Putin Sarkisyana 200 milyon niyə verdi? - ŞƏRH

Putin Sarkisyana 200 milyon niyə verdi? - ŞƏRH
  19 Fevral 2016    Oxunub:3851
Rəsmi Moskva və İrəvan Ermənistana 200 milyon dollar kredit ayrılmasına dair saziş imzalanıb. Kredit ilk ödəniş 2018-ci ilin əvvəlinə qədər ödənilməklə 10 il müddətinə verilib. Vəsait Rusiya istehsalı olan hərbi texnikanın və silahların alınmasının maliyyələşməsinə ayrılıb.
Sənədə əlavəyə əsasən, Ermənistan Rusiyadan “Smerç” reakiv yaylım atəşi sistemləri və onun sürsatlarını, “Igla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi “Avtobaza-M”, “TOS-1A” ağır odatanları, “9M113M” idarəolunan raketləri, “RPG-26” qumbaraatanları, Draqunov snayper tüfəngi, “Tiqr” zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri alacaq.

Rusiyanın iqtisadi vəziyyətin ağır olduğu vəziyyətdə Ermənistana 200 milyon dolların verilməsində məqsəd nədir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, dünya tarixində bir dövlətin başqa bir dövlətə silah almaq üçün kredit verməsi nümunəsi ilk dəfədir: “Sosial-iqtisadi vəziyyəti ağır olan Rusiyanın belə bir addımı atmasında məqsəd Ermənistanın Türkiyə və Azərbaycan qarşısında zəifləməməsini təmin etməkdir. Azərbaycanın hərbi imkanları Ermənistandan dəfələrlə çoxdur. Ona görə Rusiya Ermənistana silah alması üçün kredit ayıraraq Ermənistanın hərbi gücünün artmasına kömək edir”.

Politoloqun fikrincə, Ermənistan ayrılan krediti geri qaytarmayacaq: “Ermənistan kasıb dövlətdir. Bu ölkə 200 milyon dolları geri qaytara biləcəkmi? Aydındır ki, bu Ermənistana bəxşiş kimi verilən puldur. Rusiya başa düşməlidirlər ki, bu Azərbaycana xoş olmayan jestdir. Kreditin ayrılması ilə məlum olur ki, Rusiyada müəyyən dairələr Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyillər. Ona görə də Ermənistanı bu yolla silahlandırmağa çalışırlar”.

Politoloq Fikrət Sadıqov isə bildirib ki, Rusiya Ermənistanı silahlandırmaqla regional təhlükəsizliyi şübhə altına alır: “Rusiyanın Ermənistana qarşı bu jestində təəccüblü hal yoxdur. Rusiya Ermənistanın hərbi və siyasi müttəfiqidir. Ona görə də Ermənistana silah alışı üçün kredit verir. Burada bir sıra məqamlar var. Rusiya başa düşməlidir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib və uzun illərdir beynəlxalq hüquq normalarını pozur. Rusiya Ermənistana silah alışı üçün kredit ayırmaq əvəzinə, onu sülhə məcbur etməlidir. ATƏT-in Minsk qrupunun üzvü kimi Rusiya Ermənistanı silahlandırmaqla regional təhlükəsizliyi şübhə altına alır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti