Gürcü qızının oynaya bilmədiyi Azərbaycan filmi - KADRARXASI

Gürcü qızının oynaya bilmədiyi Azərbaycan filmi - KADRARXASI
  20 Avqust 2014    Oxunub:26442
AzVision.az-ın “KADRARXASI” rubrikasınnın növbəti filmi “Babamızın babasının babası”dır.

Azərbaycan kəndlərinin birində uzun ömür sürmüş Əziz baba (Hüseynağa Sadıqov) yaşayırdı. Bütün kənd onun qohumu olmasına baxmayaraq, heç kim qocanın yaşını dəqiq bilmirdi. O, kolxoz qoyunlarını otarır, hərdən ötüb keçənləri xatırlayır, ilk məhəbbətini yada salırdı. Günlərin birində aydın olur ki, Əziz babanın 160 yaşı varmış. Təntənəli yubileyə hər yerdən adamlar axışıb gəlir. Babanı köhnə evdən təzəsinə köçürürlər.

Bir gün baba zorla ərə verilən Zeynəbi (Həmidə Ömərova) toy vaxtı atın tərkinə alıb öz evinə gətirir. Nəvəsinin (Sabir Məmmədov) bu qızı sevdiyini biləndə sevinci yerə-göyə sığmır. 160 yaşlı qoca filmdə məhəbbət və əbədilik ideyalarının daşıyıcısı kimi göstərilib.

Filmin ssenari müəllifi Ramiz Rövşən, quruluşçu rejissor Tofiq Tağızadə, operator Hüseyn Mehdiyev, rəssam Arif Əbdürrəhmanov, bəstəkar Mobil Babayevdir.

Rollarda Hüseynağa Sadıqov(Əziz baba), Samir Qədirov Əziz (uşaq), Şamil Süleymanov-Əziz (gənc) Səməndər Rzayev (Əliquliyev), Hamlet Qurbanov (Kolxoz sədri), Həmidə Ömərova(Zeynəb), Yelena Qaracova (Nərgiz), Sabir Məmmədov(Tapdıq), Rafiq Əliyev (II) (Müxbir), Eldəniz Zeynalov (Həkim), Süleyman Ələsgərov (Professor), Eldəniz Rəsulov (Cəfər) və başqaları çəkilib.

Sənin nənənin nənəsinin nənəsinin adı Nərgiz olmayıb ki?

Filmdə Əziz babanın nəvəsi Tapdıq rolunda oynayan aktyor Sabir Məmmədov:




- Filmə çəkilən zaman tələbə idim, ikinci kursda oxuyurdum. Sınaq çəkilişlərinə getdim və Tapdıq rolu üçün mənim üzərimdə dayandılar. Obrazım da yaşıma uyğun gəlirdi. Zeynəb rolunu oynayan tərəf-müqabilim Həmidə xanımdan öncə həmin rol üçün mənimlə bir gürcü qızın sınaq çəkilişini etdilər.

Təsəvvür edin, o qız rus dilində danışırdı, bizim dildə bircə kəlmə söz başa düşmürdü. Mən isə rus dilində nə danışa, nə də başa düşə bilirdim. Hətta ssenari belə Moskvada rus dilində təsdiq olunmuşdu. Dedim, mənə Azərbaycan dilinə tərcümə edin ssenarini.

Çox gülməli səhnə yaranırdı. O, rus dilində mənə deyirdi ki,`Tapdıq sən bu gün gələcəksən?` Mən də Azərbaycan dilində deyirdim ki, `yox, bəlkə gəlmədim`. Bu cür səhnə heç rejissorların da xoşuna gəlmədi. Axırda aktrisa hirslənib mənə dedi ki, `Sən niyə rus dilində bilmirsən?`. Dedim bilmirəm də. Yəni nə qədər cəhd etsək də, bu formada oyunumuz alınmırdı. Yaxşı ki, alınmadı , sonradan onun yerinə Həmidə Ömərova təsdiq olundu.



Elə də çətin kadrlarımız olmadı. Yalnız filmdə Zeynəb qaçırılandan sonra Səməndər müəllimin əsəbdən çöllükdə oynaması səhnəsi bir az çətin oldu. Çünki həmin vaxt hava çox isti idi, nəfəs almaq olmurdu. Səməndər müəllim kimi kök adamın bu cür havada rəqs etməsi bir az ona çətin idi. Amma sonda gözəl alındı.



Filmdə həmçinin Rusiyanın tanınmış aktrisası Yelena Qaracova da`Nərgiz` roluna çəkildi.

Əsas çəkilişlərimiz Şəkinin Oxud kəndində olub. Pavilyon çəkilişlərindən az istifadə etdik. Təxminən bir ilə film hazır oldu`.



Zeynəb kimdir? Nəvəmin nəvəsinin nəvəsi

Sabir Məmmədovun tərəf-müqabili, Zeynəb obrazını yaradan Həmidə Ömərova:




- “Babamızın babasının babası”na qədər 3-4 filmə çəkilmişdim. Bu filmə təsdiq olunmağımı da başqa filmin çəkilişi zamanı mənə dedilər. Film fəlsəfi komediya idi. “Babamızın babasının babası”dan danışarkən Tofiq Tağızadə, Eldəniz Zeynalovun səhnələri, Səməndər Rzayevin eyvana çıxıb nitq söyləməsi yadıma düşür. Bir də görürdün ki, çəkiliş gecikirdi və ya kamera xarab olurdu, bizə tənəffüs verirdilər. Səməndər Rzayev bu zaman eyvana çıxıb filimdəki sözlərini deyərək, kənd camaatını güldürürdü. Həmçinin Tofiq Tağızadə çəkilişdən sonra bizi başına yığıb, deyib-gülürdü. Bir ailə kimi idik.

Bu film haqqında hətta mən bir dəfə veriliş də hazırlamışam. Bir-bir çəkdiyimiz yerlərə getdim. O vaxt filmdə çəkilmiş 5-7 yaşlı uşaqlar indi artıq ailəli adamlardırlar. Hamısı gəlib mənimlə görüşürdülər, deyirdilər ki,` mən gəlin aparan da sizin yanınızda durmuşdum. Həmin oğlanam`. Hətta filmdəki ev sahibini də verilişimə çəkdik. O da müsahibə verdi.



Filmin əsas qəhrəmanı Əziz babanı oynayan Hüseyinağa Sadıqov çox sadə və səmimi insan idi. Əgər çəkilişlər saat 8 -də başlayırdısa, o, 6-dan çəkiliş meydançasında olurdu. Heç vaxt heç nədən narazılıq etməzdi. Tənəffüslərdə də öz aləminə qapılıb, sakitcə bir qıraqda dayanırdı. Təvazökar və böyük şəxsiyyət idi. Onunla söhbətlərim yadıma düşür. Gənclik illərindən, ilk dəfə radioya gəlişindən,`Xoruz baba` verilişini aparmasından maraqla danışırdı. O, qəşəng at sürüdü. Mən də çəkiliş zamanı ondan möhkəmcə yapışmışdım. Amma iri planda çəkəndə atı maşına bağlayıb çəkirdilər.



Şəkidə olduğumuz zaman filmin geyim üzrə rəssamı ilə bir otaqda qalırdım. O, mənə dedi ki, çəkilişimiz gec başlayacaq, gedək həm şəhəri gəzək, həm də bazara baş çəkək. Dedim gedək, könlümə yaman şaftalı düşüb. Elə təzə küçəyə çıxmışdıq ki, arxamızca uzun, arıq bir oğlan düşdü. Dedim Nara, gəl qaçaq. Başladıq qaçmağa, biz qaçdıqca oğlan da qaçdı. Yavaşladıqca bu da yavaşladı. Biz də oğlanın acığına ikinci dəfə yayın cırhacırında dolayı yollarla lap bərk qaçdıq. Elə təzəcə qaldığımız mehmanxanaya qayıdıb nəfəs almağa başlamışdıq ki, bu anda qapı döyüldü. Qapını açanda gördüm ki, həmin oğlandır. Mənə dedi ki,` bir manat verin də`. Sən demə bizi bayaqdan gic eləməyinə səbəb bir manat söhbəti olub`.

Kişi olan kəs gərək özünə əvvəlcə at, sonra arvad alsın. Arvad dediyin ki, var, ağır yükdür, piyada adamın ona gücü çatmaz.

Kəndə Əziz baba haqqında məqalə hazırlamağa gələn müxbir obrazını isə xalq artisti Rafiq Əliyev yaradıb:




- Buna qədər mən artıq bir –iki filmdə çəkilib, epizodlarda xırda rollar oynamışdım. Bir gün mənə ikinci rejissor Rafiq Dadaşov zəng edib dedi ki, bu filmə dəvət edirlər. Və mən öz minnətdarlığımı bildirdim. Bu rola bir neçə aktyor - Yaşar Nuri, İlham Namiq Kamal mənə qədər sınaqdan keçirilmişdi. İlk dəfə yaradıcı qurupla görüşəndə gördüm ki, çəkiliş meydançasında o dövrün bir çox ulduzları - Səməndər Rzayev, Hamlet Qurbanov, Eldəniz Zeynalov, Süleyman Ələsgərov, Hüseyinağa Sadıqov var. Yəni öz sözlərini demiş sənətkarlarla çəkiləcəkdim.

Elə indi Şəkidəyəm. O vaxt kinonun çəkilişi zamanı biz qaldığımız mehmanxananın qapısında durmuşam, 4-cü mərtəbəyə, rəhmətlik Səməndər müəllimlə qaldığımız otağa baxıram. Həmin hisslər geri qayıdır və mən özümü bu dəqiqə çox gözəl hiss edirəm.

Filmdə qəhrəmanların hamısı iki rol oynayırdı. Məsələn, mən `eşşək otaran` və `müxbir` rollarını, Səməndər Rzayev isə həm `Əliquliyev` obrazını, həm də `qəbir qazan` rolunu oynayırdı.

Yəni Əziz babanın yaddaşında olan insanlar hansı dövrdə olubsa, yenidən təkrar olunur, amma başqa bir formada. Çox gözəl ssenari idi.



Yadımdadır ki, Səməndər müəllim yuxudan duranda mehmanxanada çox gözəl mahnı oxuyurdu. Həmişə deyirdi ki, hər bir aktyor yuxudan duranda dodaq və səs telləri məşqlərini etməlidir. Eldəniz Zeyanlovla çox maraqlı və gülməli hadisələrimiz olub. Sənətkarların hər bir sözünü özüm üçün dərs kimi qəbul edirdim.

Çəklib, amma sonradan filmdə verilməyən kadrlarımız da oldu. Məsələn, bir qonaqlıq səhnəsi var idi: kolxoz sədri (Hamlet Qurbanov) məni qonaq çağırır, bağda oturub yeyib-içirik. Əvvəl başlayırıq stol arxasından, sonradan o qədər içirik ki, stolun altında otururuq. Daha sonra isə yumalanıb çayın qırağına gedirik. Həmin səhnə filmə düşmədi. Bəlkə də həmin dövürdə alkoqolla mübarizə gedirdi deyə rejissor həmin kadrları daxil etmədi.



O zaman Hüseynağa müəllimlə bir teatrda işləyirdik. Mən Gənç Tamaşaçıların rus bölməsində aktyor idim, o isə artıq tanınmış, ağsaqqal bir aktyor idi. Hüseynağa müəllim Şəkidə hər addımımı ölçüb-biçirdi, hər bir məsələyə görə mənə məsləhətlər verirdi. Oteldə də qonşu nömrələrdə qalırdıq. Çox maraqlı hadisələr danışırdı bizə. Çəkilişlər də maraqlı olurdu. Biz, demək olar ki, iki-üç ay Şəkidə çəkilişlər apardıq.

Deyirlər elə babamın babasının babasının da adı Cəfər olub.

Gənc Əziz rolunu oynayan aktyor Şamil Süleymanov filmin çəkilişi zamanı olanları belə xatırlayır:




- Mənim üçün çox qiymətli bir film idi. Çünki bu film Ramiz Rövşən qələmindən çıxıb. Mən onun fanatıyam və yaradıcılığını izləyirəm. Ən maraqlısı burasındadır ki, gözümü açıb, uşaqlıqdan tanıdığım Hüseynağa müəllimlə birlikdə çəkildim, onun cavanlığını oynadım. Orada həmçinin korifeylər də iştirak edib. Onların hər biri bir orduya bərabər aktyorlar idilər. Mən o qədər məəttəl qalırdım ki - nəhəng rol oyanayasan, sonra da istirahət vaxtı sakitcə kənarada qabağına bir stəkan çay qoyub sadə söhbət edəsən. Bax, Səməndər Rzayev belə adam idi. Mən elə bilirdim ki, o, bir kresolda oturacaq, gözünü yumub başlayacaq dahiyanə danışmağa. Amma elə deyildi, çox sadə insan idi.



Filmdə mənim nişanlımı oğurlayan Cəfər bəyi oynayan aktyor Eldəniz Rəsulov mənimlə bir otaqda qalırdı. O, mənim çox sevdiyim sənətkar idi. Yadıma gəlir ki,onun doğulacaq uşağı üçün qulaqcıqlı oyuncaq aldım. Çəkilişdən sonra zarafatla dedim ki, mən sənin uşağına oyuncaqlar alıram, sən də mənim nişanlımı götürüb qaçırsan.



Şahanə RƏHİMLİ
AzVision.az



Teqlər:  





Xəbər lenti