`Orada heç yarım dənə də sərbəst jurnalist yoxdur` - Şakir Eminbəyli

`Orada heç yarım dənə də sərbəst jurnalist yoxdur` - Şakir Eminbəyli
  09 İyul 2015    Oxunub:7993
“Təbii ki, almanların “ZDF” televiziyası bizim təşkil etdiyimiz oyunları göstərməyəcəkdi.
Çünki tapşırıq almışdı.

Almaniyanın ikinci dövlət televiziyası ilə çox yaxın dost, tərəfdaşıq. “Voice of Azərbaycan” şirkəti onlarla neçə vaxtdır işləyir. Lap çoxdan onları Azərbaycana dəvət etmişdim. Bu gün gələrik-sabah gələrik dedilər, amma gəlmədilər. Çünki rəhbərlikləri qadağan etmişdi”.


Bu sözləri AzVision.az-a müsahibəsində “Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri, Ümumrusiya dövlət teleyayım şirkətinin Azərbaycandakı nümayəndəsi Şakir Eminbəyli deyib.

- `Əli və Nino` əsərininin bir yerində müəllim şagirdlərdən soruşanda ki, `Siz şərqlisiniz, yoxsa qərbli`, Əli deyir ki, mən şərqliyəm. Mən də şərqliyəm. Mənim də vətəndş, insan kimi Qərbin çox şeyindən xoşum gəlmir. Amma bu, o demək deyil ki, xoşum gəlmədiyinə görə onları təhqir etməliyəm. Nəyə görə mənə xoş olan şey sənə xoş gəlmirsə, sən onu dəyişmək fikrinə düşürsən? Əslində onların bizim kimi qədim bir xalqa nəsə öyrətməyi, dəyişməyi çox gülüncdür.

Hindlilər Hindistanda it günüdə yaşayırlar. Nəyə görə onlara `ilişmirlər`? Çünki bu, tamam başqa bir subkulturadır, kontingentdir. Biz isə Avropaya iddialıyıq. Amma nə deyirsən-de, müsəlmansansa, səni görən gözləri yoxdur.

Mən bizi tərifləmirəm. Bizdə o qədər problem, çatışmazlıqlar var ki. Ancaq onların da bizi qəbul etməməklərinə, gözümçıxdıya salmaqlarına hazır olmalıyıq. Bu, sonunda xristian-müsəlman qarşıdurmasından başqa bir şey deyil. Hər il iki-üç ay Avropanı gəzən adamam. Oradakı insanların çoxu Azərbaycanı tanımırlar, amma biləndə ki, azərbaycanlılar müsəlmandırlar, vəssalam, qorxurlar, zəhlələri gedir. Gəlib görəndə ki, biz adamyeyən deyilik, fikirləri dəyişir. Amma gəlib-gedənlər həddindən artıq azdır. O da gedib orada fikir dəyişmir, heç istəmir də. Amma yenə də vacibdir ki, ölkəyə çoxlu turist gəlsin, görsünlər ki, biz heç də adamyeyən deyilik.



Burada çox qəribə təzad yaranıb ki, yox e, Almaniya, İtalya, Fransa televiziyalarında jurnalistlər sərbəstdir, nə istəyirlər yaza bilirlər. Orada heç yarım dənə də sərbəst jurnalist yoxdur! Mövzunu baş ofis ilə razılaşdırmamış nə fransız, nə alman müxbiri heç bir addım ata bilməz. Birinci ölkə, sonra mövzu razılaşdırlır. Mən neçə dəfə Fransız televiziyasından da Bakıya əməkdaş dəvət etmişəm. Nə qədər maraqlı mövzular olsa da, bura deyil, başqa yerə gediblər. Almanlara qarşı faktlarla nəsə yazım, göndərim, çap edərlər? Etməzlər! Özbaşına heç kim heç nə edə bilməz.

Almaniyanın bizdən xoşu gəlməməsinin əsası yoxdur. Sadəcə, onlar üçün birinci növbədə islamdır. Biz də müsəlmanıq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti