Avropaya aparılan 129 kq heroin Biləsuvarda tapıldı - FOTOLAR
Həmin məlumata əsasən, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına yüksüz daxil olan, Türkiyə Respublikası vətəndaşı Karataş İmdatın idarə etdiyi “İveco” markalı, B979SAL/B876SAL dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və nəqliyyat vasitəsinə “Maylo” ləqəbli kinoloji xidmət iti tətbiq edilib. Xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının kabininə reaksiya verdiyindən yoxlama davam etdirilib və nəqliyyat vasitəsinə “Heimann Cargo Vision” rentgen qurğusunda baxış keçirilib.
Baxış zamanı avtomobilin kabinində - sürücü oturacağının arxa alt hissəsində şübhəli cizgilər müşahidə olunub. Şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirib.
Lakin yoxlama zamanı avtomobilin kabinində - oturacaqların arxa hissəsindəki yataq yerinin altında zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda sonradan kustar üsulla metal lövhələrdən hazırlanan düzbucaqlı formalı çənin içərisindən gömrük nəzarətindən gizlədilən, üzərlərində “GOLD 2018 TAK” yazısı olan cəmi 251 ədəd düzbucaqlı formalı, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 128 kq 689 qram təşkil edən bağlamalar aşkar olunub. Baxış zamanı bağlamalarda spesifik qoxu ilə müşayət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə - heroin olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Azvision.az