Stalinin Bakı haqqında gizli yazışmaları – ARAŞDIRMA, SƏNƏDLƏR

Stalinin Bakı haqqında gizli yazışmaları – ARAŞDIRMA, SƏNƏDLƏR
  12 May 2015    Oxunub:27103
Əvvəli BURADA

19 dekabr 1941-ci il
Moskva, Kreml
Stalin yoldaşa

Azərbaycan neftçiləri Sizin iyulun 3-də radio ilə müraciətiniz zamanı verdiyiniz tapşırıqları yerinə yetirərək neft və qaz hasilatı üzrə illik planı dekabrın 19-da vaxtından əvvəl yerinə yetirmişlər.

...Yoldaş Stalin, Sizi əmin edirik ki, sovet Azərbaycanının neftçiləri ölkə qarşısında məsuliyyətlətini dərk edərək alman işğalçılarının tamamilə darmadağın edilməsi üçün Qızıl Orduya və Hərbi Dəniz Donanmasına nə qədər lazımdırsa, o qədər yanacaq verəcəkdir.

Azərbaycan KP MK katibi Bağırov


...Bakıda “Hər şey cəbhə üçün, hər şey qələbə naminə” səfərbər olunub. Neftçilər fasiləsiz işləyirlər. Müharibənin birinci ili ərzində, yəni 1941-ci ilin iyunundan 1942-ci ilin iyununadək Bakıda neft hasilatı 23,5 milyon tona çatdırılır. Bu, bütün neft hasilatı tarixində rekord göstəricidir. Bu sərvət olduqca cəlbedici görünür. Xüsusən dünya ağalığı eşqinə düşən faşistlər üçün...

Müharibə qurtarandan sonra məlum olacaqdı ki, Sovet İttifaqına hücum planlaşdırılarkən Hitler əvvəlcə Qafqaz neftini ələ keçirməyi nəzərdə tutub. Faşist Almaniyasının ideoloqu kimi tanınan Yozef Göbbelsin gündəliyinin 20 mart 1942-ci il tarixli səhifəsində belə bir qeyd var:

“Fürerin Moskvaya hücum etmək fikri yox idi. O, istəyirdi ki, Qafqazı tutsun və bununla da sovet sistemini onun ən incə yerindən vursun. Lakin Brauxiç (quru qoşunlarının baş komandanı-1938-41) və onun baş qəraragahı bunu səhv addım sayırdılar. Brauxiç həmişə tələb edirdi ki, Moskvaya hücum olunsun. O, həqiqi uğur qazanmaq əvəzinə şöhrət naminə uğur qazanmaq istəyirdi”.

Həqiqətən də real uğur əldə edilmir. Faşistlər yalnız Moskvada uğursuzluqla qarşılaşandan sonra, 1942-ci ilin yay kampaniyasında əsas diqqəti Qafqaza yönəldirlər. Hitler bir il əvvəl hazırlanmış “Blau” planını yenidən ortaya qoyur. Planın məqsədi Qafqaz neft yataqlarına nəzarəti ələ keçirmək və bununla düşmənə ikiqat zərbə vurmaqdır.

Bu plan Stalini yanacaq təminatından məhrum edərək diz çökdürəcək və Hitlerin təchizat problemlərini həll edəcək. Bütün bunların reallıq olduğunu düşünən Hitler hətta Bakının tutulması tarixini də təyin edir: 25 sentyabr 1942-ci il.

Bakının gələcək idarəetmə sistemi hazırlanır, neft yataqlarının bərpasını və istismarını təşkil etmək məqsədilə xüsusi departament yaradılır.
1942-ci ildən Quru Qoşunlarının Baş Qərargah rəisi vəzifəsində Frans Halderi əvəzləyən general Kurt Seytsler sonralar yazacaqdı:

...1942-ci ilin yay hücumunu hazırlamaqla Hitler hər şeydən əvvəl Stalinqradı və Qafqazı tutmaq istəyirdi.
...Əgər alman ordusu Stalinqrad rayonunda Volqanı tutsaydı və bununla şimaldan cənuba gedən əsas rus kommunikasiya xəttini kəsə bilsəydi və Qafqaz nefti Almaniyanın hərbi təlabatının təmin edilməsinə yönlsəydi, onda Şərqdə vəziyyət tamamilə dəyişərdi və müharibənin uğurla başa çatmasına ümidimiz artardı. Hitler belə düşünürdü. Bu məqsədlərə çatandan sonra Qafqaz vasitəsilə və ya başqa yolla yüksək sürətli hərbi birləşmələri Hindistana göndərəcəkdi...


Deməli, Hitlerin planları böyük idi. Və bu planlar ilk baxışda reallığa yaxın görünürdü. İyunun 25-də Rostov süqut etmişdi...

Bakıya az qalır...

1942-ci il iyulun 1-də “Cənub” ordu qrupunun qərargah rəislərinin müşavirəsində Hitler bəyan edir: “Əgər mən Maykop və Qroznı neftini əldə edə bilməsəm, bu müharibəni dayandırmaqdan başqa çıxış yolum qalmayacaq”.

İosif Stalin isə həmin isti iyul günlərinin birində təzəcə Xalq Neft Sənayesi Komissarının müavini təyin edilmiş, əslən Bakıdan olan gənc mühəndis Nikolay Baybakovu yanına çağırtdırır.
N.Baybakovun xatirələrindən:

...Əl tutub salamlaşandan sonra Stalin adi tonla dedi:
Yoldaş Baybakov, Hitler Qafqaza can atır. Elan edib ki, əgər Qafqaz neftini ələ keçirə bilməsə, onda müharibəni uduzur. Elə eləmək lazımdır ki, almanlara bir damla da neft çatmasın.
Sonra səsinin tonunu bir az dəyişən Stalin dedi:
- Nəzərə alın ki, əgər siz almanlara bircə ton da neft saxlasanız, sizi güllələyəcəyik!


Baybakovun yazdığına görə Stalin otaqda bir az gəzişdikdən sonra əlavə edib:

Əgər siz neft mədənlərini vaxtından əvvəl məhv etsəniz, almanlar oraya gəlib çatmasalar və biz yanacaqsız qalsaq... yenə də sizi güllələyəcəyik...

Bu söhbətdən sonra N.Baybakov Dövlət Müdafiə Komitəsinin Qafqaz regionunda neft mədənlərinin məhv edilməsi üzrə müvəkkili təyin edilir. Növbəti gün Qafqaz neft mədənlərində xüsusi işlərin təşkili üzrə mütəxəssislər qrupu yaradılır, Xalq Daxili İşlər Komissarlığının partlayış sahəsində peşəkarları bu qrupa cəlb olunur. Bakı yenidən real partlayış təhlükəsi qarşısındadır...

Hitler yeni direktiv imzalayır

Direktiv 45


Fürerin baş qərargahı.
23.7.1942-ci il.
6 nüsxə.
3-cü nüsxə.

...3. Tərkibində əsasən tank birləşmələri və mexanikləşdirilmiş birləşmələr olan qrup eyni zamanda cinahları təmin etmək məqsədi ilə bir hissə ayırıb onları Şərq istiqamətinə yönəltsin, həmin qrup Qroznı rayonunu tutmalı və həmin qüvvələr hərbi Osetiya və hərbi Gürcüstan yolunu imkan daxilində aşırımlarda bağlamalıdır. Son nəticədə Xəzər dənizi boyunca zərbə ilə Bakı rayonunu tutmalıdır.

İtaliya Alp korpusu “A” ordu qrupuna veriləcək. Bu əməliyyatlar üçün “A” ordu qrupuna kodlaşdırılmış “Edelveys” adı verilir. Məxvilik dərəcəsi: Tamamilə məxvi. Yalnız komandanlıq üçün.


1942-ci il avqustun 21-də nasist bayrağı Qafqazın və Avropanın ən yüksək nöqtəsi olan Elbrus dağının zirvəsinə taxılır. Düşmən Qroznının 60, Bakının isə 500 kilometrliyinə qədər gəlib çatır.
Bakı üçün real təhlükə yaranır...

1942-ci il sentyabrın 6-da Stalin son şans kimi Moskva radiosu ilə xalqa müraciət edir. Qafqazın hər cığırı uğrunda ölüm-dirim müharibəsi gedir.

1942-ci il sentyabrın 15-də Beriya, Tülenev, Bağırov və başqa yüksək çinli məmurların iştirakı ilə Zaqafqaziya cəbhəsi Hərbi Şurasının iclası keçirilir.

Tamamilə məxfi

Zaqafqaziya cəbhəsi Hərbi Şurasının qərarı
15 sentyabr 1942-ci il

1. Mahaçqala, Dərbənd və Bakı müdafiə xətlərinin tikilməsi birinci dərəcəli vəzifə hesab edilsin.
...3. Müdafiə xətlərinin tikintisinin başa çatma vaxtı aşağıdakı kimi müəyyən edilsin:
a) Mahaçqala müdafiə xətti 25 sentyabr 1942-ci il
b) Dərbənd müdafiə xətti 1 oktyabr 1942-ci il
c) Bakı müdafiə xətti 20 sentyabr 1942-ci il


Faşistlərin Qafqaza doğru sürətlə irəliləməsi Stalinin müttəfiqlərini də ciddi narahat etməyə başlayır. Onlar artıq Bakını xilas etmək, ən başlıcası isə Bakı neftinin faşistlərə çatmasının qarşısını almaq məqsədilə konkret hərbi yardım təklif edirlər.

Stalinin müttəfiqlərlə yazışması

Baş nazir cənab Uinston Çörçilin cənab Stalinə son dərəcə məxfi və şəxsi məktubu
30 sentyabr 1942

...almanlar artıq Xəzər dənizində hərbi dəniz əməliyyatlarına rəhbərlik edəcək admiralı təyin ediblər. Onlar özlərinə əsas hərbi-dəniz bazası kimi Mahaçqalanı seçiblər.

...Şübhəsiz, Siz bu tipli hücumlara artıq hazırlaşıbsınız. Mənə belə gəlir ki, Xəzərdə və Qafqaz döyüş cəbhəsində Sizin hərbi-hava qüvvələrinizin Amerikanlarla bizim köməyimizlə 20 Britaniya və Amerika eskadriliyası ilə möhkəmləndirilməsi barədə Sizə dediyim plan getdikcə daha böyük əhəmiyyət kəsb edir.


İ.Stalin U.Çörçilə

3 oktyabr 1942-ci il

Sizə deməliyəm ki, Stalinqrad rayonunda bizim vəziyyətimiz sentyabrın ilk günlərində pisləşdi. Almanların aviasiya ehtiyatları daha çox oldu və onlar bu qüvvələri Stalinqrad rayonunda cəmləşdirdilər və havada ikiqat üstünlük qazandılar. Quru qoşunlarını müşaiyət etmək üçün bizim qırıcı təyyarələrimiz çatışmadı..
.

Artıq oktyabr ayında Hitler anlayır ki, Qafqaz neftini ələ keçirmək planları puça çıxıb. Onda qərara alınır ki, neft mədənləri bombardman edilsin, yandırılsın. Yenidən Bakı üzərini qara buludlar alır.

U.Çörçil İ.Stalinə
8 noyabr 1942
Şübhəsiz, Sizə məlumdur ki, Hitler Bakını tutmaq ümidini itirdiyindən şəhəri hava zərbələri ilə dağıtmağa çalışacaq.
Xahiş edirəm mənim məlumatıma inanasınız.


İ.Stalin U.Çörçilə

9 noyabr 1942
...Bakı haqqında xəbərdarlığınıza görə təşəkkür edirəm. Düşməni dəf etmək üçün tərəfimizdən tədbirlər görülür.


F.Ruzvelt İ.Stalinə

16 dekabr 1942
Mənə aydın deyil ki, Qafqaza Amerika aviasiyasının köməyi barədə bizim təklifimizə münasibət sahəsində nə baş verib? Mən Amerika pilotları və heyətləri ilə birlikdə aviasiya birləşməsi göndərməyə tam hazıram.
...Xahiş edirəm istəyiniz barədə mənə imkan daxilində tez məlumat verin, çünki mən bacardığım hər şeylə kömək etmək istəyirəm.
...Mən əsasən özlərinin Qafqaza qədər uçub gələ biləcək bombardmançı təyyarələri nəzərdə tuturam.


İ.Stalin F.Ruzveltə
18 dekabr 1942
Sizin kömək etməyə hazır olduğunuza görə çox təşəkkür edirəm. Uçuş heyəti ilə birlikdə ingilis-amerika eskadriliyası göndərilməsinə gəlincə, hazırda onların Zaqafqaziyaya göndərilməsi zərurəti aradan qalxmışdır.
...Əgər siz təyyarələrin, xüsusən qırıcı təyyarələrin uçuş heyəti olmadan - onlar Sizə indi çox lazımdır, - göndərilməsini sürətləndirsəniz, mən Sizə çox minnətdar olaram.
Sovet aviasiyasının vəziyyəti elədir ki, təyyarıçilər həddindən artıq çoxdur, amma təyyarələr çatışmır.


Neft uğrunda son döyüş

1942-ci il noyabrın 19-da ilk dəfə Qızıl Ordu müharibədə itirdiyi mövqeləri geri qaytarmağa başlayır.

1943-cü ilin yanvarında feldmarşal Paulyus başda olmaqla böyük bir ordu hissəsi təslim olur, Stalinqrad döyüşü sovetlərin qələbəsi ilə başa çatır.

Bütün bu illər ərzində Bakının neft hasilatında fasilə yaranmır. Cəbhəyə yollanan neftçi kişiləri qadınlar və uşaqlar əvəz edir. Bircə faktı xatırlatmaq kifayətdir ki, 1943-cü ilin iyul-avqust aylarında Kurskda gedən tarixin ən böyük tank döyüşlərinə Bakıdan göndərilən neftlə dolu dəmiryolu çənlərinin ümumi uzunluğu 1300 kilometr olub...

Qafqaz regionunda dəmir yolları faşistlər tərəfindən dağıdıldıqda, Bakı neftçiləri dünyada ilk dəfə yeni daşıma üsulu kəşf ediblər: neft doldurulmuş müxtəlif iritutumlu çənlər Xəzər dənizinə buraxılıb, yedək gəmisi ilə Volqa çayı vasitəsilə daşınıb.

Bir sözlə, Bakı nefti faşizm üzərində Qələbənin qazanılmasında əvəzsiz rol oynayıb. Hər dəfə bu və ya digər dövlət başçısının Bakını partlatmaq, dağıtmaq istəyi real olsa da...

***

Bakı, yoldaş Bağırova

...Taman yarımadasında düşmənin sonuncu müqaviməti qırılmışdır. Qafqaz uğrunda ötən ilin payızında Terek çayı rayonunda, Tuapse yaxınlığında başlayan döyüşlərin son mərhələsi başa çatmışdır.
...Düşmənin darmadağın edilmiş hissələri məğlub olaraq biabırcasına Krıma doğru qaçmışdır. Qafqaza və onun sərvətlərinə, xüsusən Bakı neftinə qapılar düşmən üçün həmişəlik bağlanmışdır...
Şimali Qafqaz cəbhəsinin komandanı
General-polkovnik İ.Petrov
9 oktyabr 1943-cü il.


Bu, son demək idi...
Bakı nefti uğrunda döyüşün sonu...

Müsəllim Həsənov
AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti