Zalım fələk Bayramı aldı getdi... - Meyxanaçı AzTV-də işləyibmiş

Zalım fələk Bayramı aldı getdi... - Meyxanaçı AzTV-də işləyibmiş
  23 Avqust 2017    Oxunub:25298
Tanınmış meyxana ustadı Bayram Kürdəxanılı (Bayramqulu Quliyev) faciəvi şəkildə ölüb.

AzVision.az-ın məlumatına görə, meyxanaçı Kürdaxanı qəsəbəsində toy mərasimindən çıxandan sonra onu qəsəbə sakini Emin Fərhadov tərəfindən idarə olunan "Peugeot" markalı avtomobil vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Sürücü E.Fərhadov saxlanılıb, onun barəsində cinayət işi başlanılıb.



Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1961-ci ilin dekabrın 31-ində Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Meyxana sənətinə kiçik yaşlarından gəlib. İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazıb. Əsgərlikdən qabaq da şeir deyən Bayram, bunu sonra da davam etdirir. 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib.

Tanınmış meyxana ustası maraqlı qafiyələri ilə də yadda qalıb. Onun “Yeyib içən oğlan yaman olmaz”, Nə oldu sənə?”, “Sözün düzünü deyəcəyəm, çəksələr də darə məni”, "Zalım fələk Əşrəfi aldı getdi" və bu kimi məşhur qafiyələri tarixə düşüb.



Bayram Kürdəxanılı 3 il öncə həbs həyatı yaşayıb. Belə ki, meyxanaçı 2014-cü il iyulun 12-də Sabunçu rayonu Bakıxanov qəsəbəsində, “Nilufər” şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib. Bundan sonra Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanılıb. Elə həmin ilin noyabrın 14-də Sabunçu Rayon Məhkəməsi Bayram Kürdəxanlıya təqsirləndirildiyi maddə üzrə 1 il həbs cəzası verib. Tanınmış meyxanaçı 3 fevral 2015-ci ildə həbsdən azad edilib.



Bayram Kürdəxanılı heç vaxt ailə qurmayıb və övladı yoxdur. Meyxanaçı evlənmədiyinə görə peşman olmadığını söyləyib.





Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bayram-Kürdəxanılı   Meyxana  





Xəbər lenti