Qaranlıq söhbəti

Qaranlıq söhbəti
  04 Mart 2013    Oxunub:2499
Füzuli Sabiroğlu

Vədələşmişdik ki, telekanalnan üzbəüz beşmərtəbəli binanın zirzəmisindəki yeməkxanada görüşək. Danışdığımız vaxtdan düz on beş dəqiqə keçsə də, Sərvərin hələ heç izi-tozu da yoxuydu. Düzü, onun belə gecikməsi məni heç darıxdırmırdı da. Onsuz da deyilən vaxtda gəlib çıxacağına və ümumiyyətlə gələcəyinə yüz faiz əmin olmaq sadəlövhlük olardı. Ona görə də, həmişəki yerimdə - qapının ağzı tərəfdə küncə qoyulmuş iri akvariumun yanındakı stolda yerimi rahatlayıb, çay içə-içə balıqlara baxırdım.
Bu akvarium neçə il idi ki, buradaydı və yeməkxananın sahibi Rasim oradakı balıqları vaxtaşırı dəyişirdi. Ancaq mənim üçün bu balıqların bir-birindən heç bir fərqi yoxuydu. Hamısı gözəl, bərli-bəzəkli, bir-birindən maraqlı. 1-2 ay olardı ki, Rasim akvariuma 3 dənə cırtdan akula da buraxmışdı. Təzə-təzə akulalar hələ körpə idilər və həmcinsləri olan o böyük yırtıcılardan başqa nəyə desən bənzəyirdilər. Ancaq böyüdükcə bu balaca varlıqlar doğrudan da akulaya bənzəməyə başladılar. Onlara mənim yazığım gəlirdi. Həmişə fikirləşirdim ki, akvarium balığı olmağa bəlkə də dözmək olar, ancaq akvariumda akula olmaq əsl fəlakətdi. Yəqin ki, nə bu akulaların, nə də bu bərli-bəzəkli balıqların dünyada nəinki dənizlərin, okeanların heç balaca çayların, göllərin mövcudluğundan xəbərləri yoxdu. Həmcinslərinin bu dənizlərdə, okeanlarda yaşamaq uğrunda hansı mübarizəni apardığı bunların heç yuxularına da girməzdi. Bir də ki, nə veclərinə ey... Kompressor təmiz havalarını üfürür, Rasim də ki, vaxtlı- vaxtında yeməklərini verir.
Yox, deyəsən dostumun gəlmək fikri yoxdu. Bir beş dəqiqə də gözləyib gedirəm. Onsuz da danışdığımız vaxtdan düz yarım saat keçmişdi. Artıq əməlli-başlı əsəbiləşmişdim. İndi bundan sonra hünəri var gözümə görünsün. Elə bil qapının dalında dayanıb fikirlərimi oxuyurmuş. Bütün bunların beynimdən keçməsi ilə qapının ağzında peyda olmağı bir oldu.
Ayağını yeməkxananın kandarından içəri qoymasından yeməkxananın işıqları söndü... “Ayağın dağlansın”. Yeməkxananın yuxarı başından kimsə onun gəlişi şərəfinə replika atdı.
Akvariuma hava vuran kompressorun səsi kəsildi. Qəribə də olsa bayaqkı replikanı cavabsız qoydu və sakitcə keçib mənimlə üzbəüz oturdu.
“Nuş olsun...” - cavab vermək nədi, bu saat görmək istəmədiyim bir adam vardısa o idi... “Niyə burnunu sallamısan? Nə olub yenə?” Özünə çay süzə-süzə soruşdu. Onsuz da əlindən yığmışdım. Ancaq qəribədi ki, üzünün elə astanada işıq sönənə qədər görünüb yox olması öz işini görmüşdü. Bayaqdan içimi dağıdıb parçalayan qəzəbim deyəsən get-gedə soyuyurdu. Bu adamın üzündə şeytan tükü var deyəsən... Ona nə qədər əsəbiləşsən də üzünü görüb bir kəlmə danışan kimi adam olur mum kimi. Bunu deyəsən özü də bilir... Ona görə də özünə belə arxayındı...
“Nə oldu yazı?”- arxayın-arxayın, ərklə soruşdu. “Nə yazı?”- heç olmasa özümü bilməməzliyə vurmaqnan ondan qisas almaq istədim. Yox... Deyəsən bu nömrəm də alınmadı... “Necə yəni nə yazı? Dolamısan məni? Hələ avqustda yazıb çap elətdirməliydin. Dekabrdı səndən xəbər yoxdu”.
Avqustda əlli yaşı tamam olmuşdu. Mən də heç bilmirəm necə oldu ki, bir dəfə “Sənin yubileyinə bir yazı yazacam” demişdim. Sözün düzü, yazmaq istəyirdim, ancaq zalımın bəxtinnən o qədər başım qarışdı ki, sonradan tamam unutdum. İçimdəki qəzəb deyəsən tamamilə yoxa çıxmaq üzrəydi. Gözləmək olmazdı. Orda- burda öləziyən bir iki köz də tamam sönüb külə dönməmiş körükləyib alovlandırmaq lazımıydı. “O nə planlardı çəkmisən? Bir dənə əmələ yarayan kadr yoxdu. Səhərdən montajda zülüm çəkir uşaqlar”. Qaranlıqda üzü görünməsə də yerində qurcuxmağından hiss elədim ki, sözüm hədəfə dəyib. “Rejissor nə göstərib onu da çəkmişəm... Mənlik bir şey yoxdu...”
Vəssalam da... Həmişəki bəhanələr... Ancaq insafa qalsa, zalım düz deyir. Rejissor çəkiliş meydançasında nə çəkdiyini bilmirsə... Bunun işləməyinə bələdəm. İnsafən görəcəyi işi düzgün izah eləyəndə, operator kimi yaxşıdır. Ancaq yox hücumu dayandırmaq olmazdı. “Elə sənin kimilərin ucbatından Azərbaycan kinosu bu günə düşdü da. O boyda kinostudiyanı böyrü üstə qoydunuz”. (Heç dəxli var? Bu yazığın nə günahı.)
- Yaxşı görək, kinostudiya nə sənlikdi, nə mənlik. De görüm neyniyirdin məni?
- A kişi, neyniyəcəm səni? Hər görəndə soruşursan yazı nə oldu... Ancaq demişdim ki, özün haqqında, çəkdiyin filmlər haqqında qısaca da olsa yaz gətir. Nə oldu bəs?
- Nə yazacam ey. Mən deyim, sən bir-bir yadında saxla. Quliyev Sərvər Rəşid oğlu... Bunları bilirsən. 1958-ci il avqustun 16-da Balakən rayonunda, sürücü ailəsində anadan olmuşam. 1965-75-ci illərdə Nizami adına orta məktəbdə təhsil almışam. 1977-79-cu lillərdə Sovet ordusunda hərbi xidmətdə olmuşam. 1979-cu ilin noyabr ayında “Azərbaycanfilm” kinostudiyasına fəhlə kimi işə düzəlmişəm. 1980-ci ildən “Xronikal, sənədli filmlər” studiyasında operator asissenti kimi fəaliyyətə başlamışam. 1984-cü ildən göndərişlə Moskava Dövlət Kinomatoqrafiya İnistitunun operatorluq fakültəsində qiyabi təhsil almışam. Oxuya-oxuya sənədli filmlərdə operator asissenti, bədii filmlər üzrə II operator işləmişəm. Sənətdə ilk müəllimim Hüseyin Mehdiyev olub. “Babamın babasının babası”, “Tənha narın nağılı”, “Köhnə bərə” və “Hər şey yaxşılığa doğru” filmlərində operator asissenti, “Şəhərli biçinçilər”, “Evlənmək istəyirəm”, “Kişi sözü”, “Sarı gəlin”, “Qəm pəncərəsi” , “Güllələnmə təxirə salınır”, “Qətl günü”, “Ovsunçu”, “Ölsəm bağışla”, “Ağ atlı oğlan”, “Dağıdılmış körpülər” (ABŞ-Azərbaycanfilm), “Tələ” filmlərində operator, “Qara volqa”da quruluşçu operator olmuşam. Daha sənədli filmləri, “Mozalan”ı saymıram. Hal-hazırda da Lider TV-də operator işləyirəm. Bəs eləyər?
Qəribədi, onun belə səlist danışdığını heç görməmişdim. Zalım elə bil sözləri ya əzbərləmişdi, ya da kağızdan oxuyurdu. Qəribədi ki, bu anda onun sifətində hansı ifadənin olduğunu görmək istəyirdim. Çünki, çəkdiyi filmlərin adlarını sadalamağa keçəndə onun səsinin necə titrədiyini hiss eləmişdim.
Araya bir müddət sakitlik çökdü. Getdikcə gözüm qaranlığa alışdığından, artıq akvariumun içindəki balıqları güclə də olsa, seçmək olurdu. Xüsusən də sürətlə ora-bura şütüyən üç qara kölgə daha aydın seçilirdi. Bunlar yəqin cırtdan akulalar idi. Çox güman ki, qaranlıqda qalmaları onları bərk narahat edirdi.
Cibindən siqaret çıxarıb yandırdı. Yadıma təxminən bir il əvvəl elə beləcə soyuq bir gündə hansısa rayondan ezamiyyətdən qayıdanda yolda elədiyi söhbət düşdü. Sərvərlə adətən nə barədəsə ciddi bir söhbət eləmək müşkül məsələdi. Ancaq həmin gün nədənsə möhkəm dolmuşdu. Hətta bir az da kövrəlmişdi də elə bil. Kinostudiyada işlədiyi illər yenə də yadına düşmüşdü. Onda hər şeydən, hamıdan danışdı bircə özündən başqa. Düzü bu söhbət mənim özümü də bərk tutmuşdu. Elə ondan sonra Sərvər haqqında yazmaq fikrinə düşmüşdüm.
Əslində yazacağım yazı sırf Sərvərin özü haqqında yox, onunla bir dövrdə kinoya gələn insanlar haqqında olmalıydı. Kinonu fanatcasına sevən, sənətdə birinci addımlarını atdıqları anda zamanın hökmü ilə yarı yolda qalan və bu gün artıq yaşları 50-ni haqlamış bu “gənc”lərin uğursuz taleyi mənə yaman təsir eləmişdi.
- Vəssalam?
- Ayrı nə lazımdı ki, şükür allaha, hamıdan yaxşı tanyırsan məni, döşə getsin da...
- Kinostudiyaya çağırsalar gedərsən?
Bu sualı bəlkə də gözləmirdi. Bir xeyli fikirə getdi.
- Bilmirəm, yəqin ki, yox. Orda mənlik bir iş yoxdu. Bir də ki, burda mənim üçün daha rahatdı. Müdiriyyət, kollektiv az-çox tanıyır. Üzüm-gözüm öyrəşib.
Yarımçıq siqaretini külqabına basıb qəfildən ayağa durdu.
- Yaxşı, sağ ol, mən getdim. Bir azdan çəkilişə çıxmalıyam. Gedim kameranı götürüm. Ancaq xahiş eliyirəm o sənə verdiyim şəkilləri üzünü çıxarandan sonra qaytar. Hər halda xatirədi o illərdən.
İndi deyəcəm inanmayacaqsınız... Sərvərin yeməkxanadan çıxması ilə işıqların yanmağı bir oldu. Ancaq nə təəccüblənməyə, nə də baş verənlərə mistik bir məna verib düşüncələrə dalmağa imkan tapmamış gördüyüm mənzərə məni dəhşətə gətirdi.
Akvariumda sanki fırtına baş vermişdi. Bulanmış suyun dibinə çöküb orda-burda gizlənməyə çalışan balıqların hamısının bərli-bəzəkli, al-əlvan üzgəcləri didilib parçalanmışdı. Ora-bura şütüyərək, onlardan gizlənməyə çalışan balıqların üstünə şığıyan akulalar isə özlərini adlarına yaraşan əsl yırtıcı kimi aparırdılar... Artiq işıqların yanması, hava kompressorunun işə düşməsi də onların vecinə deyildi.


Teqlər:  





Xəbər lenti