26 yaşlı üçqat dünya çempionu: Hacı həm də xanəndə imiş... (VİDEO)

26 yaşlı üçqat dünya çempionu: Hacı həm də xanəndə imiş... (VİDEO)
  26 Avqust 2017    Oxunub:26387
Ötən gün Azərbaycan güləşçisi Hacı Əliyev Parisdə keçirilən dünya çempionatında qızıl medal qazanaraq rekorda imza atıb. Güləşçimiz müstəqil Azərbaycan tarixində 3 qat dünya çempionu olan ilk güləşçi kimi adını tarixə yazdıra bilib. Hacı bundan əvvəl 2014-cü ildə Daşкənddə, 2015-ci isə ildə Las-Veqasda keçirilən Dünya Çempionatının qalibi olub.
AzVision.az-ın məlumatına görə, Hacı Azər oğlu Əliyev 21 aprel 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. 1997-2008-ci illərdə Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbdə təhsil alan Hacı Əliyev 2008-2012-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTDİ) ali təhsil alıb. Güləş müəllimi olan atası Hacının böyük idmanda olmasını istəyib. Hacı Əliyev 1999-cu ildə böyük qardaşı Yaşar Əliyevlə birlikdə sərbəst güləşlə məşğul olmağa başlayıb. Ailədə ilk böyük uğuru elə qardaşı qazanıb.



Yaşar Əliyev 2013-cü ildə Avropa Çempionatında bürünc medal qazanıb. Hacı isə ilk uğurunu 2008-ci ildə Türkiyədə yeniyetmələr arasında keçirilən "Qələbə Kuboku" turnirində qazanıb. O, həmin yarışın bürünc medalçısı olub. Bundan sonra Hacı yeniyetmələr arasında Avropa Çempionatının və gənclər arasında Azərbaycan Çempionatının gümüş medalını qazanıb. Həmçinin ölkə daxilində keçirilən müxtəlif yarışlarda birinci olub. 18 yaşında (2009-cu ildə) Azərbaycan Kubokuna sahib olan Hacı Əliyev yığmaya dəvət olunub. Bundan sonra bir sıra yarışlarda uğur qazanıb.

2014-cü ilin Avropa çempionu olan Hacı Əliyev 2015-ci ildə I Avropa Oyunlarının və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarının bürünc medalçısı olub.



Bu uğurlardan sonra Hacı 2015-ci ildə "Tərəqqi" medalı, 2016-cı ildə isə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilib. O, həmçinin 2014, 2015 və 2016-cı illərdə Gənclər və İdman Nazirliyinin təsis etdiyi "İlin ən yaxşıları" mükafatına layiq görülüb.



Hacı Əliyev güləşlə yanaşı pianoda ifa edir, məlahətli səsilə xalq mahnılarını oxumağı bacarır.




2014-cü ildə ailə həyatı quran güləşçinin Aişə adında qız övladı var.









Anar Kəlbiyev
AzVision.az


Teqlər: Hacı-Əliyev   Güləş   Dünya-Çempionu  





Xəbər lenti