Gürcüstanda vəziyyət gərgindir: 63 nəfər saxlanılıb, 6 polis yaralanıb

      Gürcüstanda vəziyyət gərgindir:       63 nəfər saxlanılıb, 6 polis yaralanıb
  01 May 2024    Oxunub:746
Mayın 1-nə keçən gecə Tbilisinin mərkəzində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı keçirilən aksiyada 63 nəfər saxlanılıb, 6 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin əməkdaşlarına hücumla bağlı cinayət işi açılıb.
Gürcüstan parlamenti qalmaqallı qanuna yenidən baxır


Daxili İşlər Nazirliyinin nümayəndələri dəfələrlə etirazçıları qanundan kənara çıxmamağa çağırıblar. Vaxtaşırı xüsusi təyinatlılarla etirazçılar arasında toqquşmalar baş verib. Etirazçılar təhlükəsizlik qüvvələrinə daş və plastik butulkalar atıb, təhlükəsizlik qüvvələri isə bibər qazı, gözyaşardıcı qaz və şırnaqdan istifadə edib.

İğtişaşlar zamanı onlarla insan yaralanıb, onların əksəriyyətinə yerindəcə təcili tibbi yardım göstərilib. Xəsarət alanlar arasında ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatın sədri Levan Xabeişvili də var.

Qeyd edək ki, Tbilisidə vəziyyət parlamentin axşam saat 21:00 radələrində “xarici agentlər” haqqında qalmaqallı qanun layihəsinə ikinci oxunuşda baxılması başa çatdıqdan sonra gərginləşib. Müxalifətdəki Axali partiyasının liderləri parlamentə girişlərdən birini bağlamağa çalışsalar da, təhlükəsizlik qüvvələri buna imkan verməyib.

Aksiyada vəziyyət bir neçə dəfə gərginləşib. Polis etirazçıları parlamentin giriş qapılarından uzaqlaşmağa, deputatların və qanunverici heyətin hərəkətinə mane olmamağa çağırsa da, aksiya iştirakçıları ərazini tərk etməkdən imtina ediblər.

Təhlükəsizlik qüvvələrinə müxtəlif əşyalar, o cümlədən plastik butulkalar atılıb, polis isə aksiya iştirakçıqlarına qarşı bibər qazından istifadə edib. Nəticədə bir neçə cərgə düzülən xüsusi təyinatlılar etirazçıları parlamentin girişlərindən uzaqlaşdırıblar.

Saat 04:00-dan sonra Daxili İşlər Nazirliyinin qüvvələri parlamentin yaxınlığındakı ərazini tərk etməyə başlayıb. Aksiya iştirakçıları saat 05:30 radələrində dağılışıblar.

Gürcüstan prezidenti Salome Zurabişvili Daxili İşlər Nazirliyini dinc mitinqin dağıdılmasına, qeyri-mütənasib güc tətbiqinə və gənclərə qarşı zorakılığa dərhal son qoymağa çağırıb.

Zurabişvili də müxalifətçilər və qeyri-hökumət təşkilatları kimi “xarici agentlər” haqqında qanunun qəbul edilməsinin qəti əleyhinədir.



“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsində illik gəliri 20% xaricdən gələn qeyri-hökumət təşkilatlarının və KİV-lərin qeydiyyata alınması və illik bəyannamənin doldurulması tələb olunur. Onların fəaliyyətində heç bir məhdudiyyət yoxdur.

Hakimiyyət 2023-cü ilin martında kütləvi etirazlar zamanı geri götürülmüş “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən gündəmə gətirilməsini onunla əsaslandırıb ki, şəffaflıq vədlərinə baxmayaraq, xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıblar.

Müxalifətçilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və vətəndaş fəalları bu qanun layihəsinin Gürcüstanın Aİ-yə inteqrasiyasına mane olduğunu iddia edirlər.

Onlar bu qanun layihəsini “Rusiya qanunu” adlandırırlar və aprelin 15-dən qanunun geri götürülməsi tələbi ilə etiraz aksiyaları keçirirlər. Avropa İttifaqı, ABŞ, BMT, NATO, Avropa Şurası və ayrı-ayrı Qərb dövlətlərinin rəhbərləri Gürcüstanı “xarici agentlər” haqqında qanunu qəbul etməməyə çağırıblar.

Gürcüstan hökuməti Qərbin tənqidini anlaşılmaz adlandıraraq, ABŞ, İsrail və Avstraliyada artıq xaricdən maliyyələşmənin şəffaflığı ilə bağlı qanunların olduğunu və belə qanun layihələrinin Avropa İttifaqı və Fransada nəzərdən keçirildiyini vurğulayır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti