Bakıda ağacların görünməmiş `soyqırımı`- Fotolar

Bakıda ağacların görünməmiş `soyqırımı`- Fotolar
  09 İyun 2015    Oxunub:3211
Zığ şosesi ərazisində 23 min ağacın dibinə kimyəvi maddə tökərək məhv etmək istəyiblər.
Vüsalə Babayeva adlı sahibkar Zığ yolu üzərində yerləşən ətraf ərazilərdə salınmış yaşıllıqları məhv edib, yerində obyekt tikmək istəyir. Hətta sözügedən şəxs 23 hektar ərazidə hasarlama prosesinə də start verib və 300-400-ə yaxın ağaca kimyəvi maddə tökərək yandırıb.

Məsələni araşdırmaq üçün hadisə yerinə yollandıq. Bir xeyli avtomobil və polis gəlmişdi əraziyə. Xəbər tutduq ki, biz gəlməzdən əvvəl ərazidə sahibkarın nümayəndələri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları arasında mübahisə düşüb və polis çağırılıb. Polisin hadisəyə müdaxiləsindən sonra sahibkar özəlləşdirmək istədiyi 23 hektar ərazinin yuxarı tərəfində fəhlələr tikdirdiyi kiçik komaya yollanıb.

Diqqətimizi çəkən digər məsələ isə ağacların əkildiyi və yaşıllığın salındığı ərazidə traktorların işləməsi idi. Məlum oldu ki, traktorları da buraya V.Babayevanın köməkçisi Kamal gətirib.

Bir sözlə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 23 oktyabr 2008-ci il tarixli sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllaşdırma işlərinə başladığı və elə sözügedən nazirliyin icraatında olan torpaqlarda nazirliyin xəbəri olmadan tikinti işlərinə start verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və Landşaft quruluşu Açıq Səhmdar Cəmiyyətinin sədr əvəzi Ramiq Əşrəfovun sözlərinə görə, Kamal adlı sahibkar icra hakimiyyətindən icazə və sənəd aldığını bildirsə də, yerli icra orqanı tikintidən elə bu gün xəbər tutduğunu bildirib: “Təqdim olunan sənədlərdə torpağın Vüsalə Babayeva adlı şəxsə aid olması göstərilir və Dövlət Reyestr Xidmətinin çıxarışı da 2014-cü ildə alınıb. 2008-ci ildə salınmış yaşıllıqların yerləşdiyi torpaqlarla bağlı 2014-cü ildə reseytr xidmətindən çıxarış almaq gülüncdür. Vətəndaş bizə təqdim etdiyi sənədlərdə ərazinin ona aid olduğunu, eyni zamanda mart vayında bu işlərə başlayarkən bizim ona mane olduğumuzu bildirir. O, bununla əlaqədar məhkəməyə müraciət edib, məhkəmə ərazinin ona aid olduğu ilə bağlı qərar çıxarıb və o ərazidə tikinti işlərinin aparılmasına razılıq verib.

Məhkəmənin belə bir qərar verməsi və nazirlikdən heç kimin bu barədə məlumatlandırımaması bizim üçün aydın deyil. Məhkəmə qərarında cavabdeh şəxsin Xudaverdiyev Rafiq Əbilhəsən adlı vətəndaş olduğu göstərilir. Bizim isə bu şəxsin kimliyindən belə xəbərimiz yoxdur. O nazirliyin işçisi deyil, hüquqi şəxs kimi qeydiyyatda deyil, fiziki şəxs kimi də nazirliyə aidiyyəti yoxdur. Bundan başqa, qeyd olunan ərazi kənd təsərrüfatı təyinatlıdır. Yəni burada tikinti aparmaq olmaz”.

R.Əşrəfov deyir ki, sahibkarın iddiasına görə, guya, torpaqlar 2004-cü ildən ona məxsus olub. Sahibkar iddia edir ki, həmin ərazidə heç bir tikinti işləri aparmadığından nazirlik orada yaşıllıq salıb: “Ağaclar əkilməmişdən əvvəl həmin ərazilərdə təmizlik işləri aparılır, məişət və tikinti tullantılarından təmizlənir. Əraziyə mineral gübrələr verilir. Ərazi əkinə yararlı vəziyyətə gətiriləndən sonra yaşıllaşdırma işlərinə başlanılır. Əgər ərazi 2004-cü ildən ona məxsus idisə, niyə biz 2008-ci ildə oranı təmizləyəndə, əkinə yararlı vəziyyətə salanda gəlib demirdi ki, buralar mənə məxsusdur? İndi o qədər əmək sərf olunub, pul xərclənib, bu ərazidə nə qədər ağac əkilib, damcılı suvarma sistemi qurulub, bu işlərdən sonra gəlib torpağına yiyələnmək istəyir?”

Bütün bu suallarla sahibkara müraciət etmək istəsək də, ərazidə olan V.Babayevanın köməkçisi Kamal adlı şəxs heç bir açıqlama vermədi. Gah dedilər ki, buradadır, gah dedilər ki, avtomobilinə mindi və ərazidən uzaqlaşdı, gah da bildirdilər ki, icra başçısı onu çağırıb, təcili ora gedib. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, müdaxilə nəticəsində ərazidəki yaşıllıqların məhv edilməsinin qarşısı müvəqqəti də olsa, alına bilib: "Əməkdaşlarımız bütün mümkün vasitələrdən istifadə edərək yaşıllıq “qatillərinin” ağacları məhv etməsini dayandıra bilib. Hətta öz həyatları bahasına dırnaqarası sahibkarın adamları ilə qarşıdurmaya belə gedib".

Amma bunun doğrudan da müvəqqəti olacağı görünür. Çünki sahibkarın əlində məhkəmə qərarı var. Kamallı adamlar bilir ki, məhkəmənin çıxardığı qərar icra olunmalıdır.

Baxmayaraq ki, məhkəmə qərarı verəndə demək olar ki, heç bir araşdırma aparılmayıb. Kiçik araşdırma aparmaq kifayət edərdi ki, müəyyən olunsun: ümumiyyətlə, bu ərazi kənd təsərrüfatı məqsədləri üçün Abşeron rayon icra hakimiyyəti tərəfindən nə zamansa Vüsalə Babayevaya icarəyə verilibmiş.

Qeyd edək ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazidə dağıntı işlərinin davam etməməsi üçün keşik çəkir.(AzNews)

Qalereya




Teqlər:  





Xəbər lenti