Deputatlığa namizədlər - Fəhlə, müğənni, fermer, işsiz…

Deputatlığa namizədlər - Fəhlə, müğənni, fermer, işsiz…
  06 Oktyabr 2015    Oxunub:4372
Bu günə olan rəsmi məlumata görə, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün müraciət edən 1054 nəfərin deputatlığa namizədliyi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qeydə alınıb.

AzVision.az parlamentə düşmək uğrunda marafona qoşulan və qeydə alınan namizədlərlə bağlı kiçik araşdırma aparıb.

Namizədlərin çoxunu hazırda Milli Məclisdən tanıdığımız deputatlar təşkil etsə də yeni simalar da rast gəlmək mümkündür.

Görünən mənzərə onu deməyə əsas verir ki, deputat olmaq istəyənlər təkcə siyasətçilər deyil, şair, müğənni, Xalq artisti, iqtisadçı, müəllim, jurnalist və digər peşənin təmsilçiləri də parlamentə getmək həvəsindədirlər.

Diqqət çəkən məqam ondan ibarətdir ki, deputat olmaq istəyən yeni simaların əksəriyyəti işsiz-gücsüz adamlardır.

MSK-nın saytında qeyd olunan məlumatlara əsasən qeyd edə bilərik ki, hazırda 110-a yaxın işsiz və müvəqqəti işsiz şəxs deputatlığa namizəddir.

Ən çox işsiz namizəd 70 Saylı Masallı Şəhər Seçki Dairəsində qeydə alınıb. Belə ki, bu dairədən 5 nəfər işsiz şəxs mandat uğrunda mübarizə aparır.

Seçki marafonuna təkcə işsizlər deyil, fermerlər də qoşulub. Belə ki, ən çox fermer namizəd 80 Saylı İmişli-Beyləqan Seçki Dairəsində təmsil olunur. Bu dairədə 5 nəfər fermer deputat olmaq arzusundadır.

Deputatlıq uğrunda meydana atılanlar arasında qirəbə də olsa fəhlə namizəd də qeydə alınıb. 72 saylı yol istismar idarəsində fəhlə kimi çalışan Balaoğlanov Yalçın Məğrub oğlu 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən namizədliyi irəli sürüb.

Qeyd edək ki, Milli Məclisin hazırkı deputatlarından 105 nəfər yenidən mandata sahib olmaq üçün meydana atılıb.

Xatırladaq ki, deputatlığa namizədlərin qeydə alınması oktyabrın 9-da yekunlaşacaq və qeydə alınmış namizədlər təbliğat-təşviqat kampaniyasına başlayacaqlar.

Kimin deputat seçiləcəyi noybarın 1-də keçirilən seçkilərdən sonra bəlli olacaq.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti