlılardan daha yaxşı tanıyırlar. Onlar bütün addımlarımı yaxından izləyirlər. Ermənilər yalnış addım atmağı gözləyirlər ki, mənə qarşı təxribata əl atsınlar.

-Qarşınızda hansı hədəflər var?

-Mən təhsil sahəsindən sonra, siyasətlə məşğul olmaq istərdim.

- Amerika rəsmiləri ilə görüşləriniz olubmu? Məsələn, prezidentlə, yaxud digər yüksək post sahibləri…

-Amerikanın rəsmi şəxsləri ilə demək olar ki, hər gün görüşürəm. İşimlə bağlı senatorlar, qubernatorlar, merlərlə, spikerlərlə görüşlərim olur. Onlar məni yaxından tanıyırlar.

- Azərbaycana qayıtmaq, fəaliyyətinizi burada davam etdirməyi düşünürsünüzmü?

-Azərbaycana hər il gəlirəm. Bütün qohumlarım, yaxınlarım burada yaşayır. Azərbaycan mənim ürəyimdədi. Hər gün Azərbaycan haqqında danışıram, məqalələr çap etdirirəm.

Qarabağ azad edildikdən sonra Şuşaya mütləq gedəcəyəm. Babamın evi oradadır. Qismət olsa, həmin evi təmir etdirib, orda yaşayacağam.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti