AMEA-nın mükafatları təqdim olunub

AMEA-nın mükafatları təqdim olunub
  29 Aprel 2016    Oxunub:1700
Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında AMEA-nın görkəmli alimlərinin adlarını daşıyan mükafatları təqdim olunub.
AzVision.az-ın məlumatına görə, yığncaqda bildirilib ki, müsabiqəyə qatılmış alimlər barədə təqdimatlar və müvafiq sənədlər Ekspert Komissiyasına verilib. Eyni zamanda, AMEA-nın adlı mükafatlarına namizədlər haqqında hazırlanmış müvafiq rəylər Rəyasət Heyətinə təqdim edilib. Rəyasət Heyətinin son iclasında müsabiqənin nəticələri nəzərə alınaraq alimlərin sözügedən mükafatlara layiq görülməsi barədə qərar qəbul olunub.

Qərarla yarımkeçiricilərin zona strukturu və rəqs spektrlərinin hesablanması, darzolaqlı və Keyn spektrli yarımkeçiricilərin nəzəriyyəsinin yaradılması üzrə silsilə əsərlərinə görə akademik Firudin Məmmədəli oğlu Haşımzadəyə AMEA-nın Nəsirəddin Tusi adına, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin musiqi irsinin tədqiqində xidmətlərinə görə professor Firəngiz Əliağa qızı Əlizadəyə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, Azərbaycanda körpə və uşaqlarda ürək-damar sistemi xəstəliklərinin yayılmasının tədqiqi, kliniki xüsusiyyətlərinin aşkar edilməsi, terapevtik və cərrahi müalicə üsullarının sistemli tətbiqinə görə akademik Adilə Əvəz qızı Namazovaya AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına mükafatları verilib.

Azərbaycanın neft-qaz yataqlarından çıxarılan neftin tərkib və xassələrinin öyrənilməsi, yüksək keyfiyyətli baza yağlarının tədqiqi və istehsalatda tətbiqi sahəsində xidmətlərinə görə AMEA-nın müxbir üzvü Fəzilə İbrahim qızı Səmədova AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatı, Azərbaycan ərazisində yer qabığının dərinlik quruluşunun geofiziki üsullarla öyrənilməsi sahəsində əldə etdiyi fundamental nəticələrə görə akademik Pərviz Ziya oğlu Məmmədov AMEA-nın akademik Musa Əliyev adına mükafatı, Azərbaycanın dövlətçilik tarixinin araşdırılması və erməni saxtakarlığına qarşı tarixi həqiqətlərin aşkarlanması sahəsindəki xidmətlərinə görə isə AMEA-nın müxbir üzvü Yaqub Mikayıl oğlu Mahmudov AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı ilə təltif olunub.
AMEA-nın adlı mükafatlarına layiq görülən namizədlərin hər birinə 5 min manat məbləğində pul mükafatı veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti