Anasını 30 ildən sonra görən Xalq şairi... – Reportaj (FOTOLAR+VİDEO)

Anasını 30 ildən sonra görən Xalq şairi... – Reportaj (FOTOLAR+VİDEO)
  18 May 2016    Oxunub:35490
Xalq şairi, tanınmış publisist Söhrab Tahirin ölümü Azərbaycan mədəniyyəti üçün ağır itki oldu. Uzun müddət şəkər xəstəliyindən əziyyət çəkən şairin ölümündən öncə hər iki ayağı amputasiya olunmuşdu. Ömrünün çətin günlərini yaşayan şair əməliyyatdan cəmi bir ay bir gün sonra – mayın 4-də sevimli xalqı, sənət dünyası ilə vidalaşdı.

Söhrab Tahir Azərbaycan ədəbiyyatında elə bir iz qoyub ki, o, hələ uzun illər xatırlanacaq.

Qeyd edək ki, Söhrab Tahir 1926-ci il avqustun 6-da Güney Azərbaycanın Astara şəhərində sənətkar ailəsində anadan olub.
Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası alıb. 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub.

1959-1961-ci illərdə Moskvada M. Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olub.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.


Xalq şairinin keşməkeşli həyatına işıq salmaq üçün onun evinə yollanıb , ailəsindən reportaj hazırladıq. Bizimlə hömsöhbət olan Söhrab Tahirin həyat yoldaşı və oğlu şairlə bağlı indiyədək heç kimin bilmədiyi və onun yaşadığı çətin günlərdən söz açıb, yadda qalan xatirələri bizimlə bölüşüblər.



Söhbətə ilk olaraq ömrünün 40 ilini Söhrab Tahirlə birlikdə yaşayan xanımı ilə başladıq:

-Söhrab müəllimlə 40 il bir yerdə yaşamışıq. Mənim 75 yaşım var. Zöhrab müəllimdən 15 yaş balacayam. Onunla birlikdə 10 il Yazıçılar İttifaqında (Hazırda Azərbaycan Yazıçılar Birliyidir-red) işləmişəm. Söhrab müəllimlə 1975-c ildə tanış olmuşam. O, Yazıçılar İttifaqına gələndə, məni orada bəyənmişdi.

1975-ci ilin 15 dekabrında mənə evllik təklif etdi. Günlərin bir günü qızlarla Yazıçılar İttifaqının mətbəxində yemək qızdırırdıq. O, birdən içəri girdi. Qızlara dedi ki, sizdən çəkinmədən Südabə xanımı öpəcəyəm. Mən çox utandım, xəcalət çəkdim. Evlilik təklifi belə başladı. Mənə həmişə dağlar qızı deyərdi.

Biz tanış olanda onun 49, mənim isə 31 yaşım var idi.

Məndən əvvəl tələbəlik illərində iranlı bir qızı sevirmiş. Həmin qız vəfat edib. Ondan sonra rus qızla ailə qurub. Həmin qadın xəstə olduğundan uşaqları olmayıb.

Tale elə gətirdi ki, biz ailə qurduq. Evliliyimizdən oğlum Tahir dünyaya gəldi. Hazırda onun 36 yaşı var. Nəsibə adlı bir qızımız da var. Onun da hazırda 50 yaşı var. Ailəsi ilə birgə yaşayır.

Həyat yoldaşının sözlərinə görə, Söhrab Tahir ağır xarakterli ailə başçısı olub. O, nadir hallarda sevincini büruzə verirmiş. Söhrab Tahir dənizi çox sevdiyindən qələmə aldığı yazıların əksəriyyətində dəniz mövzusu üstünlük təşkil edib.



Südabə xanım şairin yaşadığı çətin günlərdən söz açaraq söhbətə davam edir:

- Söhrab müəllim 1926-ci ilin avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olub. Ailəsinin maddi durumu yaxşı olmadığından kiçik yaşlarından işləməyə məcbur olub.

1945-ci ildə İranda Milli hökmət qurularkən o, xalq hərəkatında fəal iştirak edib. Seyid Cəfər Pişəvərinin möhürdarı olub. Milli hökumətin zamanında Təbrizdə zabitliyi oxumaq üçün həkim komisiyasından keçib və Azərbaycana hərbi piyadalar məktəbinə göndərilib. Əslində, o, təyyarəçi olmaq istəyirmiş. Ürəyi zəif olduğundan həkimlər icazə verməyiblər.

Söhrab müəllim Bakıya təhsil almağa gəldikdən sonra 1946-cı ildə Pişəvəri hökumətinin şah rejimi tərəfindən qanla boğulması onun bir daha Cənubi Azərbaycana qayıda bilməməsinə səbəb olub. 20 yaşından anasından, qardaşılarından, digər qohumlarından uzaq qalıb. Şimali Azərbaycanda həmişə ana həsərti ilə yaşayıb. O, 40 ildən sonra qardaşlarını görə bilib.

Söhrab müəllim 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası üzrə təhsil alıb. Daha sonra 1952-1957-ci illərdə Azərbaycan Dövlət Unversitetinin (İndiki Bakı Dövlət Universiteti-red) Filologiya fakültəsində oxuyub. 1959-1961–ci illərdə Moskovada Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. Söhrab müəllim bundan sonra həyatını Şimali Azərbaycanla bağlayıb, azadıq, inqilab, Şimali, Cənubi Azərbaycanın birliyi, tarixi haqqında yazılar yazıb.

Söhrab müəllim çox sakit insan idi. O, ömründə heç kimin xətrinə dəyməyib. Sadəliyi sevərdi, sadə geyinərdi. Deyirdim ki, sən nə üçün belə geyinirsən, kənardan baxan elə bilər ki, sənin paltarın yoxdur. Ölümündən sonra 17-18 dəst kostuyumuna baxdım, ürəyim ağrıdı.



-Şairlərdən birinin belə bir sözü var: “Əgər şairlik bir qəhrəmanlıqdırsa, şairlə yaşamaq igidlikdir. Yəni onların təbiəti bir az başqacür olur.

-Düzdür, bəzən elə olurdu ki, kimləsə danışmaq, hətta yemək yemək belə istəmirdi. Ancaq yazmaq haqqında düşünürdü. Onu ailədən çox yaradıcılığı düşündürürdü.

- Eşitdiyimə görə, Söhrab Tahirin anası Azərbaycana onu görməyə gələndə övladını tanımayıb.

- Söhrab Tahirin anası Azərbayacana 1973-cü ildə gəlmişdi. Qarşılaşanda anası onu tanımadı. Çünki Söhrabı sonuncu dəfə 20 yaşında görmüşdü, görüşən də isə onun 50 yaşı vardı. Anasını 30 ildən sonra oğlunu gördü.

Anası elə bildi ki, Söhrab onun oğlu yox, qardaşı İsrafildir. Oğlu olduğunu biləndə, anasının ürəyi getmişdi. Azərbaycandan qayıdandan sonra cəmi bir ay yaşadı.



Şairin qardaşları sərhədlər açılandan sonra Azərbaycana tez-tez gəlirdilər. Onun bir qardaşının 83, digərinin isə 76 yaşı var.
Sərhədlər açılandan sonra Söhrab İrana cəmi 3 dəfə getmişdi. Həmişə gedib sərhəd tellərindən tutub, İrana həsrətlə baxırdı. O, qapalı insan idi. İstəyini, sevgisini övladına deyə bilmirdi. Xəstə olanda deyirdi ki, “Tahir, mən sənə ürəyimin istəyini çatdıra bilmədim”.

Ayaqları kəsiləndə oğlum Tahir onu qucağına götürüb, gəzdirirdi. Zarafata salıb deyirdi ki, “ata, sən heç məni belə qucağına almamışdın”. Söhrab gülüb deyirdi ki, “düz deyirsən, oğul, səni heç doyunca qucağıma almadım”.



-Söhrab müəllimin son günləri necə keçdi?

-Son günlər vəziyyəti ağır idi. Həkimlər ayaqlarının amputasiya olunmasının vacib olduğunu deyirdilər. O, isə buna etiraz edirdi. Ayaqları dizə qədər çürüyürdü. Və çürümə iy verirdi. Buna görə də özü yazılı şəkildə amputasiyaya razılıq verdi.
Əməliyyatdan sonra cəmi bir ay yaşadı.

Gecə saat 3 idi, oğlum Tahirlə mən oturub güdürdük ki, onun əhvalı necə olacaq. Söhrab dedi ki, belə yatmaq istəmirəm, yatağımın yerini dəyişin. Yatağını qibləyə çevirdik.

Səhər saat 7-də vəziyyəti pisləşdi. Qardaşı Pərvizlə danışmaq istədiyini dedi. Qardaşı ilə danışandan bir neçə saat sonra dünyasını dəyişdi.



Ömrünün son günlərində çox həssas olmuşdu. Anasının şəklinə baxıb ağlayırdı. Ölənə kimi anası dilindən düşmədi.
Onun şəkər xəstəliyinə yol qəzası səbəb olmuşdu. Bir dəfə Vaqif Arzumanlı ilə Şəkiyə görüşə getmişdilər. Maşınları yolda çaya düşəndə çox qorxmuşdu. Ondan sonra Söhrabda şəkər xəstəliyi yaranmışdı.



Söhbətimizi mərhum şairin oğlu Tahir Tahiri ilə davam etdiririk:

-Atam çox zəhimli insan idi. Evə girəndə səsi bir az sərt olardısa, artıq bilirdik ki, kişi əsəbiləşib. Ancaq qəlbi kövrək, məhəbbət dolu insan idi. Azərbaycan xalqına o qədər böyük məhəbbəti var idi ki, övlad, ailə məhəbbəti bunun yanında heç nə idi.

Keçən ilin oktyabr ayında atam özünü pis hiss edirdi. Dedi ki, məni həkimə aparın. İndiyədək o, heç vaxt öz istəyi ilə həkimə getməzdi. Atamı həkimə apardıq. Müayinə olundu. Vəziyyətinin pis olduğu bildirildi. Atanı Neftçilər Xəstəxanasına yerləşdirdik. 3 gündən sonra həkimlər dedi ki, ürəyi çox zəifləyib, ayağında qanqrena başlayıb. Həkim bildirdi ki, ayağı mütləq amputasiya olunmalıdır. Atam razılaşmırdı. Dedi ki, əsərim yarımçıq qalıb, evə qayıtmalıyam. Onun sözünün qabağında biz heç nə deyə bilməzdik. Atamı xəstəxanadan evə gətirdik. İki ay ərzində o, “Ata” poemasını dedi, mən yazdım. Poema 6660 misradan ibarətdir. Biz bunu cəmi iki aya bitirdik.



Hiss edirdim ki, atamın vəziyyəti pisləşir, ayağı dizə qədər çürüyürdü. Yazı bitəndən sonra atam ayağının amputasya olunmasına razılıq verdi. Dedi ki, indi ayağımı kəsə bilərsiniz. Onun ayağı kəsiləndə cəbhədə döyüşlər gedirdi. Çox narahat idi. Məni yanına çağırıb bildirdi ki, xəstəxanadan çıxan kimi cəbhə bölgəsinə getməliyik. Əsgərlərlə görüşüb, onlara şeirlərimi oxumaq istəyirəm.
Onları ruhlandırmalıyıq. Yəni balasından, canından çox Azərbaycanı sevirdi.







Şahanə Rəhimli
Foto: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti