Ağdərili qara Amerika – Aqşin Yenisey yazır

Ağdərili qara Amerika – Aqşin Yenisey yazır
  12 May 2015    Oxunub:9136
Aqşin Yenisey

İctimai mühərriki udduğu insanları, eynən şirəçəkən aparat prinsipiylə, milyarderlərə və dilənçilərə çevirən, Darvinizmdən din yaradan, rəngli inqilablar adıyla dünyanın siyasi tablosunu yalnız qırmızıya boyayan, nəslikəsilmiş imperativ nəhənglərin sonuncu nümayəndəsi, milli lamisəsini yalnız dərisinin rəngində qoruyub saxlayan ABŞ-da son vaxtlar ağdərili polislər qaradərili gənclərin skalpını soymağa başlayandan sonra qitəyə aşağıdan yuxarı asta-asta “qara inqilab” fonu çökür.


İnqilabın baş verməsi üçün zolaqlı ölkədə hər şey hazırdır; məşhur “inqilabi şərait”, irqi ayrı-seçkilik kimi tarixi bünövrə, qul mənşənin oyanışı, dünya dövlətlərinin ABŞ-a qarşı gizli həmrəyliyi və ən əsası, bütün baş verən inqilablara səbəb olan “ixtira olunmuş” göydəndüşmə bəhanə - qaradərili gənclərin günaşrı qətli. Alicənablığın hər iki üzünə çoxdan tüpürmüş Amerikanın ictimai quruluşu üçün artıq ölüm hökmü oxunub, qalır bu hökmü həyata keçirəcək inqilab. Güllələnmiş qaradərili gəncin meyiti - inqilabın “siyasi ixtirası” da ortadadır.

Yadımıza salaq: ideoloji çəkisinə görə dünya tarixində özündən sonrakı siyasi inqilabların, az qala, atası hesab olunan və kralın edamı ilə nəticələnən 1789-cu il Fransa inqilabı XIV Lüdovikin siyasi məhbuslara işgəncə verdiyi Bastiliya qalasına hücumla başladı. Muzdlu “xalq kütlələri” “Siyası məhbuslara azadlıq” bağıra-bağıra qala-məhbəsin divarlarını aşıb içəri girəndə hücrələrdə cəmi-cümlətanı yeddi dustaq gördülər ki, onların da dördü saxta pul kəsən, biri məişət cinayətkarı, ikisi isə, sadəcə, ruhi xəstə idi.

Deməli, qara tornado təhlükəsi reallaşmağa doğru irəliləyir. Nisbətən mədəni icma hindularını, eskomoslarını qırıb, onların torpaqlarında daha vəhşi Avropa insanının əcdadı kimi peyda olan Amerika insanının bu siyasi problemini özlərinin qlobal umacovanı Bzejinskinin öhdəsin buraxaq. Dünya ölkələrinin incəsənət süfrəsindəki ləziz yeməkələrin yan-yörəsində, sadəcə, çəngəl-bıçaq şəklində təmsil olunacaq qədər bəsit Amerika incəsənəti, ədəbiyyatı bu xalqın şüuraltısına enməkdə ona görə acizdir ki, irqlər kokteylini xatırladan bir etnopsixoloji xarakterə malik bu toplumun vahid şüuraltı strukturu yoxdur.

Ayrıca Amerika modeli kimi öyrənilən etnopsixoloji yanaşma isə kapitalist “quldarlıqdan” sosial darvinizm düzəldən dövlət siyasətinin təhriki və dəstəyi ilə bu ölkədə yaşayan etnik stereotiplərin sosial stereotiplərə çevirilməsinə əsaslanır. Buna görə də özlərinin milli kimliyindən uzaqlaşa bilməyən yaradıcı Amerika insanları daha çox avtostereotiplərdən, bizim dildə desək, özünü, öz milli-mentalitetini yazan, oxuyan, çalan individlərin arasından çıxır. Əsl Amerika da corcvaşinqtonların deyil, elə onların öz əsərlərində müəllifi olduqları Amerikadır.

Toni Morisson - bütün yaradıcı ömrünü afroamerkan insanın şüuraltısında etnoarxeoloji axtarışlarda keçirən, tarixdə ilk dəfə Nobel mükafatı alan afroamerika qadın yazıçısı. Kor gözləri ilə zəncilərin keçmişini, gələcəyini görən qaradərililərin Vanqa nənələri. Bütün əsərləri zənci folkloruna xas olan qriot üslubunda, yəni zənci qəbilə adətlərinin musiqili şeir, yaxud hekayə şəklində şifahi dildə nəsildən-nəsilə ötürülməsi ənənələrinə uyğun yazılmış mətnlərdir. Sanki, zənci nənələrin xəyali “qış nağılları”dır.

Zənci olmasına baxmayaraq, abolisionistlərə həmişə şübhəylə yanaşan, köləliyin ləğvindən təxminən yüz əlli il sonra söylədiyi Nobel nitqində “Zəncilər azadlıq qazanaraq milli mənəviyyatlarını itirirlər, azadlıq onları mənşəyi bilinməz sıradan bir amerikalıya çevirir. Zənciyə azadlıqdan əvvəl milli musiqisi lazımdır” deyən bu qaradərili xanım yazıçı bir zənci həssaslığı ilə hiss edir ki, azadlıq onun irqinə öz mənşəyini itirmək şərti ilə verilib. O və onun ədəbi qəhrəmanları bu “verilmiş” azadlıqdan imtina edir.

Nə qədər qəribə olsa da, Toninin fikrincə, zəncilər ümumi Amerika azadlığına deyil, özlərini əsl zənci kimi hiss etdikləri keçmiş quldarlıq əyyamına üstünlük verirlər. Əsarətdə iztirab çəkən milli kimliklərini azadlıqda onlara talonla verilən heç kimlikdən uca tuturlar. Zənci üçün quldarlıq quruluşu Amerika demokratiyasından uca və doğmadır. ABŞ “azadlıqları” quldarlığa rəhmət oxutduracaq bir demokratiya bəxş edib öz vətəndaşına.

Toni xanım iddia edir ki, əsarət dövründə fiziki soyqırıma məruz qalan qaradərililəri, bu dəfə azadlıqda bundan daha betəri olan mənəvi soyqırım gözləyir. O, zəncilərin dərisinin rənginin yox, ruhunun rənginin hayındadır. Bu zənci qadın üçün “verilmiş” azadlığın bütün növləri təhlükəlidir, onun mətnə münasibətdə özünü bir zənci qriotu kimi aparması da bunu göstərir ki, Tonu nənə “kor və müdrik bir qarı” kimi quldarlığın toxunmadığı, hətta qoruduğu milli adət-ənənələri ABŞ-ın verdiyi azadlıqların vəd etdiyi yeni hüqüqlara, yeni sosial dəyərlərə dəyişmək istəmir. O, zəncinin gələcəyinə görə yox, mənşəyinə görə narahatdır. O, bizim atəşpərəst babalarımızdan fərqli olaraq, qırx il azad amerikalı kimi yaşamaqdansa, bir gün zənci qul kimi yaşamağın peşindədir.

Amerikada XX əsrin əvvəllərindən başlayan Harlem intibahından sonrakı afroamerikalı yazıçıların yaratdığı personajlar, özlərindən əvvəlki azsaylı zənci yazıçılarının qəhrəmanlarından fərqli olaraq, azad həyat tənhalığı vəd olunan Şimala deyil, qul icmasının, quldarlıq ənənələrinin vətəni olan Cənuba üz tutanlardır. Amerikada Amerikadan qaçan, gizlənən şair Toronun törəmələridir. Bu zəncilər Amerika demokratiyasını “dadmış” qaradərililərdir. Kabab qoxusuna gəlib, eşşək dağlandığını görən yalavaclardır.

Cənubda onları öz doğmaları – zənci yaddaşı, zənci mənəviyyatı, artıq irsi status qazanmış qulun “azadlıq yanğısı” gözləyir. Onlar itkin düşmüş talelərinin arxasınca Şimala yollansalar da, burada gec-tez başa düşürlər ki, onların itkin düşmüş zənn etdikləri tale elə Cənubda qoyub gəldikləri o əbədi azadlıq yanğısı imiş. Onlar azad Şimalda heç kimə lazım deyillər, çünki orada özləri də heç kimə çevirilirlər. Görünür, unudulmaq və tənhalıq hissi köləlikdən daha dözülməzdir. Ona görə də Toninin obrazları özlərini uzun müddət həbsxana həyatına öyrəşmiş, azad həyatın şərtlərinə yadırğamış məhkumlar kimi aparırlar. Onlarda məhkumluq duyğusu Məcnunluq həddindədir, onlara azadlığın alçaldıcı firavanlığı yox, məhkumluğun ləyaqətli əzabı, ağrısı doğmadır. Bu zəncilər azadlıq yanğısını azadlığın özünə belə qurban vermək istəmirlər. Hətta bu gün də Amerika freemanları dövlətə vergi ödəyib azad həyatda yaşamaqdansa, ömürlərini həbsxanalarda keçirməyi vicdan kredosu hesab edirlər.

Mənim burada Toninin əsərlərindən çıxardığım nəticəni zənci yazıçı bütün yaradıcılığı ilə cavab axtardığı bir sualda ümumiləşdirir: “İndi azad yaşamalarına icazə verilmiş zəncilər bu azadlıqda öz milli kimliklərini necə qoruyacaqlar?”
Toni Morissonun fitri zənci narahatlığı onun qarma-qarışıq zənci deyingənliyi ilə qələmə aldığı Nobel nitqində özünü, az qala, psixi pozğunluq həddində göstərir. Nitqin ingiliscəsinin tərcüməsi zamanı tərcüməçilərin cavabı konkret idi: ilk dəfədir ki, bu qədər narahat bir ingiliscəylə qarşılaşırıq və bu nitq orijinala daha yaxın olmaq prinsipi ilə tərcümə olunarsa, azərbaycanlı oxucu heç nə başa düşməyəcək.

Nitqin ortalarındakı bir cümlə Toninin ingiliscəsinin narahatlığının nədənini aydınlaşdırdi. Məlum oldu ki, bu qaradərili yazıçı orta statistik amerikalının ingiliscəsinə də, ölkəsinin “azadlıq” birkalı zombiləşdirmə siyasətinə münasibətdə olduğu kimi, zənci mühafizəkarlığı ilə yanaşıb. O, Nobel nitqindəki qadının diliylə eynən bizim sovetdənqalma ədəbi dilimiz kimi məişət darısqallığına sıxışdırılmış zənci dilini nəzərdə tutaraq deyir: “Ölü dil təkcə danışılmayan və yazılmayan dil deyil, həm də öz iflicindən, məcburi itaətsizliyindən həzz alan inadkar dilin məmnunluğudur”. Toniyə görə, dilin iflici zəkaya qarşı fəal etirazın, vicdan azadlığına təcavüzün və insana bəşəri potensialın qadağan olunması hesabına gerçəkləşir. Biz bu dil iflicini ölkəmizin sovet ədəbi dilinin hər cümləsində görə bilərik.

Toni yazdığı və oxuduğu Amerkan ingiliscəsinin konkretliyinə zənci cazının inadkar məmnunluq sərbəstliyini gətirməklə, bir növ, ondan qisas alır. Sovet dönəmində yaradılan sorğu-sual mühiti necə ki, bizim xalqa yeni ideyalara dözümlü yanaşmağa, fikirləri dolğun şəkildə ifadə etməyə, eşitmədiklərimizi səbirlə dinləyib anlamağa əngəl olurdusa, eləcə də Amerika azadlığı zəncilərin milli dilini də bu cür məhv edirdi. Bizim dilə sovet əsarətinin vurduğu zərbəni zəncilərin, ümumiyyətlə, Amerika insanının dilinə Amerika azadlığı vurub.

Nadanlığı qəbul etmək və imtiyazları qorumaq məqsədilə Azərbaycan sovet ədəbi dili də müasir zənci dili kimi rəsmi dilə nökərlik etməklə məşğul idi. Bizim sovet ədəbiyyatı, xüsusilə “60-cılar” deyilən ədəbi nəsillə qarşıdurmamız bunun üstündə yaranıb. Toni Morrison isə bu imtiyazlı dil nökərliyi ilə razılaşmaq fikrində deyil. O, yazmaq üçün təklif olunan dilə düşməncəsinə yanaşır. O, dünyada baş verən bütün irqi, milli, etnik qırğınların günahını dövlətlərin anlaşılmaz, medianın yalançı, akademiyaların daşlaşmış, dinlərin fitnəkar dillərində görür. O, ağdərili azad amerikalının təklif etdiyi dilini zəncilər və digər azlıqlar üçün əlindəki “M-16” tüfəngindən daha təhlükəli düşmən hesab edir.

Gəlin onun Nobel nitqindəki dilin (əslində, dünyanın) gələcəyi ilə bağlı ümidsizliyə köklənən bir hissəni yenidən yüngülvari redəktəyə məruz qoyaraq yazımızın son nöqtəsini doğru irəliləyək. “Mən əminəm ki, əsl sahibinə sadiq olan “ələ keçməmiş” dil heç bir yaltaq mənsəbxoru, acgöz diktatoru, muzdlu siyasətçini, qondarma jurnalisti öz fikrindən daşındıra bilməz. Dil insanları silahlanmağa səsləyərək, piyada keçidlərində, məhkəmə zallarında, uşaq bağçalarında, istirahət yerlərində, yataq otaqlarında qan tökür; lüzumsuz ölümlərin ağrı və itkiləriylə təşviş yaradan, bu ağrı və itkiləri əbədiləşdirən dil, həm də onları ört-basdır edir. Gələcəkdə zorlamanı, işgəncələri, caniliyi gizlətmək üçün dil daha diplomatik olacaqdır. Dil daha yaraşıqlı yalançı don geyinərək tədqiqat və müşahidələrində tarixlə siyasətin hesabladığı milyonlarla lalın itkisini məruzə edən bir vasitəyə çeviriləcəkdir. Bədbəxtliyə düçar edilənləri mühakimə edəcək, vəhşi hücumları ideallaşdıracaqdır. Hər kəsə xor baxan psevdoemprik dil yaradıcı adamları ən abırsız şəkildə köməksizcəsinə qəfəslərə qıfıllayacaqdır”.

Bu, kapitalizmin muzdlu dilidir. Bu, bütün imperativ ideyaların öz təbəələrinə öyrətdiyi dildir. Bu, yaradıcı təfəkkürlərə qənim kəsilən rəsmi dildir. Bu, bugünkü Amerika “azadlıqlarının” danışdığı dilidir. Bu dildə danışamaq istəməyənlərə nə ABŞ-da, nə də dünyada azadlıq yoxdur.


Teqlər:  





Xəbər lenti