Ali Baş Komandanın rəhbərliyi ilə ərazilərimiz işğaldan azad olunur
1993-cü ilin yayında Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı. Bütün bunlara son qoymaq və ölkədə ictimai-siyasi sabitlik yaratmaq, cəmiyyətin ümumi təhlükəsizliyini təmin etmək üçün xalqınböyük əksəriyyətinin təkidli tələblərindən sonra Heydər Əlirza oğlu Əliyev Bakıya dəvət olundu. Ölkəni gözləyən real vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılmasına nail olan Heydər Əliyev ictimai-siyasi sabitlik yaradılmasını da təmin etdi. Ölkədə davamlı ictimai-siyasi sabitliyin yaradılması istiqamətində mühüm addımlar atıldı. İqtisadiyyatda tənəzzülə son qoyuldu və bütün bunlarla paralel olaraq Heydər Əliyevin 1993-cü ilin noyabrında ordunun vəziyyəti haqqında məşhur müraciəti hərb sisteminin formalaşdırılması prosesinin start nöqtəsi kimi tarixə düşdü. Çox keçmədi ki, Azərbaycan Silahlı Qüvvələri Horadiz istiqamətində erməni ordusunun mövqelərinə əhəmiyyətli zərbə endirdi. Nəticədə işğal olunmuş 20-dən çox kənd azad edildi. Horadiz əməliyyatı Azərbaycan ordusunun Qarabağ müharibəsi dövründə qazandığı ən böyük qələbə idi və bu, artıq Ermənistanda ciddi təşviş doğurmuşdu. Azərbaycanda hərbi quruculuğun çox sürətlə getməsi qarşı tərəfin işğalçılıq planlarını davam etdirmək arzusundan çəkindirdi və 1994-cü ilin may ayında Ermənistanın dövlət başçısı atəşkəs haqqında sazişin imzalanmasına razılıq verməli oldu.
Atəşkəs rejminin əldə edilməsinə baxmayaraq Ermənistan tərəfindən atəşkəs dəfələrlə pozulmuş, lakin düşmən tərəfi hər dəfə layiqli cavab alıb.
2020-ci ilin iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimizi ələ keçirməyə cəhd göstərmişlər. Tovuz və Qazax rayonları istiqamətindəki ərazilərimizdən Bakı – Tbilisi – Ceyhan əsas ixrac neft boru kəməri, Bakı – Tbilisi – Ərzurum qaz boru kəməri, Böyük ipək yolu, Bakı – Tbilisi – Kars dəmiryolu keçdiyi üçün yüksəkliklər təcavüzkar ölkə tərəfindən işğal ediləcəyi təqdirdə təhlükə altına düşərdi. Azərbaycan ordusu Ermənistanın bu istəyini də ürəyində qoydu.
Qeyd etmək lazımdır ki, ermənilərin ardı-arası kəsilməyən təxribatları, Ermənistanın əslində terrorçu dövlət olmasını hər kəsə açıq-aşkar nümayiş etdirir. Belə ki, bu gün diktaturanın hökm sürdüyü Ermənistanda hər hansı demokratik prinsiplərdən söhbət gedə bilməz. Bu baxımdan Ermənistanın Venesiya Komissiyasının tövsiyələrinə riayət etməməsi də təəccüblü deyildir.
Aprel döyüşlərində olduğu kimi, ermənilər, iyulun 12-də Tovuz istiqamətində gedən döyüşlərdə də ciddi itkilərlə üz-üzə qaldıqlarını mediadan gizlətməyə çalışırlar. Ermənilər bir qayda olaraq xaincəsinə qəfil hücumlar edərək mövqelərimizi ələ keçirməyə çalışırlar. Bu baxımdan 2020-ci ilin iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, ermənilərin ancaq mülki əhaliyə, hərbi postumuza atəş açmağa gücləri çatır ki, bu da onların çirkin və məkrli mahiyyətlərini ortaya qoyur.
Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Eyni gündə Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası, o cümlədən 12 ədəd "OSA" zenit-raket kompleksi aşkar edilərək məhv edilib.
Həmin dövrdən başlayaraq hazıradək Azərbaycanın düşmənə qarşı uğurlu hərbi əməliyyatları davam etdirilir. Düşmənin xeyli sayda hərbi texnikaları və canlı qüvvəsi məhv edilir, bir sıra ərazilərimiz düşmən tapdağından azad edilir. Lakin Ermənistan bizə hərbi meydanda cavab verə bilmədiyi üçün öz dırnağarası gücünü mülki əhaliyə, qadınlara, uşaqlara göstərməyə çalışır, heç bir hərbi obyektlərin mövcud olmadığı şəhər və rayonlarımızı raket atəşlərinə tutur və hərbi cinayətlərinin sayını artırmaqda davam edir.
Bu gün Azərbaycanın necə güclü orduya malik olması ermənilərə də məlumdur. Cənab Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli ordumuzun yüksək döyüş qabiliyyəti və cəsarəti sayəsində düşmən davamlı şəkildə məğlubiyyətə uğrayır və geri çəkilir, işğal olunmuş ərazilərimiz bir-birinin ardınca düşmən tapdağından təmizlənir.
Qarabağ Azərbaycandır!
Famil Kazımov
Hacıqabul rayon qeydiyyat şöbəsinin rəisi,
I dərəcəli ədliyyə qulluqçusu