`Hazırda struktur islahatları həyata keçirilir` - Mədət Quliyev

`Hazırda struktur islahatları həyata keçirilir` - Mədət Quliyev
  09 May 2016    Oxunub:2976
Azərbaycan tarixində qurucu və xilaskar dövlət xadimi, əsl xalq məhəbbətini qazanmış siyasi lider, milli azadlıq və qurtuluş hərəkatının qüdrətli öndəri kimi əbədi yer tutan Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ölkəmizin müstəqillik tarixinin əlamətdar bir dövründə qeyd edilir.
Bu barədə Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyevin məqaləsində deyilir.

Qeyd olunub ki, möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti özünün dayanıqlı sosial-iqtisadi inkişafını təmin etməklə yanaşı, ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində çox mühüm və taleyüklü addımlar atır. Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasının müasir dövrün tələbləri, yeni ideyalar əsasında daha da zənginləşdirilərək, qətiyyət və ardıcıllılqla davam etdirilməsi ölkəmizi gücləndirir, uğur və nailiyyətlərimizi daim artırır.

Bildirilib ki, müasir Azərbaycan dövlətçiliyi qədim və şərəfli tarixi köklərə, yüz illər boyu nəsillərdən-nəsillərə ötürülən ənənələrə bağlıdır. "Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bugününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır", - deyən Ulu Öndər Heydər Əliyevin mənalı ömrü və möhtəşəm dövlətçilik fəaliyyəti məhz xalqımızın tarixi ənənələrinə sadiqliyinin ən bariz nümunəsidir. O bu tarixi ənənələrə nəinki əsl vətəndaş və rəhbər məsuliyyəti ilə yanaşmış, həm də özü Azərbaycanın yeni, müasir dövlətçilik tarixini yaratmış, daha mükəmməl dövlət idarəçiliyi ənənələrinin əsasını qoymuşdur. Müstəqil və suveren dövlətin simvolu, siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi xalqımızın yaddaşında əbədi yaşayan Heydər Əliyevin uca şəxsiyyəti və həyat yolu onun davamçıları, ölkəmizin indiki və gələcək nəsilləri üçün ən dəyərli örnəkdir".

M.Quliyev yazır ki, ümummilli lider Heydər Əliyevin çox gənc yaşlarından dövlət hakimiyyətinin mühüm strukturlarından birində - təhlükəsizlik orqanında xidmətə başlaması, burada çalışdığı uzun illər ərzində yüksək peşəkarlığa və təşkilatçılıq bacarığına yiyələnməsi onun həyat yolunu müəyyənləşdirən başlıca amil idi. Sovet hakimiyyəti dövründə özünün nadir istedadı və fenomenal xüsusiyyətləri sayəsində bu orqanda sıravi əməkdaşdan komitə sədri və general-mayor rütbəsinədək yüksəlmiş ilk azərbaycanlı kimi adını tarixə yazdıran Heydər Əliyev, həm də müstəqil Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının müəllifi və onun gerçəkləşməsini təmin edən səmərəli idarəçilik sisteminin yaradıcısı oldu.

Məqalədə vurğulanır ki, müasir dövrdə təhlükəsizlik orqanlarının vəzifəsi şəxsiyyətin, cəmiyyətin və dövlətin ən ümdə maraqlarını müdafiə etmək, ölkənin sabit inkişafına nail olmaq, xarici və daxili təhlükələrə qarşı mübarizə aparmaqdır: "Lakin sovet hakimiyyəti illərində bu orqanların fəaliyyəti tamamilə siyasiləşdirilmiş, hakim kommunist ideologiyasının tələb və prinsiplərinə tabe edilmişdi. Bu tələbləri yerinə yetirməklə yanaşı, həm də milli düşüncəyə, doğma xalqına məxsus mənəvi-əxlaqi dəyərlərə sadiq qalmaq xüsusi xidmət orqanı əməkdaşından böyük hünər və cəsarət tələb edirdi. Ulu Öndər Heydər Əliyev yalnız özünün fenomenal şəxsi keyfiyyətləri sayəsində bu çətin missiyanın öhdəsindən gəlməyi bacarmışdır. Bir mühüm məqama da diqqət yetirmək vacibdir ki, Ulu Öndərin xüsusi xidmət orqanı əməkdaşı kimi iyerarxik yüksəlişinin başlandığı 1950-ci illərin ortalarından etibarən sovet təhlükəsizlik orqanlarının fəaliyyəti, əsasən, cəmiyyəti qorxu altında saxlayan qanunsuz repressiv metodlardan imtina edilməsi, keçmiş repressiya qurbanlarının reabilitasiyası ilə səciyyələnən yeni mərhələyə keçirdi.

Belə bir faktı da unutmaq olmaz ki, repressiya illərində Azərbaycanın təhlükəsizlik orqanlarında milli kadrlar azlıq təşkil edir, xalqımızın dəyərli övladlarının məhv edilməsində mərkəzi siyasi hakimiyyətin iradəsini yerinə yetirən qeyri-azərbaycanlılar, ən çox da erməni millətindən olan kadrlar fəallıq göstərirdilər.
M.Quliyev qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində Heydər Əliyevin əks-kəşfiyyat sahəsindəki peşəkarlığını əyani olaraq təsdiqləyən çoxsaylı sənədlər saxlanılır: "Vaxtilə xarici xüsusi xidmət orqanlarının respublikamızda planlaşdırdığı və həyata keçiməyə çalışdığı kəşfiyyat-pozuculuq tədbirlərinin qarşısının alınması, agentura və casusluq fəaliyyətinin aşkar edilməsi məqsədilə onun iştirakı və rəhbərliyi ilə bır sıra uğurlu və mükəmməl əməliyyatlar həyata keçirilmiş, bu əməliyyatlarda əldə edilən təcrübə SSRİ-nin digər təhlükəsizlik orqanlarında öyrənilmiş və geniş tətbiq edilmişdir. Bununla belə, Heydər Əliyevin 1950-1960-cı illərdə dövlət təhlükəsizliyi orqanlarında xidməti uğurları və milli mənafeləri qorumaq təşəbbüsləri ona heç də asanlıqla başa gəlməmiş, bəzən çox ciddi sınaqlara məruz qoymuşdur. Ulu Öndər xatırlayırdı ki, həmin dövrdə dövlət təhlükəsizliyi sistemində əsas rəhbər vəzifələrdə başqa millətlərə mənsub olan kadrlar işləyirdi, yerli kadrlar isə nəinki az idi, üstəlik də, onların bir çoxu yüksək savada, biliyə, yaxud keyfiyyətə malik deyildilər. Repressiya illərindən sistemdə qalmış, milli mənafelərə xilaf çıxmış belə kadrlar Heydər Əliyevin yerli kadr potensialını yeniləmək və gücləndirmək, say tərkibini yüksək mənəviyyatlı, millətini sevən gənclərin hesabına artırmaq təşəbbüslərinə hər vəchlə mane olmağa çalışıb, müəyyən fitnə-fəsadlara əl atsalar da, onun dəmir iradəsi və peşəkarlığı qarşısında aciz qalırdılar.

Sonralar bu hadisələri xatırlayarkən Ulu Öndər demişdir: "Ancaq 1950-ci illərin ikinci yarısında, 1960-cı illərdə, sonra 1970-ci illərdə Azərbaycanın təhlükəsizlik təşkilatında ciddi dəyişikliklər həyata keçirmək mümkün oldu". Heydər Əliyevin Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyat idarəsinə rəhbərlik etdiyi 1956-65-ci illər ərzində, xüsusilə də komitə rəhbərliyinə irəli çəkildiyi 1965-ci ildən sonra bu orqana milli kadrların cəlb edilməsi, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə irəli çəkilməsi bu istiqamətdə mühüm addım olmuşdur. Məhz Ulu Öndərin səyi və birbaşa iştirakı ilə həmin dövrdən təhlükəsizlik orqanlarında azərbaycanlıların xüsusi çəkisi sürətlə artaraq, 1980-ci illərdə 70 faizə çatmış, bu proses dinamik, dönməz xarakter almışdır. Bu dövrdə Azərbaycan təhlükəsizlik orqanlarında formalaşmış yeni nəsil sonralar müstəqil Azərbaycanın milli təhlükəsizlik orqanlarının kadr potensialının özəyini təşkil etmişdir. Həmin dövrdə respublikanın təhlükəsizlik təşkilatının milliləşdirilməsini ən böyük nailiyyət kimi dəyərləndirən Heydər Əliyev bu addımın təşkilatın fəaliyyətini milli mənafelərə daha çox uyğunlaşdırmaq imkanı yaratdığını da vurğulayırdı.

Bu məqamla bağlı bir maraqlı faktı qeyd etmək yerinə düşərdi. Belə ki, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Böyük Vətən müharibəsi illərində partizan hərəkatında iştirakı və qəhrəmanlıqlar göstərməsi barədə həqiqətlərin üzə çıxarılmasında Heydər Əliyevin müstəsna xidməti olmuşdur. Heydər Əliyev əks-kəşfiyyatçı kimi hərbi əsir və legionerlərin işlərini araşdırarkən həmyerlimizin partizanlıq fəaliyyətini önə çəkərək, lazımi materiallar toplamış, onun qəhrəman kimi tanınması üçün yuxarı rəhbərlik qarşısında məsələ qaldırmışdır. Nəticədə Mehdi Hüseynzadəyə həm ali fəxri ad verilmiş, həm də onun haqqında əsər yazılıb, film çəkilmişdir. Respublikaya rəhbərlik etdiyi dövrdə isə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda məşhur azərbaycanlı partizanın adını və qəhrəmanlığını əbədiləşdirən abidə ucaldılmışdır".

DTX rəisi yazır ki, Ümummilli Lider sovet hakimiyyəti illərində Dövlət Təhlükəsizliyi Komitəsində çalışdığı və ona rəhbərlik etdiyi dövrdə bu orqanın milli kadr potensialını artırmaqla, milliləşdirmə siyasəti aparmaqla yanaşı, həm də respublikada milli oyanışın, bu prosesin fəal iştirakçısı olan vətənpərvər ziyalıların siyasi-ideoloji təqiblərdən qorunması, öz yaradıcılıqlarında xalqımızın tarixi-mənəvi dəyərlərini təbliğ etməsi üçün hətta əfsanələşmiş, yaddaşlarda əbədi yaşayan misilsiz fədakarlıqlar göstərmişdir: "Azərbaycanın bir çox görkəmli ziyalılarını - akademik Ziya Bünyadovu, Xəlil Rza Ulutürkü, Bəxtiyar Vahabzadəni, Anarı və digər ədiblərimizi milli düşüncələrinə görə təqibdən məhz Heydər Əliyev qorumuş, əslində, özünün yüksək karyerasını təhlükə altına atmaqla milli mənafelərin açıq-aşkar müdafiəsinə qalxmışdır. Sonralar Azərbaycana rəhbərlik etdiyi illərdə respublikada yaradıcı ziyalılar arasında siyasi dissidentlərin olmaması barədə danışarkən Ulu Öndər demişdir: "...Əgər axtarsaydıq, çox dissident çıxarmaq olardı. Amma biz axtarmırdıq. Bu nə deməkdir? Bu o deməkdir ki, həmin dissident sayılanların əsərlərini biz qəlbən qəbul edirdik və onların özünə yol tapması üçün imkanlar yaradırdıq. Beləliklə, həmin müəlliflərə öz həmrəyliyimizi bildirirdik".

Göründüyü kimi, mövzu və məzmunca mövcud ideoloji-siyasi istiqamətə zidd əsərləri qəlbən qəbul etmək, onları qələmə alan müəlliflərlə həmrəy olmaq sovet təhlükəsizlik orqanı rəhbərinin təkcə hünər və cəsarətindən, milli ideyalara sədaqətindən deyil, həm də özünün mənəvi gücünə və xarizmasına inamından, milliyyətçiliyi dövlət mənafeyinə xəyanət hesab edən Mərkəzin qarşısında öz mövqeyini qoruya bilmək bacarığından xəbər verir. Məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində Azərbaycan cəmiyyətinə aşılanan özgürlük və milli dirçəliş ideyaları, ötən əsrin 80-90-cı illərinin qovuşuğunda xalqımızın yenidən baş qaldıran azadlıq və müstəqillik mübarizəsinin rüşeymini təşkil etmişdir".

Məqalədə bildirilir ki, Ulu Öndər Heydər Əliyev istər dövlət təhlükəsizliyi sistemində çalışdığı, istərsə də respublikaya birinci dəfə rəhbərlik etdiyi dövrdə erməni millətçilərinin Azərbaycana qarşı torpaq iddialarının qarşısının alınması üçün əksər hallarda təkbaşına, yalnız öz təcrübəsi, siyasi bəsirəti və geniş intellektual imkanları hesabına davamlı olaraq qətiyyətlə mübarizə aparmışdır: "Bu bir tarixi həqiqətdir ki, "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçiləri, onların hərbi-terrorçu təşkilatları və siyasi ideoloqları ərazilərimizi ələ keçirmək üçün xalqmızın əleyhinə fasiləsiz şəkildə fitnəkar planlar qurur, açıq düşmənçilik fəaliyyəti göstərirlər. Ötən əsrin əvvəllərində Azərbaycan torpaqlarında erməni dövlətinin qurulmasından, sonrakı illərdə kommunist rejiminin himayəsi ilə yenidən respublikamızdan qoparılan ərazilər hesabına bu dövlətin sərhədlərinin genişlənməsindən başlamış, yüz minlələrlə soydaşımızın müxtəlif illərdə həmin sərhədlərin hüdudlarından, öz ata-baba yurdlarından qovulub çıxarılmasına, nəhayət, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün başlanan və bu gün də davam edən işğalçı hərbi təcavüzədək saysız-hesabsız erməni fitnəkarlığı tarixin yaddaşına əbədi yazılmışdır.

Bu tarixdə bir unudulmaz dövr var: Heydər Əliyevin şəxsi və siyasi iradəsi sayəsində ermənilərin çirkin niyyətlərinin puça çıxarılması dövrü. Ötən əsrin 60-cı illərində daşnak-millətçi ünsürlər torpaq iddialarını gerçəkləşdirmək üçün Dağlıq Qarabağda fəallaşmağa başladılar. Xüsusi xidmət orqanları bu bölgəni daim diqqətdə saxlasa da, təxribatçılar imkan tapıb 1967-ci ilin yayında indiki Xankəndi şəhərində milli zəmində qarşıdurma yarada, burada yaşayan azərbaycanlılar və ermənilər arasına ədavət sala bildilər. Nəticədə bir neçə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Baş vermiş hadisənin təfərrüatına varmadan deyək ki, məhz respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri kimi Heydər Əliyev birbaşa Xankəndinə gəlib, burada qalaraq hadisələrin əsl günahkarlarının - azğınlaşmış ermənilərin ifşa edilməsinə və öz haqlı cəzalarını almasına, eləcə də bu hadisələrə laqeydlik göstərmiş vilayət rəhbərləri haqqında sərt tədbirlər görülməsinə nail oldu.

Çox təəssüf ki, keçmiş ittifaq dövlətinin rəhbərliyi Ermənistanın haqsız və ədalətsiz torpaq iddialarının qarşını almağa cəhd göstərmir, Azərbaycanın o vaxtkı siyasi rəhbərliyinin isə, sadəcə, bu iddialara tutarlı cavablar verməyə gücü çatmırdı. Sonralar Ulu Öndər 1968-1969-cu illərdə bununla bağlı baş vermiş hadisələr barədə tarixi faktlara istinadən demişdir: "...Mənim xatirimdədir, o vaxt mən respublikanın rəhbəri deyildim, amma rəhbər vəzifə tuturdum. Respublikanın o vaxtkı rəhbərləri Ermənistanın rəhbərləri ilə bir neçə dəfə görüşlər keçirdilər. 1968-ci ildə protokol da imzalanmışdı... 1969-cu ilin iyul ayında mən Azərbaycanın o vaxtkı Mərkəzi Komitəsinin birinci katibi seçildim. Bir neçə gün idi ki, işləyirdim, bu məsələni gətirib mənim qarşıma çıxardılar. Moskvadan da çox böyük təzyiq edirdilər ki, qərar qəbul olunub, tez edin, icrasına sərəncam verin. Dedim, bilirsiniz, bu qərar mayda qəbul olunub, əgər iyul ayına qədər icra edilməyibsə, imkan verin, mən onu bir araşdırım. Şübhəsiz ki, mən araşdırandan sonra gördüm ki, buna razılıq verə bilmərəm. Mən razılıq vermədim. Bu da məlumdur. Nə qədər ki, mən Azərbaycanda işlədim, o qədər həyata keçmədi...".

Təəssüf ki, Ulu Öndər Heydər Əliyevin, öz iradəsindən asılı olmayaraq, Azərbaycana rəhbərlikdən uzaq qaldığı bir zamanda erməni millətçiləri və separatçıları öz istəklərini gerçəkləşdirməyə, xalqımıza və dövlətimizə sağalması hələ də mümkün olmayan yaralar vurmağa imkan tapırdılar".

Məqalədə deyilir ki, tarixin və taleyin hökmü ilə yenidən Azərbaycana rəhbərliyə qayıtdıqdan, müstəqil dövlətiçiliyi real olaraq bərpa etməyə, yeni, müasir dövlət idarəçiliyi sistemi qurmağa başladıqdan sonra Heydər Əliyev həm də Ermənistanın hərbi təcavüzkarlığının qarşısını almaq üçün zəruri addımlar atmalı oldu: "1993-cü ilin iyununda xalqın israrlı və təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndərin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində müstəqil dövlətçiliyimiz məhv olmaq təhlükəsindən qurtuldu, müstəqilliyimizin əbədiliyi və dönməzliyi təmin edildi.

Heydər Əliyevin hələ sovetlər dövründə Azərbaycanın gələcək müstəqilliyini düşünərək respublika həyatının bütün sahələrində misilsiz işlər gördüyü əbədi olaraq tarixin yaddaşına yazılmışdır və bugünki güclü Azərbaycan Respublikasının təməli də məhz Ulu Öndərimizin dövlət təhlükəsizlik orqanlarına və davamlı olaraq ölkəmizə rəhbərlik etdiyi vaxtlardan qoyulmuşdur. Həmin dövrdə yüzlərlə gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilmiş, milli hərbi kadrların hazırlanması məqsədi ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb açılmışdır. Bunun nəticəsidir ki, hazırda dövlətçiliyimizin möhkəmləndirilməsinə uğurla xidmət edən böyük ziyalı, alim, mühəndis, hərbçi və digər mütəxəssis nəsli vardır. Ulu Öndər Heydər Əliyev SSRİ-nin rəhbərlərindən olduğu vaxtda da gələcək müstəqil Azərbaycanın iqtisadi, elmi, texniki və hərbi imkanlarının formalaşdırılmasına böyük töhfələr vermişdir".

Qeyd olunur ki, Ulu Öndər yeni ictimai-siyasi və hərbi situasiyada milli təhlükəsizlik orqanlarının səmərəli fəaliyyətinin təşkili məsələlərini də diqqətdə saxlayırdı: "Sovet İttifaqının süqutu ərəfəsində və Azərbaycanda müstəqilliyin bərpasının ilk illərində bu orqanın üzləşdiyi çətin sınaqlar, xüsusən, kadr potensialının zəifləməsi və peşəkarlıq səviyyəsinin aşağı düşməsi kimi hallar baş vermişdi. Heydər Əliyev bu orqanlardakı mövcud nöqsanlarla, qüsurlarla yanaşı, vətənpərvər insanların, xüsusən azərbaycanlıların əksəriyyətinin öz xalqına, millətinə sədaqətlə xidmətinin də unudulmaz olduğunu bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev özünün 23 mart 1997-ci il tarixli sərəncamı ilə ölkəmizdə təhlükəsizlik orqanlarının peşə bayramı gününü təsis etmiş, bu orqanların Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tarixi varisliyinin təmin edilməsinə qərar vermişdir.

Ulu Öndər deyirdi: "...Dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir. Çünki təhlükəsizlik təşkilatının əməkdaşları cəmiyyətdə yüksək etimada, eyni zamanda yüksək səlahiyyətə malikdirlər. Gərək hər bir əməkdaş bunların müqabilində öz məsuliyyətini dərk edə bilsin və üzərinə düşən vəzifəni yerinə yetirə bilsin".

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı üçün Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş peşə və mənəviyyat meyarları - yüksək biliyə malik olmaq, dövlətimizin daxili və xarici siyasətini, beynəlxalq vəziyyəti, qanunlarımızı yaxşı bilmək, xalqımıza və dövlətimizə sədaqətli olmaq, böyük şəxsi cəsarət, iradə, dönməzlik - bütün bunlar daim siqlətini və əhəmiyyətini saxlayır. Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan təhlükəsizlik orqanları üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyinin keşiyində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması da bilavasitə Ulu Öndərin adı ilə bağlıdır.

Ümummilli Lider Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin həyata keçirdiyi ardıcıl və prinsipial daxili və xarici siyasət nəticəsində bu gün davamlı inkişafda olan Azərbaycan bölgənin lider dövləti kimi beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində öz layiqli yerini tutur, xalqımız rifah və sabitlik şəraitində yaşayır".

M.Quliyev vurğulayıb ki, bu gün Azərbaycanın xüsusi xidmət orqanları Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil dövlətimizin təhlükəsizliyinin, vətəndaşlarımızın hüquq və azadlıqlarının, ölkəmizin ərazi bütövlüyünün qorunması sahəsində üzərinə düşən məsul vəzifələri layiqincə davam etdirir: "Hazırda ölkəmizin dövlət təhlükəsizliyi sistemində məqsədyönlü struktur islahatları həyata keçirilir. Dövlət başçısımız cənab İlham Əliyev xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılması haqqında 14 dekabr 2015-ci il tarixli Fərman imzalamışdır.

Həyata keçirilən islahatlar əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan dövlət təhlükəsizliyi məktəbinin ənənələrini yaşatmağa, bu ənənələri yeni dövrün tələblərinə və milli dövlətçilik prinsiplərinə uyğun şəkildə daha da zənginləşdirməyə imkan verəcəkdir. Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dövlət və cəmiyyət qarşısında cavabdehliyini və məsuliyyətini dərk edir və bu sahədə üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə şərəflə yerinə yetirmək əzmindədir".

AzVision.az


Teqlər:  





Xəbər lenti