Boks dünyasının əfsanəsi – Kley necə Məhəmməd Əli oldu? (FOTOLAR+VİDEO)

Boks dünyasının əfsanəsi – Kley necə Məhəmməd Əli oldu? (FOTOLAR+VİDEO)
  04 İyun 2016    Oxunub:45363
Xəbər verdiyimiz kimi, məşhur amerikalı boksçu Məhəmməd Əli iyunun 3-də 74 yaşında dünyasını dəyişib. Məşhur boksçu parkinson xəstəliyindən əziyyət çəkirdi. O, dünyanın ən tanınmış müsəlman boksçusu kimi tarixə düşə bilib.

“Bütün zamanların ən böyük boksçusu" kimi ad qazanan Məhəmməd Əli bundan əlavə “İnsan Hüquqları Mühafizəçisi” və ABŞ-da ilk İslam təşkilatının liderlərindən olub.

Məhəmməd Əli 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olub.

O, “Time” jurnalının açıqladığı “Tarixin ən dahi 100 şəxsiyyəti” arasında adı olan yeganə idmançıdır. Məhəmməd Əli bundan əlavə ESPN tərəfindən idman tarixinin ən yaxşı idmançısı seçilib .O, bu siyahıda Maykl Cordon Jordan ,Lance Armstrong, Tiger Woods ,Diego Maradona və Wayne Gretzky kimi əfsanəvi idmançıları geridə qoyub.
Məhəmməd Əlinin ən məşhur və az qala əfsanəyə çevrilən deyimlərindən biridə bu olub: “Əsla mənə yaxşı olduğumu söyləməyin, çünki mən ən yaxşıların yaxşısıyam” .

Məhəmməd Əli 1964-1966, 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu olub. 1974-1978-ci illərdə WBC, 1967, 1974—1978, 1978-ci illərdə WBA versiyası üzrə dünya çempionu titulunu qazanıb.

AzVision.az əfsanəvi boksçunun tərcümeyi halnı oxuculara təqdim edir:



HƏYATI

Əsl adı Kassius Marsellus Kley olan əfsanəvi boksçu Məhəmməd Əli 1942-ci il yanvar ayının 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub. Kleyin atası reklam sahəsində çalışıb, anası isə evdar qadın olub. Metodist kilsəsinin üzvü olan olan atası həyat yoldaşına oğullarını anasının istəyinə görə yetişdirməyə - Baptist kilsəsinə aparmağa icazə verirdi.

Kasius 12 yaşında olarkən onun velosipedini oğrayırlar. Tez tədbir görmək qərarına gələn kiçik Kley cəld polis idarəsinə yollanır. O, polis zabiti, eyni zamanda boks müəllimi olan Joy Martinə müraciət edərək, xuliqanın dərhal həbs edilərək, yaxşıca əzişdirilməsini tələb edir. Polis zabiti ona bunu edə bilmək üçün əvvəlcə bu işi bacarmağın lazım olduğunu bildirib. Növbəti gündən Kasius Martinin boks zalında məşqə başlayıb. Beləliklə boksla məşğul olmağa başlayan Kley 1960-cı ildə Romada keçirilən Olimpiya oyunlarında ilk böyük qələbəni qazanıb. Burada o, turnirin qızıl medallarına layiq görülüb.



İDMAN UĞURLARI

1961-ci ildə Kasius dövrün məşhur "nokautçu" boksçusu Lamar Klarkla üz-üzə gəlib. O, Klarkı ikinci raundda nokauta göndərib.

1962-ci ildə Sonni Benkslə görüşdə Kley həyatında ilk dəfə nokdauna düşür. Dördüncü raundda isə Kley rəqibini nokauta göndərib.

1960-63-cü illərdə gənc boksçu keçirdiyi bütün 19 görüşü tam qələbə ilə başa vurub ki, bunlardan 15-i nokautla başa çatıb.



KLEY İSLAMLI QƏBUL EDİR

1964-cü ildə Sonni Listonu məğlub etdikdən sonra Kley İslamı qəbul edib. Artıq Kasius Kley yoxdur, əvəzinə Məhəmməd Əli vardır. O, həmçinin, Aliya Məhəmmədin rəhbərlik etdiyi təşkilata üzv olub.

Həmin dövrdə bu təşkilat qara dərili müsəlmanların təşkilatı hesab olunurdu. Təşkilatın rəhbəri Aliya Məhəmməd təşkilata yeni üzv seçilən boksçuya Malkolm X-in razılığından sonra Kasius X adını verib. 1964-cü il mart ayının 6-da Malkolm X onu özü ilə birlikdə Birləşmiş Millətlər Təşkilatına dörd günlük səfərə aparıb. Həmin gecə Aliya Məhəmməd Kasiusun adının dəyişdiyini və bundan sonra onun Məhəmməd olduğunu radiodan bəyan edib.
İlk dövrlərdə Kasiusu Məhəmməd kimi yalnız bir neçə jurnalist qəbul edirdi. Belə ki, bu ad onun sözügedən təşkilatdan olduğuna işarə idi. Gənc boksçunun bu təşkilata üzv olması bir sıra dairələri də bərk narahat edirdi. Onlar təşkilatın digər üzvləri kimi Əlini də separatçı hesab edir və ondan şübhələnirdilər.

Müsahibələrinin birində Əli ağ və qara dərili insanların inteqrasiyası fikrini tənqid edərək, ağlarla birlikdə yaşamaq istəmədiyini bildirmişdi. Əli öz fikrində israr edirdi. Onun fikrincə, ağdərili insanların qaraları görən gözü yox idi.
1975-ci ildə Aliya Məhəmmədin vəfatından sonra Əli əsas İslam cərəyanı olan sünni məzhəbinə mənsub olduğunu bildirib.

1965-ci ilin noyabrında Əli Floyd Pattersonla titulunu müdafiə etmək üçün ikinci dəfə döyüşüb. Əli bu döyüşdə xüsusi səylə rəqibinə zərbələr endirirdi, çünki döyüşdən əvvəl Patterson onu yeni adı - Əli adı ilə çağırmaqdan imtina etmiş və onu Aliya Məhəmmədin rəhbərlik etdiyi təşkilata üzv olduğuna görə qınamışdı.



1967-ci ildə Əli ABŞ ordusunda hərbi xidmətə çağırılıb. Bu zaman ABŞ Vyetnam ilə müharibəyə başlamışdı. Əli həmin vaxt orduda xidmət etməkdən imtina edib. O, özünü könüllü imtinaçı adlandırırdı. Əli ABŞ-ın başlatdığı müharibənin müqəddəs Quranın təlimlərinə zidd olduğunu elan edirdi.

“Biz Allah və onun peyğəmbəri tərəfindən bildirilməyən heç bir müharibədə iştirak etməməliyik. Biz xristian və Allahın varlığını inkar edənlərin əli altında vuruşmamalıyıq. Mənim Vyetnam Konqresi ilə heç bir problemim yoxdur. Onlar məni heç vaxt təhqiredici formada "qara zənci" çağırmayıblar. Bu ədalətsiz bir müharibədir” - deyə Əli açıq şəkildə bildirirdi. Bundan sonra ABŞ-ın Boks Federasiyası onun bütün titullarını əldən alaraq, Əlini boksdan uzaqlaşdırır.

Daha sonra isə Əliyə külli miqdarda pul cəzası kəsilir və ömürlük azadlıqdan məhrum edilir.
Əlinin hərbi xidmətdən boyun qaçırması ilə bağlı məhkəmə işi ölkənin Ali Məhkəməsinə göndərildiyi zaman Əlini dəstəkləyənlərin və müharibə əleyhinə səslərini ucaldanların sayı günbəgün artırdı. Əli ictimaiyyətin hörmət və ehtiramını qazanırdı,dinindən və irqindən asılı olmayaraq hər kəs ona hörmət edirdi, tarixdə heç kəs insanlar tərəfindən bu qədər hörmətə layiq görülməmiş idi. Axı, o, öz prinsiplərinə sədaqət nümayiş etdirmiş və əqidəsindən dönməmişdi.



ƏLİ RİNQƏ QAYIDIR

1970-ci ildə Əliyə yenidən rinqə qayıtmağa icazə verilib. Bu işdə ona Corcia ştatınından olan senator köməklik edib. Belə ki, o zaman Corcia ştatı ABŞ-da boks lisenziyası olmadan döyüşlərin keçirildiyi yeganə ştat idi.
1971-ci il mart ayının 8-də Əli və Co Freyzer arasında "Əsrin döyüşü" adlandırılan döyüş baş tutub. Döyüş Freyzerin qələbəsi ilə başa çatıb. Bu iki təcrübəli və məğlubedilməz döyüşçü ağır çəkili boksçuların çempion kəmərinin müdafiəsi uğrunda üz-üzə gəliblər. Bu, Əlinin ilk məğlubiyyəti olub.

1973-cü ilin martında Əli karyerasında hakimlərin mübahisəli qərarından sonra ikinci dəfə Kenon Nortona məğlub olub.

1974-cü ilin yanvarında Əli daha əvvəl məğlub olduğu Co Freyzerlə ikinci dəfə rinqdə üz-üzə gəlib və onu məğlub edib.

Elə həmin ilin oktyabr ayında Əli məğlubedilməz Corc Formanı məğlub edərək, ikiqat dünya çempionu tituluna sahib çıxıb. Bu döyüş "Cəngəllikdə guppultu" adı ilə boks tarixinin qızıl səhifəsinə çevrilib.



1975-ci ilin martında Əlinin Çak Vepnerlə mübarizəsi və karyerası ərzində dördüncü dəfə nokdauna düşməsi Rokki filminin ssenarisinin "əsasını qoyub". Belə ki, görüşün 9-cu raundunadək müdafiə olunaraq zərbələr "yeyən" və 9-cu raundda nokdauna düşən Əli sonrakı üç raundda rəqibinə çoxlu zərbə endirərək qalib gəlib.

1975-ci ilin sentyabrında Məhəmməd Əli ilə Co Freyzer arasında üçüncü döyüş keçirilib. Görüş Filippinin Manila şəhərində 30 dərəcədən artıq isti havada keçirilib. Bu sonadək aqressiya dolu döyüş idi. Görüşün 14-cü raundunda Freyzer döyüşü davam etdirməkdən imtina edib və Əli qələbə qazanıb. Bu döyüş "Manilada Triller" adını qazanıb və hələ də dünyada bu gunə qədər keçirilmiş ən böyük boks qarşılaşması olaraq qəbul edilməktədir. Döyüşdən sonra Əli Freyzeri özündən sonra bütün dövrlərin ən yaxşı boksçusu adlandırıb.



ƏLİ BOKSU TƏRK EDİR

1978-ci ildə Əli Leon Spinksə məğlub olub. Bu, onun üçüncü məğlubiyyəti idi. Ancaq Əli onu revanşa dəvət edərək, bu məğlubiyyətin əvəzini elə həmin ilin sentyabr ayında çıxır və tarixdə ilk dəfə olaraq bir boksçu 3-cü dəfə dünya çempionu adı qazanıb.

1980-ci ildə Əli Larry Holmesə məğlub olub, 10 raunddan sonra döyüşü davam etdirmək istəməyən Əli hakimlərin qərarı ilə texniki nakautla məğlub olub. 1981-ci ildə Trevor Berbikə məğlub olan Əli boksu tərk etdiyini elan edib. O, parkinson olduğu üçün son döyüşlərində məğlub olub.



Əli nüfuzlu boks jurnalı Rinqin ən çox ilin boksçusu elan edilən boksçu kimi tarixə düşüb. 1978-ci ildə Əlinin doğma rayonu Luisvildə Valnut küçəsinin adı Məhəmməd Əli Bulvarı kimi dəyişdirilib.

Bir neçə il sonra tanınmış boksçuda parkinson xəstəliyinin əlamətləri görünməyə başlayıb. Əli boksu tərk etsə də, onun danışığı və refleksləri pisləşməkdə davam edib. O, parkinson xəstəliyindən əziyət çəkirdi.

1991-ci ildə Tomas Hauzer tərəfindən "Məhəmməd Əli: Onun həyatı və zamanlar" adlı kitab işıq üzü görüb. Əliyə dünyada ən çox tanınan şəxsiyyət olduğuna görə, "Amerikanın ruhu" mükafatı təqdim olunub.

1999-cu ildə atasının etirazlarına baxmayaraq, Əlinin qızı Leyla Əli də boksçu karyerasına başlayıb. Əli zərif cinsin nümayəndələrinin boksla məşğul olmasına mənfi münasibət bəsləyirdi.

2001-ci ildə Əlinin həyatı ekranlaşdırılıb. Əli filmində əsas rolu məşhur Hollivud ulduzu Vil Smit ifa edib. Vil Smit əvvəlcə rolu ifa etməkdən imtina edib. O, ancaq Əlinin razılığını aldıqdan sonra rolu qəbul edib. Smitin dediyinə görə, Əlinin onun haqqında dediyi ilk söz: "Sən məni canlandırmaq üçün kifayət qədər gözəl deyilsən" olub.



2002-ci ilin noyabr ayının 17-də Əli Birləşmiş Millətlər Təşkilatının sülh elçisi kimi Əfqanıstana səfər edib. O, BMT-nin xüsusi qonağı kimi üç gün ərzində xoşməramlı səfir sifəti ilə Kabildə qalıb.

2005-ci il noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə Əli prezident Corc Buş tərəfindən Azadlıq Medalı ilə təltif edilib. Həmin ilin dekabrın 17-də o, Almaniyanın Ottohan Sülh Qızıl Medalı ilə təltif edilib. Buna səbəb Əlinin ictimai fəaliyyəti olub.

Məhəmməd Əli iyunun 3-də 74 yaşında dünyasını dəyişib.

Hazırladı: Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti