“Göygöldə ayaqyolunun duşunu da oğurlayıblar”- Nazirlik

“Göygöldə ayaqyolunun duşunu da oğurlayıblar”- Nazirlik
  18 Avqust 2015    Oxunub:16832
“Cərimə yazan əməkdaşlarımızı balta ilə hədələyirlər”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəliflik Departamentinin direktoru Vaqif Cavadov Göygöl Milli Parkının zibillənməsilə bağlı məsələyə aydınlıq gətirərkən belə deyib. O, AzVision.az-a bildirib ki, bu günə kimi 15 nəfər cərimələnib, 2 nəfər isə polis bölməsinə təhvil verilib:

“Milli Parkın ərazisində hər 100 metrdən bir zibil qutuları qoyulub. Buna baxmayaraq çoxları zibili həmin qutuya yox, yerə atır. Əsasən də körpə uşaqlarnan gələn qadınların sayı çoxdur. Bələkdəki uşağı ilə gəlib Parkın ərazisində pampers dəyişirlər. Dəfələrlə xəbərdarlıq olunsa da heç bir fayda vermir. ”



Vaqif Cavadovun sözlərinə görə, nazirliyin əməkdaşları parkın ərazisinin zibilləyənlərə irad tutanda təhqirlərlə qarşılaşırlar:

“Dünən bir qrup şəxs park ərazisində tonqal qalamağa cəhd edib. Nazirliyin əməkdaşları həmin vətəndaşlara xəbərdarlıq ediblər. Amma həmin şəxslər əməkdaşlarımızı balta ilə hədələyiblər. Bu kimi hallara görə, rayon polis şöbəsinin əməkdaşları ilə sıx əməkdaşlıq edirik. Həftənin 3-cü və 4-cü günləri ərazidə Post Patrul Xidməti də nəzarət edir. Lakin bu kimi tədbirlərə baxmayaraq yenə də Park ərazisində zibilliklərə rast gəlinir. Odur ki, birinci növbədə ictimai qınaq güclənməlidir. Hələ görməmişəm ki, parkın ərazisinə zibil atan kimsəyə bir nəfər “ayıb olsun zibili niyə yerə atırsan?” desin, onu qınasın. Əgər bunu deyən yoxdursa, heç bir tədbir kömək etməyəcək. Biri var ki, zibil qabı dolu ola daşımayaq, biri də var zibil qabı boşdur və zibil onun yanında yerə atılır”.



V. Cavadovun sözlərinə görə, bəzən azərbaycanlının atdığı zibli xarici vətəndaşlar yığır:

“Almanların, əfqanların “çox mədəni” vətəndaşlarımızın yerə atdığı zibli qutuya atdığını görmüşəm. Bəzən vətəndaşlarımız bilərəkdən buranı zibilliyirlər. Qucağında 15 kiloqramlıq qarpızla gələnlər olur. Qadınlar var ki, Milli Parka tort gətirirlər. Şəxsən özüm görmüşəm ki, dörd qadın daş səkinin üstündə oturaraq səkini dağıdıblar. Qadınlar ayaqyolunda duşu belə, oğurlayıblar”.



Qısa zamanda bu qədər axının olacağını gözləmədiklərini söyləyən departament müdiri bildirib ki, gün ərzində Milli Parka 1000-2000 nəfər gəlir:

“Qrup yaratmışıq. Səhərdən axşama kimi yuxarı –aşağı gedib nəzarət edirlər. Elə ki, onlar gözdən itdi, vətəndaşlar özlərini meşəyə verirlər. Maşından palaz, samovar, üzüm, qarpız çıxardıb özlərinə kef məclisləri qururlar. Elə bil, dədələrindən qalma bağdı. Daha başa düşmürlər ki, bura qoruqdur. Deyəndə ki, sizi cərimə edəcəyik, üstümüzə hücum çəkirlər. Nazirliyin əməkdaşları tez-tez təzyiqlərə məruz qalırlar”.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti