Hərbi qulluqçularla görüşlər keçirilib

Hərbi qulluqçularla görüşlər keçirilib
  19 Avqust 2017    Oxunub:2060
Gəncə Qarnizonu Zabitlər Evinin Səyyar Təbliğat dəstəsi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə, o cümlədən ön xətdə döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşlər zamanı səyyar təbliğat dəstəsinin üzvləri müxtəlif mövzularda əsgərlərlə söhbətlər aparıb, hərbi qulluqçuların döyüşə hazırolma vəziyyəti, əsgər və zabitlərin mənəvi-psixoloji durumu, sosial-məişət şəraiti, tibbi xidmət, qidalanma və digər məsələlərlə tanış olublar.

Ziyarətin başlıca məqsədi hərbi qulluqçuların mənəvi-psixoloji ruhunu yüksəltmək üçün mədəni-kütləvi tədbirlərin keçirilməsi, hərb tariximizin öyrənilməsi, hərbi ənənələrin təbliği, müharibə veteranlarını gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə daha fəal cəlb etmək və vətəndaşlıq borcunu yerinə yetirən şəxsi heyətə mənəvi dəstək olmaqdır.



Hərbi qulluqçularla keçirilən görüşlərdə döyüş hazırlığında nizam-intizamın, hərbi biliklərin, peşəkarlığın vacibliyi və mənəvi-psixoloji hazırlıq mövzularında söhbətlər aparılıb, “Vətən Uğrunda” Səyyar Təbliğat dəstəsinin avtoklub maşını vasitəsilə hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.

Tədbirlərdə Qarabağ müharibəsi Veteranları Dilqəm Əliyev, İlham Əliyev, Valeri Behmetov, Əlyar Novruzov, Ülvi Xəlilov, Veysəl Əliyev, Fəxrəddin Məmmədov və Əli Ziyadov ön xətdə düşmənlə üz-üzə dayanmış şəxsi heyətlə mütəmadi görüşlərə böyük məmnuniyyətlə gəldiklərini bildirərək, əsgərlərə müharibə dövrü ilə bağlı xatirələrini danışıb, bilik və təcrübələrini bölüşüblər. Birgə həyata keçirilən belə tədbirlərin mənəvi-psixoloji təsiri və əhəmiyyəti nəzərə alınaraq bu xarakterli görüşlərin davamlı olmasının vacibliyi qeyd edilib.

Daha sonra əsgərlərlə hərb tarixi mövzusunda viktorina keçirilib. Musiqi dəqiqələri ilə davam edən görüşlər, idman yarışları ilə yekunlaşıb.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti