Yerlilərimiz almanlarla birgə konsert verdi

Yerlilərimiz almanlarla birgə konsert verdi
  26 May 2014    Oxunub:838
Almaniyanın Köln şəhərində “Mədəniyyətlərarası musiqi körpüləri: Almaniya–Azərbaycan” adlı konsert proqramı təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbir Köln şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü ilə Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi və Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin təşkilati yardımı ilə təşkil edilib.

Almanların Azərbaycanda məskunlaşmasının 195-ci ildönümünə həsr edilən konsert Köln şəhərinin qədim tarixi abidəsi olan Müqəddəs Pantaleon kilsəsində keçirilib.

Tədbiri Alman-Azərbaycan Mədəniyyət evinin sədri Altay Rüstəmli giriş sözü ilə açaraq almanların Azərbaycanda məskunlaşması tarixindən danışıb, müasir Azərbaycanda bu tarixin qorunub saxlanmasından, həmçinin Azərbaycandakı inkişafdan da söz açıb. O, öz çıxışında Azərbaycanın ağrılı məqamlarına toxunaraq, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının ermən işğalçıları tərəfindən zəbt olunması və bir milyon qaçqının vəziyyəti haqqında məlumat verib.

Daha sonra tədbirdə çıxış edən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer–İsmailova bu konserti alman və Azərbaycan xalqları arasında olan tarixi əlaqələrin davamı kimi dəyərləndirib, iki ölkə arasında mədəni dialoqun önəmli olduğunu vurğulayıb.

O, proqrama daxil edilmiş musiqilər haqqında məlumat verərək, əsas diqqəti Azərbaycan bəstəkarlarının əsərlərinə cəlb edib. Samira Patzer–İsmailova Azərbaycan musiqi tarixindən, qədim muğam sənətindən, Azərbaycanda ilk peşəkar bəstəkarlıq məktəbinin yaranmasından və musiqi sahəsində olan nailiyyətlərdən söhbət açıb.

Konsertdə Azərbaycanın məşhur orqan ifaçısı, professor Rəna İsmayılova və Müqəddəs Pantaleon kilsəsinin musiqi rəhbəri Martina Mailenderin ifasında səslənən Azərbaycan bəstəkarlarının əsərləri dinləyicilərinin böyük rəğbətini qazanıb. Konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı görkəmli Alman bəstəkarları – İ.S.Bax, F.Hendel, M.R.Volfqanq Rayzinqerin əsərləri də səslənib.


Teqlər:  





Xəbər lenti