“Antalya Expo-2016”da Azərbaycan pavilyonu açılıb - FOTOLAR

“Antalya Expo-2016”da Azərbaycan pavilyonu açılıb - FOTOLAR
  23 Aprel 2016    Oxunub:2141
Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Antalya Ekspo 2016”da Azərbaycan milli pavilyonu açılıb.
Mərkəzdən AzVision.az-a verilən məlumata görə, Türkiyənin Antalya şəhərində təşkil olunan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisinin (İnternational Horticultural Exposition) rəsmi açılış mərasimi keçirilib. Heydər Əliyev Mərkəzinin dəstəyi ilə sərgidə təxminən 2 min kivadratmetr ərazini əhatə edən Azərbaycan milli pavilyonu qurulub.

Çox sayda xarici qonağın, Türkiyədə fəaliyyət göstərən diplomatik korpus və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini, Azərbaycanın “Antalya Ekspo 2016”dakı milli pavilyonu üzrə layihənin rəhbəri Adil Kərimli, kənd təsərrüfatı naziri Heydər Əsədov və Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovdan ibarət Azərbaycan nümayəndə heyəti də təmsil olunub.

Mərasim Türkiyənin dövlət himninin səslənməsiilə başlayıb. Sonra iştirakçı tərəflərin dövlət bayraqları salona gətirilib. Azərbaycanın dövlət bayrağı böyük çoşqu və hərarətli alqışlarla qarşılanıb. Sərginin açılışında prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, xarici işlər naziri Mövlud Çavuşoğlu, ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri, “Antalya Ekspo 2016”nın təşkilat komitəsinin başçısı Faruk Çelik, Beynəlxalq Bağçılıq İstehsalçıları Assosiasiyasının (AIPH-International Association of Horticultural Producers) rəhbəri Bernard Oosterom və Beynəlxalq Sərgi Bürosunun (BIE-Bureau International des Expositions) baş katibi Vincente Loscertalesin çıxışları olub.

Çıxışlarda “Antalya Ekspo 2016”nın əhəmiyyətindən və sərginin rəngarəngliyindən bəhs edilib. Diqqətə çatdırılıb ki, 53 ölkə və bir neçə beynəlxalq təşkilatın təmsil olunduğu “Antalya Ekspo 2016” iştirakçıların sayına görə görə 1990-cı ildə Yaponiyanın Otaka şəhərində keçirilmiş “Ekspo”dan sonra ikinci olub.
Sonra möhtəşəm atəşfəşanlıq və bədii hissə olub.

Türkiyənin dövlət başçısı və qonaqlar sərginin ərazisini gəziblər.

“Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisinin fəlsəfəsi “Gələcək nəsillər üçün yaşıl bir dünya”, mövzusu “Çiçək və uşaq”, şüarı isə “Gələcəyi yaşıllaşdır”dır.
Azərbaycanın milli pavilyonunda ölkənin zəngin faunası, unikal biomüxtəlifliyi və bağçılıq mədəniyyəti nümayiş etdirilir. Pavilyon özünəməxsus konsepsiyası və Azərbaycanın zəngin təbiətinin gözəlliklərinin təqdimat forması ilə seçilir.

Ziyarətçilər burada qiyabi də olsa Azərbaycanın təbiətinə səyahət edir, zəngin təbiətin şahidinə çevrilirlər. Milli pavilyonda Azərbaycana həsr olunan, onun təbii gözəlliklərindən ilhamlanaraq yaradılan sənət növlərindən ibarət sərgi də təqdim edilir. Pavilyondakı “Təbiətin rəngləri” sərgisində bir tərəfdən Azərbaycanın gözəl təbiətinin yaratdığı imkanlar, digər tərəfdən incəsənəti tərənnüm olunur. Sərgidə Azərbaycan xalçaçılıq sənətinin tarixi və bu günündən bəhs edilir. Xalçaçılığın müasir dövrümüzədək Azərbaycanda dekorativ-tətbiqi sənətin ən mühüm sahəsi olaraq tanındığı, bol boya qaynaqlarının Azərbaycanda xalçaçılıq sənətinin inkişafının ən mühüm amillərindənbiri olmasından bəhs edilir. Qədim dövrlərdən indiyədəkAzərbaycanda bitki və təbii mineral mənşəli boya çeşidlərindən istifadə olunur. Bir çox yerli bitki və ağac növlərinin kökləri, soyulmuş qabıqları, meyvələri və yarpaqlarından təbii və davamlı boya əldə etmək mümkündür.

Sərgidə Azərbaycan xalçalarının zərif naxışları, nəfis Azərbaycan xalılarının rəsmləri olan orta əsrlər Avropa rəssamlarının əsərlərini nümayiş etdirən multimedia layihəsi, Azərbaycan Xalça Muzeyinin eksponatları, Azərbaycan xalçaçılıq elminin banisi Lətif Kərimovun eskizləri, eyni zamanda müasir rəssamlar Vüqar Muradov, Elçin Vəliyev və heykəltəraş Butunay Haqverdiyevin əsərləri nümayiş olunur.
Oktyabrın 30-dək davam edəcək “Antalya Ekspo” çərçivəsində bir sıra beynəlxalq konqres, toplantı və seminarların təşkili planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan “Ekspo” Ümumdünya sərgisində 2000-ci ildən iştirak edir. Ölkə 2015-ci ildə Milanda keçirilən “Ekspo” sərgisində ilk dəfə milli pavilyonla təmsil olunub. Həmin sərgidə milli pavilyon Heydər Əliyev Fondunun təşkilatçılığı ilə fəaliyyət göstərib.

“Ekspo” sərgisi ilk dəfə olaraq 1851-ci ildə Londonda keçirilib. Dünyanın müxtəlif ölkələrində təşkil olunmuş bu sərgiyə Türkiyə ilk dəfə ev sahibliyi edir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti