Deputatlar Avropa Oyunlarına neçə bilet alıb? - Sorğu

Deputatlar Avropa Oyunlarına neçə bilet alıb? - Sorğu
  11 İyun 2015    Oxunub:2478
“Yarışları həyat yoldaşımla, nəvələrimlə birlikdə izləyəcəm...”

Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını izləyənlər arasında nazir, komitə sədrləri və millət vəkilləri də olacaq.

Deputatlar mötəbər tədbirə xüsusi hazırlaşırlar. Onlardan bəziləri öncədən biletlərini alaraq, yarışların başlama anını səbrsizliklə gözləyir.

Millət vəkili Ülvi Quliyev AzVision.az-a bildirib ki, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti olaraq qeydiyyatdan keçib.

“Avropa Oyunlarının açılış mərasiminə mütləq qatılacağam. Bundan əlavə ayın 13-14-də karate yarışları olacaq, orada da iştirak edəcəm.

Başqa günlər hansı idman yarışını izləmək imkanım olacaqsa, orada iştirak edərək idmançılarımızı dəstəkləyəcəm”.

Deputat Azər Badamov da açılışa xüsusi hazırlaşdığını deyib. Onun sözlərinə görə, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qürurverici bir hissdir: “Hər kəs çalışmalıdır ki, bu yarışlarda tamaşaçı kimi iştirak etsin. Özüm və övladlarım üçün bilet almışam. Bu bizi çox sevindirir və orada iştirak edəcəyik”.

Millət vəkili Tahir Rzayev açılış mərasiminə qatılacağını deyib.

Deputat həmçinin bildirib ki, oğlu və yaxın qohumları yarışları izləmək üçün bilet alıblar.
“Övladım boks, üzgüçülük və yüngül atletika yarışlarına bilet alıb. Ümumilikdə 20-yə yaxın bilet almışıq”.

Millət vəkili Fəzail Ağamalı övladları və nəvələri üçün bilet aldığını diqqətə çatdırıb.
“Açılış günü üçün bilet almışam. Övladlarım və nəvələrimlə gedəcəyəm”.

Deputat bəzi idman yarışlarını diqqətlə izləyəcəyini deyib.

“Güləş, gimnastika, voleybol yarışlarını izləyəcəm. Çalışacağam final yarışlarında da iştirak edim.
İdmanı çox sevdiyim üçün buna vaxt ayıracam. İdmançılarımıza dəstək olacağam. Açılış üçün 6 bilet almışam, oğlum isə digər yarışlar üçün 8 bilet alıb”.

Milli Məclisin xanım deputatı Elmira Axundova da iyunun 12-də açılışda iştirak edəcəyini deyib.

Deputat bədii gimnastika və qılıncoynatma yarışları üçün bilet aldığını söyləyib.

“Ümumilikdə 10 bilet almışam. Vaxtilə üzgüçülüklə və qılıncoynatma ilə məşğul olmuşam və dərəcə almışam. Bu idmanları sevirəm və onları izləmək üçün bilet almışam.

Amma yenə də bilet almağı düşünürəm. Ailə üzvlərim də yarışları izləyəcək. Bu yarışlarda iştirak etmək hər birimizin vətəndaşlıq borcumuzdur”.

Millət vəkili Elton Məmmədov yarışları izləmək üçün bilet aldığını bəyan edib.

“Özümə və həyat yoldaşıma bilet almışam. Qonaqlarım üçün də biletlər götürmüşəm. Mən daha çox boksa maraq göstərdiyim üçün boks yarışlarını izləyəcəm”.

“Açılış üçün bilet almışam və iştirak edəcəm”

Bunu millət vəkili Vahid Əhmədov deyib. Deputat vurğulayıb ki, açılışda iştirak etdikdən sonra işlə əlaqədar Quba rayonuna gedəcək: “Evdə anamla əlaqədar problemim var və o baxımdan rayona qayıdacam. Digər günlərdə də iştirak edib-etməyəciyimi indidən deyə bilmirəm. Yaxın qohumlar da iştirak üçün bilet alıblar və yarışı izləyəcəklər”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti