Prezidentə nə yazırlar? – Məktublar

Prezidentə nə yazırlar? – Məktublar
  08 Aprel 2016    Oxunub:2321
Son günlər cəbhə xəttində Azərbayan ordusunun ermənilərin təxribatlarına layiqli cavab verməsi ölkə vətəndaşları və digər ölkələrdə yaşayanlar tərəfindən alqışlanır.

Azərbaycan Prezidenti, Ali baş Komandan İlham Əliyevin rəsmi veb saytına da daxil olan məktublar Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin ölkəmizin müdafiəsi, ərazi bütövlüyümüzün qorunması istiqamətində atdığı addımların dəstəkləndiyini göstərir.

Bu gün Azərbaycan vətəndaşlarında vətənpərvərlik ruhu daha da yüksəlib və hər bir azərbaycanlı cəbhəyə gedərək, düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə hazırdır. Bunu Azərbaycan Prezidentinin rəsmi veb saytına daxil olan məktublar da təsdiqləyir.

Bakı sakini, tələbə Şəhriyar Axundov:
Hörmətli cənab Prezident.
Sizə bildirmək istəyirəm ki, mən könüllü olaraq Vətənimizin müdafiəsinə getmək istəyirəm. Xahiş edirəm mənim istəyimi qəbul edəsiniz. Dünya şahiddir ki, Azərbaycan Prezidenti hər zaman sülh istədi. Ancaq ermənilər bunu başa düşmədi, bunu istəmədi. Atəşkəsi pozdu və cavabını aldı.

Sumqayıt şəhərindən Zəminə Cəfərovanın məktubundan:
Hörmətli cənab Prezident, Ali Baş Komandan.
Bu haqq işinizdə Allah Sizə kömək olsun. Eşq olsun Prezidentimizə, eşq olsun milli Ordumuza. Erməni işğalçıları və onların havadarları bilməlidirlər ki, Azərbaycanın öz torpağını qorumaq haqqı var.

Türkiyənin İstanbul şəhərindən Barbaros Erduran:
Müzəffər Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinə qarşı apardığı əməliyyatlarda qazandığı zəfərin qürurunu və sevincini bizə yaşatdığınız üçün Sizə minnətdaram.
Qıldığım hər namazdan sonra azərbaycanlı qardaşlarıma və şanlı Ordunuza dua edirəm. Qəlbim sizinlədir. Azərbaycan Ordusunun yeni qələbələrinin xəbərlərini eşitmək arzusundayam. Allahdan arzum budur ki, Azərbaycan Silahlı Qüvvələri tezliklə düşməni darmadağın edərək işğal altındakı torpaqları geri qaytarsın.
Möhtərəm Prezident, ehtiyac yaranarsa, Azərbaycan Ordusunun əsgəri kimi, ortaq Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşməyi özümə şərəf bilərəm.

Ukraynanın Xarkov şəhərindən Elmir Misirzadə
Ukraynanın Xarkov şəhərində təhsil alan tələbələr olaraq son günlər cəbhədə düşmən təxribatlarının qarşısının Ordumuz tərəfindən qətiyyətlə alınmasından qürurlandıq. Biz tələbələr hər an ölkəmizə qayıdaraq cəbhəyə getməyə hazırıq. İnanırıq ki, Sizin diqqət və qayğınız sayəsində qüdrətlənən Ordumuz mənfur düşmənə layiqli zərbələr vuracaq və cəbhədəki qələbələrimiz davamlı olacaq.

İsmayıllı rayonundan Raqub Vəliyev
Möhtərəm cənab Prezident!
Aprelin 1-dən 2-nə keçən gecə azğın ermənilərin xislətlərinə xas olaraq xaincəsinə mövqelərimizə hücum etməsi bizi çox hiddətləndirdi. Sizin rəhbərliyinizlə rəşadətli Ordumuz düşmənin layiqli cavabını verdi, onu susdurdu və əks-hücuma keçərək bir sıra əhəmiyyətli mövqeləri ələ keçirdi. Biz Sizinlə və Ordumuzla fəxr edirik. Hörmətli cənab Prezident, biz hər zaman Sizinləyik, biz hər zaman ordumuzun yanındayıq. Döyüşə getmək üçün əmrinizi gözləyirik, cənab Prezident! Uca Tanrı Sizi və xalqımızı qorusun. Allah şəhidlərimizə rəhmət eləsin.

Lənkərandan Cavidan Əliyev:
Hörmətli cənab Prezident, cənab Ali Baş Komandan.
Ötən bir neçə gündə Ordumuzun erməni işğalçıları üzərində əldə etdiyi qələbələrdən çox təəssüratlandım. Bu zəfərlə bağlı çıxışınızı diqqətlə izlədik. Sizin qətiyyətli mövqeyiniz bizi qürurlandırır və biz gənclərdə ruh yüksəkliyi yaradır. Möhtərəm cənab Prezident, torpaqlarımızın işğaldan azad olunması istiqamətində fəaliyyətinizi dəstəkləyir, bu yolda Sizinlə olduğumuzu bildirir. Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşməyə hər zaman hazırıq.Bu qələbələr münasibətilə Sizi və xalqımızı bir daha təbrik edir, Sizə daha böyük hərbi zəfərlər arzulayırıq.

Beyləqandan Anar Zeynalov:
Dövlətimizin əvəzolunmaz rəhbəri, möhtərəm cənab Prezidentimiz, qüdrətli Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev.
Zeynalovlar ailəsi olaraq ulu öndər Heydər Əliyevə və Sizə daim yüksək etimad bəsləmişik. Son günlərdə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edən, xalqın əfsanəvi xilaskarına çevrilən möhtərəm cənab Prezidentimizlə, Ali Baş Komandanımızla daha çox fəxr edirik, onun qürurverici addımlarını dəstəkləyirik.Mənə, Zeynalov Anar Ədalət oğluna, II qrup əlil olmağıma baxmayaraq, Ali Baş Komandanımın bir çağırışı bəs edər ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibinə qatılaraq torpaqlarımızın azadlığı uğrunda döyüşə qoşulum. Xalqımın əfsanəvi qəhrəmanı olan möhtərəm cənab Prezidentimin, Ali Baş Komandanımın ətrafında hər an müsəlləh əsgərəm.

Naxçıvandan Anar Naibov:
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev.
Son günlər cəbhədə baş verən hadisələr və hərbiçilərimizin qələbələri bizi sevindirir. Qüdrətli Ordumuzun düşmənlərimizə vurduğu sarsıdıcı zərbələrdən qürur hissi keçiririk. Biz özümüz cəbhədə olmasaq da, ürəyimiz oradadır. Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda vuruşmaq üçün Sizin əmrinizi gözləyirik.

Birləşmiş Krallıq, Edinburq, Cavid Məmmədlinin məktubundan:
Hörmətli cənab Prezidentim.
Sizi və bütün Azərbaycan xalqını əldə etdiyimiz qələbə münasibəti ilə təbrik etmək istəyirəm. Mən də bir Azərbaycanlı kimi, ata yurdu işğal altında olan bir şəxs kimi müqəddəs missiyamızı yerinə yetirməyə hazıram və Sizin əmrinizi gözləyirəm. Allah Sizi hifz etsin və qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Almaniyanın Köln şəhərindən Menderes Çağlayan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev.
Mən Almaniyada yaşayan türkəm. Ermənilərlə döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinin yeri mütləq cənnətdədir. Qardaş Azərbaycan xalqının başı sağ olsun. Azərbaycan Ordusuna yeni qələbələr arzu edirəm. Qardaş ölkənin torpaqlarının işğaldan azad olunacağı gün uzaqda deyil. Bunu Siz edəcəksiniz. Sizə uğurlar olsun. Sizi çox sevirik.

İraqın Bağdad şəhərindən Ərşət Salihi
Hörmətli Prezident İlham Əliyev.
Biz İraq türkmənləri Azərbaycan xalqının yanındayıq.
Ermənistanın son günlər cəbhə bölgəsində törətdiyi təxribatlar bizi qəzəbləndirib. Şəhid olan azərbaycanlı əsgərlərimizə Allahdan rəhmət diləyirik. Onlar Vətən uğrunda şəhid olublar. Bu, türk üçün böyük şərəfdir. Azərbaycan Ordusunun cəbhədəki uğurlarına çox sevinirik. Qəhrəman Azərbaycan əsgəri işğalçı ermənilərin dərsini verdi. Bütün cəbhə boyu Azərbaycanın hərbi üstünlüyü, inşallah, böyük qələbəyədək davam edəcək.
Biz İraq türkmənləri sözümüz, soyumuz, kökümüz bir olan Azərbaycanla birgə olmaqdan şərəf duyuruq. 1918-ci ildə Azərbaycanın qurtuluşu üçün Nuri Paşanın ordusunda yer aldığımız və bu gün Bakıda Şəhidlər xiyabanında uyuyan türk şəhidlərimiz kimi şərəf duyuruq. Allah köməyiniz olsun. Yaşasın Azərbaycan-İraq türkmənləri dostluğu, birliyi, bərabərliyi.

Belarusdan Seymur Babayev
Salam hörmətli cənab Prezident.
Mən Vətəndən uzaqda yaşayıram. Könüllü olmaq və ölkəmi müdafiə etmək istəyirəm. Könüllü kimi mənim namizədliyimi nəzərdən keçirməyi xahiş edirəm, çünki Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək mənim üçün böyük şərəfdir.

Rusiyanın Moskva şəhərindən Emil Cabbarov:
Hörmətli cənab Prezident.
Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təcavüzlə əlaqədar məni – Rusiya Federasiyasının vətəndaşı Cabbarov Emil Bəyoğlanoviçi hərbi xidmətə çağırmağın mümkünlüyü məsələsinə baxmağınızı xahiş edirəm. Mənim buna haqqım var, çünki Azərbaycan mənim və valideynlərimin tarixi Vətənidir.

Litvanın Vilnüs şəhərindən Mahir Həmzəyev:
Litva Azərbaycanlıları Cəmiyyəti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Azərbaycan Ordusunun atdığı bütün addımları birmənalı dəstəkləyir və Ordumuzun irəliləməsini alqışlayır. Ordumuza uğurlar arzulayır və bildiririk ki, istər döyüş əməliyyatlarında iştirak etməyə, istərsə də təbliğat və informasiya qovğasında Ordumuza Baltik ölkələrində hər cür dəstək verməyə, xalqımızın haqq səsini Litva ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni etməyə həmişə hazır olduğumuz kimi indi də hazırıq.
Azərbaycan diasporunu, xaricdə yaşayan bütün həmvətənləri bu məsuliyyətli və həlledici tarixi mərhələdə Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirməyə, Ordu və onun Ali Baş Komandanı İlham Əliyev ətrafında sıx birləşməyə çağırırıq.

Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun gəncnümayəndələrindən
Cənab Ali Baş Komandan.
Azərbaycandan kənarda yaşayan yüz minlərlə həmvətənimiz erməni təxribatının qarşısınınalınması, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Respubilkasının SilahlıQüvvələri tərəfindən görülən cavab tədbirlərini dəstəkləyir. Biz - xaricdə təşkilatlanmışazərbaycanlı gənclər qeyd etmək istəyirik ki, Sizin əmrinizi gözləyərək Qarabağ torpaqlarınınişğaldan azad edilməsi uğrunda mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrinin sıralarınaqatılmağa hazırıq. Ulu Tanrı xalqımıza yeni-yeni qələbələr nəsib etsin.




Teqlər:  





Xəbər lenti