Bayram bazarlığı: Qiymətlər baha, alıcı isə yox... - REPORTAJ

Bayram bazarlığı: Qiymətlər baha, alıcı isə yox... - REPORTAJ
  16 Dekabr 2015    Oxunub:6048
Yeni ilin gəlişinə 15 gün qalıb. Hər kəs bayram bazarlığına hazırlaşır. Bayramqabağı qiymətlər necədir? Bahalaşma varmı? Hamını bu sualların cavabları maraqlandırır.

AzVision.az əməkdaşları paytaxtın mərkəzində yerləşən “Təzə bazar”da qiymətlərlə maraqlanıb.

Əvvəllər bazarlara daxil olanda “Gəl, ay müştəri, təzə kəsilmiş ətdən qalmadı”, “Yaxşı Naxçıvan pendiri var, gəl, dadına bax” kimi şüarlarla rastlaşsaq da, budəfəki mənzərə tam fərqli idi. Bazarda nə alıcı var idi, nə də səsləri baş ağrıdan satıcılar...

Piştaxta arxasında küskün dayanan satıcılar alverin yoxluğundan şikayətlənirdilər.

Bazarın girişində ət satışı ilə məşğul olan satıcılara yaxınlaşıb qiymətləri soruşduq.



Satıcıların sözlərinə görə, mal əti bayrama görə bahalaşmayıb, əvvəlki qiymətlərlə alıcılara təqdim olunur.

Belə ki, sümüksüz mal əti kiloqramı 6- 7 manat 50 qəpiyə, bəzi yerlərdə isə 8 manata satışa çıxırılmışdı. Bazarda kiloqramı 5 manata olan ət də almaq olar. Amma bu ətlərin mənşəyi və keyfiyyəti heç satıcıların da özlərinə məlum deyil.

“Neçə gündür heyvan kəsmişik, sata bilmirik. Qiymətini qaldırsaq, kim alar ki?”-deyə qəssablar şikayətləniblər.



Cürbəcür qoz, fındıq, ərik, gavalı turşusu piştaxtda göz oxşayır. Bəs qiymətlər necədir?



Qozun bir kiloqramı : 7-10 manat arası dəyişir
Ərik: 8, 12, 15 manat
Gavalı: 5, 8 manat.
Qoz ləpəsi – 10, 20, 25 manat
Quru alça: 3-6 manat arası
Aş paxlası: 6-7 manat
Lənkəran qozu: 8 manat



Satıcıların sözlərinə görə, bazarda bayram ab-havası hiss olunmur. Alver ötən illə müqayisədə xeyli zəifləyib.

Qiymətləri öyrənmək üçün yaxınlaşdığımız satıcıların çoxu qiymətləri gizlədir, bizə başqa, alıcılara isə başqa qiymət deyirdilər.

Bazarda meyvələrin qiyməti növünə görə fərqlidir.



Quba alması: Qiymətlər 80 qəpikdən başlayır 2 manatadək dəyişir
Nar: 1 manat 50 qəpik, 2 manat
Lənkəran feyxuası: 2 manat
Portağal: Qiymətlər 1 manat 50 qəpikdən başlayır 2,3 manatadək.
Xurmanın kiloqramı: 1 manat 50 qəpik, 2 manat
Heyvanın kiloqramı: 1 manat 70 qəpik, 2 manat 50 qəpiyə,
Armud: 2-3 manata arası qiymətlər dəyişir



Üzümün kiloqramı: 3 manat
Qarpızın kiloqramı: 3-4 manat



Pomidorun qiyməti: 1 manat 50 qəpik, 2 manat
Xiyar: 1,2 manat
Badımcan: 2 manat 50 qəpik
Lobya: 2 manata.



Gül kələmi: 50 qəpik,
Adi kələm: 70 qəpik
Soğan və kartofun qiyməti stabildir: 60 qəpik – 1 manat
Kök və çuğundurun kiloqramı: 1 manat – 1 manat 20 qəpik
Kənd yumurtası: 25, 30 qəpik



Ümumilikdə isə ötən illə müqayisədə qiymətlər bir qədər qalxıb. Əsasən meyvə-tərəvəz məhsullarının qiymətində artım hiss olunur.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, qiymət artımı mövsümi xarakter daşıyır: “Mövsümün elə vaxtıdır ki, qiymət artımı təbii və normal haldır. Biz hər həftə monitorinqlər aparırıq. Monitorinqlər əsasında deyə bilərəm ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə çox ciddi qiymət artımı müşahidə olunmur. Bəzi məhsulların qiymətində artım varsa da, bu, mövsümlə bağlıdır”.

Şahanə Rəhimli
Fotolar: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti