Yevda Abramovun fikirləri deputatı qəzəbləndirdi

Yevda Abramovun fikirləri deputatı qəzəbləndirdi
  19 İyul 2014    Oxunub:1038
“Əgər Yevda Abramov İsraili müdafiə edirsə, onda Putini də Malaziya təyyarəsini vurmaqda haqlı saymaq olar. İsrailin Qəzzada yaşayış binlarını bombalayıb 300-ə yaxın insanı öldürməsi heç bir məntiqə sığmır. Bu əsl dəhşətdir”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deputat həmkarı Yevda Abramovun İsrailin müdafiəsinə yönəlik çıxışına cavab olaraq bildirib.

Millət vəkili hesab edir ki, Qəzzada baş verənlər dünya reallığında qəddarlıq və vəhşiliyin stiummulaşdırılmasını göstərir və bu stimullaşdırmanın da başında ABŞ dayanır:

“ABŞ prezidenti çıxışında bildirir ki, daha az sayda adam öldürməklə bu işi həyata keçirməyinizi istəyərdik. Bundan böyük biabırçılıq yoxdur. Günahsız insanların, müdafiəsiz bir şəhərin bu formada vəhşicəsinə qətlə yetirilməsi İsrailin özünün də dünyadakı nüfuzuna xeyli zərbə vurur. Bir var hər hansısa ciddi təhlükə ilə üzləşəndə kiməsə qarşı addım atırsan, bir də var müdafiəsiz, onsuz da mühasirə altında olan bir yeri belə qəddarlıqla atəş altında saxlayırsan. Acınacaqlı məsələdir”.

F.Mustafanın sözlərinə görə, yaranmış vəziyyət müsəlman dünyasının səhvlərini ortaya çıxardı.

“Müsəlman dövlətlərindən bir dənə də olsun ağıllı reaksiya yoxdur. Türkiyənin də yeritdiyi yanlış xarici siyasət istər-istəməz bu prosesə Türkiyə kimi dövlətin də müdaxilə etməsinə imkan vermir. Nüfuszsuz vəziyyətdə kənarda qalıb və yalnız Sultan Əhməd meydanında dualarla saxta həmrəylik nümayiş etdirərək dəstək verdiyini göstərir, amma real diplomatik fəaliyyət imkanları yoxdur”.

Azərbaycana gəlincə isə F.Mustafa deyib ki, İsraillə müəyyən dərəcədə yaxşı münasibətləri olduğuna görə, açıq irad bildirmək imkanına sahib deyilik:

“Misirin belə öz qardaşlarına dəstək vermək həvəsində olmadığı mühitdə Fələstinə ancaq acımaq olur ki, bu qədər sıxıntı içində hələ mövcud ola bilirlər”.

F.Mustafa deputat həmkarı Yevda Abramovun Qəzza olayında İsrailin müdafiəsinə yönəlik çıxışına da münasibət bildirib.

O, hesab edir ki, belə olan halda Putini də Malaziya təyyarəsini vurmaqda haqlı saymaq olar:

“Onda Myanmarda müsəlmanları qətlə yetirən rahiblər də haqlıdır? Bu olayları yəhudi də, müsəlman da bəyənməməlidir. Vaxtilə almanların yəhudilərə qarşı soyqırımına necə insanı duyğularla yanaşırıqsa, yəhudilər də Qəzzada baş verənləri pisləməlidir. Silahlı müqavimət göstərməyən, dinc əhalinin üzrəinə bu qədər bomba yağdırmağın adı nədir?”.

Qeyd edək ki, Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov saytımıza verdiyi müsahibədə son günlər Qəzzada baş verən qanlı olaylarda günahın HƏMAS təşkilatında olduğunu bildirib. Deputat qeyd edib ki, İsrailin bu olaylarla heç bir günahı yoxdur.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti