“Sarkisyan və Köçəryan cinayətkardır” - Əli Həsənov

“Sarkisyan və Köçəryan cinayətkardır” - Əli Həsənov
  20 İyun 2014    Oxunub:1288
"Xocalı faciəsi XX əsrin son soyqırımlarından biridir. Xocalı soyqırımına siyasi qiymət məhz ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra verildi".
Bu barədə Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yazıçı-publisist, əməkdar jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin "Leyla Əliyeva: "Xocalıya Ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model) adlı üçcildlik əsərinin təqdimat mərasimində çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, ümummilli lider Heydər Əliyev bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində lazımi işlər gördü və tapşırıqlar verdi. O, qeyd edib ki, sonra Prezident İlham Əliyev bu işin davam etdirilməsi üçün lazımi qərarları və tapşırıqları verdi.

Baş nazirin müavini vurğulayıb ki, daha sonra Heydər Əliyev Fondu da bu kampaniaya qoşuldu: "İlham Əliyevin göstərişi ilə xaricdə fəaliyyət göstərən Azərbaycan təşkilatları da bu kampaniyaya qoşuldu".

Ə.Həsənov qeyd edib ki, Leyla Əliyeva bu kampaniyada iştirak edəndən sonra son 17 ildə görülən işlərdən xeyli çox iş görüldü.

Baş nazirin müavini bildirib ki, beynəlxalq aləm bu faciə ilə tanışdır: "Faciə baş verərkən bir sıra beynəlxalq jurnalistlər, təşkilatlar və digər qurumlar orada olublar və bu faciə ilə yaxından tanış olublar. Rusiyanın 366-cı alayının 80-90 faizini ermənilər təşkil edib. Orada rus zabitləri və əsgərləri az olub. Həmin rus zabitlərindən biri də bu faciənin törədilməsindən təəssüf etdiyini bildirib. O, yazdığı hesabatda qeyd edib ki, çox təəssüf ki, bu faciədə biz rus zabitinin şərəfini ləkələməkdən qoruya bilmədik".

Ə.Həsənov deyib ki, Xocalı faciəsini törədən əsas cinayətkarlar Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, indiki prezidenti Serj Sarkisyan, qondarma rejimin rəhbəri Arkadi Kukasyan və Seyran Ohanyan olub: "İndi dünya ictimaiyyəti bizə deyir ki, bu cinayətkarlarla, faşistlərlə probleminizi həll edin. Dünyada ədalətsizlik davam edir, ilbəil münaqişə zonalarının sayı artır, soyqırımların sayı artır. Bizim yeganə güman yerimiz öz xalqımız və dövlətimizdir. Prezident İlham Əliyev bu problemin həlli üçün lazımi işləri görür. Ermənistanın bu gün dalana dirənməsinin əsas səbəbi məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdir. Ermənistandakı mövcud rejim dəyişmədikcə, bu problem həll edilməyəcək. O rejim azərbaycanlıların qanını axıdaraq hakimiyyətə gəlib. İndi onlar bu probleminin həll olunmasını istəyər?" (Trend)


Teqlər:





Xəbər lenti