Azərbaycanda uğur qazanan əcnəbi məşqçilər – ARAŞDIRMA

Azərbaycanda uğur qazanan əcnəbi məşqçilər – ARAŞDIRMA
  21 Fevral 2014    Oxunub:1413
Mövsümün əvvəlindən “Qəbələ”ni tanınmış rusiyalı mütəxəssis Yuri Syomin çalışdırır. Ötən ilin dekabrından “Xəzər Lənkəran”a gələn türkiyəli Mustafa Dənizlinin də hələlik işləri qaydasında gedir. Bəs başqa hansı əcnəbi məşqçilər Azərbaycanda uğur qazana biliblər?

Azərbaycanın futbol arenasında uğur qazanan ilk əcnəbi mütəxəssis kimi Dənizlinin həmyerlisi Rasim Karanın adını çəkə bilərik. Məşqçi kimi Türkiyə yığmasında Fatih Terimin köməkçisi olduğu dövrdə tanınmağa başlayan və milli komandadakı 6 illik fəaliyyətinin ardından “Beşiktaş”ı çalışdıran Karanın ölkəmizə gəlişi 2004/2005-ci illər mövsümünə təsadüf etmişdi. Sözügedən “futbol ili”ndə “Neftçi” ilə xalları bərabər olan “ağ-yaşıllar” çempionluğu “qızıl oyun”da əldən versə də, Rasim Kara komandasına gümüş medal qazandırmaqla tarixə düşmüşdü.

Onun vaxtında “Neftçi” İntertoto Kubokunda iki mərhələ adlamaqla yadda qalmışdı. Bəli, söhbət ukraynalı Anatoli Demyanenkodan gedir. Düzdür, onun 2007/2008-ci illər mövsümündə bürünc medal qazandırdığı flaqmandakı karyerası cəmi 8 ay davam etdi və rəhbərliklə problem yaşayan mütəxəsis “ağ-qaralar”la yollarını erkən ayırdı. Amma həmin vaxt avrokuboklarda qazanılan nəticələr ukraynalı çalışdırıcının yaddaşlarda qalmasına bəhs etdi. Nə də olsa, həmin vaxt Slovakiyanın “Nitra” və Belçikanın “Jerminal” klublarını mübarizədən kənarlaşdırmaq sıradan olay sayılmırdı.

Anatoli Demyanenkonun vaxtilə“İnter”də çalışan həmyerlisi Valentin Xodukini də Azərbaycan futbolunun tarixinə düşən əcnəbi məşqçilər sırasına aid etmək olar. 2006-cı ildə “bankirlər”in baş məşqçisi postuna təyinat alan Xodukin 2007/2008-ci illər mövsümündə “İnter”ə çempionluq yaşatmışdı. Bundan başqa, həmin mövsüm Çempionlar Liqasında Makedoniya “Rabotniçki”sini mübarizədən kənarlaşdıran “bank təmsilçisi”nin bu uğurunun memarı da məhz Valentin Xodukin idi.

“İnter”in hazırkı baş məşqçisi Kaxaber Tsxadadze də ölkəmizdə uğurlu karyera quran əcnəbi mütəxəssislər sırasındadır. 2009-cu ildən paytaxt klubunun baş məşqçisi olan gürcüstanlı çalışdırıcı komandası ilə bir dəfə ölkə çempionu olmaqla yanaşı, iki dəfə birinciliyin bürünc medalını qazanmışdı. Bundan başqa, “İnter” Moskvada keçirilən “Birlik kuboku”nu da məhz Kaxaber Tsxadadzenin başçılığı altında başı üzərinə qaldırmışdı.

Zaqatalanın “Simurq” komandasının tarixi ərzində aldığı yeganə mükafatı qazandıran mütəxəssisin Azərbaycandakı karyerasının uğurlu alındığını desək, mübaliğə çıxmaz. Nə də olsa, 2008/2009-cu illərdə Roman Pokoranın rəhbərlik etdiyi “Simurq”un çempionatı bürünc medalla başa vuracağını heç kim gözləmirdi. Məhz bu üzdən ukraynalı mütəxəssisin ölkəmizdəki karyerasını uğurlu saymaq olar.

2008/2009-cu illər mövsümündə paytaxtın “Bakı” komandasına qızıl medalları qazandıran Qyoko Haciyevski də ölkə futbolunun tarixinə düşən əcnəbi mütəxəssislərdəndir. Makedoniyalı məşqçinin “zolaqlılar”da özünü yaxşı tərəfdən göstərməsi AFFA-nın da milli komandamızı da Hacıyevskiyə əmanət etməsinə zəmin yaratmışdı.

Bir vaxtlar “Xəzər Lənkəran”da çalışan Mirça Rednikin adı hələ də cənublu azarkeşlərin dilindədir. Düzdür, “ağ-yaşıllar”ı çempionluq xaricində heç bir nəticə qane etmədiyindən ruminiyalı məşqçinin 2010/2011-ci illər mövsümüdə komandaya gümüş medal qazandırması geniş əks-səda doğurmamışdı. Amma o dövrdə “Xəzər Lənkəran”ın sərgilədiyi futbol hələ də azarkeşlərin yaddaşından silinməyibsə, deməli, Rednik Azərbaycanda iz qoymağı bacarıb.

Bəlkə də ölkəmizdəki karyerası uğurlu alınan əcnəbi çalışdırıcıların sırasını genişləndirmək də olar. Məsələn, 2004/05-ci illər mövsümündə “Turan”a son 17 ilin ən yaxşı nəticəsini – dördüncülüyü qazandıran Naci Şensoyu, 2005-ci ildə “MKT-Araz” komandasını ölkə kubokunun finalçısı kimi UEFA kubokuna daşıyan İqor Nakoneçnini və 2009/2010-cu illər mövsümündə “Bakı”da gümüş medal və ölkə kubokunu qazanan Cüneyt Biçəri də əlavə etmək olar, amma bununla belə, ölkə futbolunda iz qoyan yabancı məşqçilərin sayının az olduğu heç kimə sirr deyil.

Tural Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti