“Daşqın sizə yaraşır” - Namizədlərin gülməli şüarları

“Daşqın sizə yaraşır” - Namizədlərin gülməli şüarları
  31 Oktyabr 2015    Oxunub:7779
Bu gün V çağırış parlament seçkilərinin təbliğat və təşviqat kampaniyasının sonuncu günüdür. Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə maraq bu dəfə də qənaətbəxş oldu. Bu, özünü seçkidə iştirak etmək istəyən namizədlərin sayında da göstərdi. Diqqət çəkən məqamlardan biri də bəzi namizədlərin təbliğat kampaniyasında maraqlı seçki şüarları ilə çıxış etmələri oldu. Kampaniyanın əsas tərkib hissələrindən biri olan şüarlar namizədin bütün seçki platformasını, seçicilərə olan təkliflərini bir söz və cümlə ilə konkretləşdirən vacib amillərdən biridir.

AzVision.az modern.az-a istinadən maraqlı seçki şüarlarının bir qismini təqdim edir:

“Mənə səs ver, hər gün yanında olum” – (namizəd Qüdrət İsakovun seçki kampaniyasının şüarı)

“Oruc, Ramazan bitincə başlar” – deputat Zahid Orucun şüarı uzun müddət sosial şəbəkələrdə müzakirə olundu. Z.Oruc hətta özü şüara aydınlıq gətirməli oldu.

“Nə tez, nə gec - tam zamanında gəldim” şüarı isə hamının yaxşı tanıdığı namizəd Elza Seyidcahana məxsusdur. Elza xanımın şüarı də ən azı mahnıları qədər qəribədir.

“Zamanı gəldi. Mən hakimiyyətin yox, sizin vəkiliniz olmaq üçün yola çıxdım” - zamanla bağlı bu şüar da gənc namizəd Ruslan İzzətliyə məxsusdur. Şüarın aqressiyası da az deyil.

“Probleminiz aşıb daşır, Daşqın sizə yaraşır” – iki misralıq “poeziya nümunəsi”ni özünə şüar edən isə Daşqın Nuriyev adlı bir namizəddir. Yəqin deputat seçilsə ədəbiyyat adamlarını da unutmaz.

“Ürəklə səs ver, ürəyincə yaşa” - Ülviyyə Ağayeva adlı gənc xanım namizədin seçki şüarı da qeyri-ciddiliyi ilə seçilir. Lap elə seçici ürəklə səs verdi, onun ürəyincə yaşayacağına kim qarantiya verə bilər?!

“Seçiminiz uğrumuzdur”- şüarından istifadə edən Elbəy Əsədov adlı namizədə şablon cümləni bağışlamaq olsa da, şüardakı kobud səhvi bağışlamaq olmaz. Belə ki, azacıq diqqət etsə idi “seçminiz uğrumuzdur” yox, seçiminiz uğurumuzdur” yaza bilərdi.

“Bəsdir! Qaçqın ləkəsini üstümüzdən götürək” – biri Güləli Bağırov adlı namizədə deyəydi ki, bu seçki şüarıdı, mitinqdə çıxış üçün “tekst” deyil...

“Fikri, əməli xeyirxah, ruhən ədalətli deputat, dalğalı insanlara nümunə”- namizəd Fəxrəddin Babayevin təvazökar seçki şüarında hər şeyi anladıq. Bircə “dalğalı insanlar” nə demək idi, o bizə çatmadı.

“Ürəyinin səsini dinlə, gələcəyə səs ver” - Kəramət Salayev adlı gənc namizədin seçki şüarı. Nə deyək vallah...

“Şərəfli ömür yoluna, zəngin təcrübəyə malik Hüseynov Əliağa İzzət oğluna səs verək”- təsəvvür edin ki, elə cümlədə adı çəkilən namizədn plakatında şüar yoxdu. Elə şüarının marağı da onun şüarsızlığında olub.


Teqlər:  





Xəbər lenti